Mərkəzi Bankın bu addımı qiymət artımına səbəb olacaq - Ekspert

Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir.
 
Cari ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq edib və bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formallaşmasına şərait yaradıb.

Ancaq ekspertlər bunu Mərkəzi Bankın dediyi kimi qiymətləndirmirlər. Ekspertlər hesab edir ki, Mərkəzi Bankın uçot dərəcəsini 9.5 faizə qaldırması son hədd deyil və bu davamlı olacaq. Çünki iqtisadiyyata manat lazımdır, əks halda qansız bədən olacaq?! Buna görə də Mərkəzi Bank banklara manat kreditləri verməyə məcburdur. Amma bu kreditlərin banklar tərəfindən necə istifadə olunmasına nəzarət edə bilmir. Çünki sistemi korrupsiya və özbaşınalıq bürüyüb. Buna görə də fərasətli banklar Mərkəzi Bankdan aldıqları ucuz manatı dollara çevirib devalvasiyanı gözləyirlər ki, müftə pul qazansınlar. Amma təbii 9,5 faiz də devalvasiya riski qarşısında heç nədir. Azı 35 faiz devalvasiya olan ölkədə kredit üçün 9,5 faiz nədir axı?! Odur ki, uçot dərəcəsi yenə artacaq. Bunun mənfi cəhəti isə odur ki, sahibkarlar üçün kreditlər yenə bahalaşacaq. Sahibkarın xərci artdıqca, qiymətlər də qalxacaq. Yəni, xalqın güzəranı daha da pisləşəcək. Digər tərəfdən isə Azərbaycan iqtisadiyyatı dinamik şəkildə tənəzzülə doğru gedir. Mərkəzi Bank hələ də hesab edir ki, bu yolla vəziyyətdən çıxmaq olar. Ancaq bu, çıxış yolu deyil. Sadəcə, Mərkəzi Bank gördüyü işin mahiyyətini anlamır.

"Cümhuriyət”ə şərhində iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Mərkəzi Bankın atdığı addım doğru deyil. Onun sözlərinə görə, Mərkəzi Bankın uçot dərəcəsini qaldırması qiymət artımını stimullaşdıracaq: "Əslində, Mərkəzi Bank uçot dərəcəsini qaldırmaqla manatın ölkə hüdudlarında nisbətən möhkəmləndirməyi hədəfləyir. Amma bu ardıcıl olaraq ölkədə qiymət artımının stimullaşmasına xidmət edir. Ona görə də hesab edirəm ki, Azərbaycan hökumətinin indiki məqamda bu alətdən istifadə etməsi təqdirəlayiq deyil. Bundan əlavə isə bu qərar ümumi inflyasiya xofu yaradacaq. Əvvəllər belə bir fikir səsləndirilirdi ki, Azərbaycanda uçot dərəcəsinin qaldırılması o qədər də ciddi əhəmiyyətə malik deyil. Çünki Azərbaycan Mərkəzi Bankı kommersiya bankları üçün donor təşkilat sayılmır. Ona görə də bu əhəmiyyətsiz məsələ kimi qələmə verilirdi. Amma hazırda uçot dərəcəsinin qaldırılması manatla olan kreditlərin bahalaşmasına və sahibkarların kreditə çıxışının məhdudlaşdırılmasına səbəb olacaq. Digər tərəfdən də kreditlər baha olduğu üçün, sahibkarların istehsal, idxal etdiyi məhsulların qiyməti artacaq. Ümumi götürdükdə hesab edirəm ki, uçot dərəcəsinin qaldırılması lazımsız addım idi. Manatın möhkəmləndirilməsi istiqamətində qısa yollar axtarmaq lazımdır deyil. Bu cür yollar hər zaman sonda uğursuzluğa səbəb olur. Manatın möhkəmləndirilməsi üçün Azərbaycan hökuməti ənənəvi vasitələrdən istifadə etməlidir. Bu bir qədər uzun olsa da, ən optimal yoldur. Daxili istehsalı, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq və inhisarçılığı, korrupsiyanı, rüşvəti aradan qaldırmaq vacibdir. Yalnız bunlardan sonra iqtisadiyyat inkişaf etdikcə manatın da dəyəri öz real qiymətinə çatacaq”.

İqtisadçı-alim Vüqar Bayramov isə bildirib ki, Mərkəzi Bankın uçot stavkasını 9.5 faizədək yüksəltməsi qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini daha da aktuallaşdırıb: "Dollar ilə cəmi 3, milli valyuata da yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Son müflis olan 4 bankda da ən ciddi problem məhz qorunmayan əmanətlərin geri qaytarılması ilə bağlıdır. Həmin əmanətlərin qorunmaması isə məhz sığortalanan əmanətlərdə dividentlərə olan limit faizi ilə bağlıdır. Rəsmi uçot stavkası artıq iki rəqəmli həddə yaxınlaşdığı üçün milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin 18 faizədək artırılmasına ehtiyac var. Bu manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər”.

MediaFax