Mərkəzi Bank məzənnə siyasətini dəyişir?

Dünənki hərraca 300 milyon dolların çıxarılması və bu kontekstdən valyuta bazarında proseslərin necə dəyişəcəyi ən çox verilən suallardandır.
 
İqtisadçı Vüqar Bayramovun növbəti şərhi məhz bununla bağlı olub.
 
Ekspert əvvəlki günlərdə Mərkəzi Banka hərraca məhz 300 milyon dollar çıxarmağı təklif etdiyini xatırladıb:
 
"Əvvəlla, mən Mərkəzi Banka hərraca 300 milyon dollar çıxarmağı təklif etmişdim. Mərkəzi Bank bunu reallaşdırdı və təklif etdiyim məbləğdə valyutanın hərraca gətirilməsi təmin olundu, amma bunu çox gec etdi. Bu yubanma isə valyuta bazarında ciddi dollar qıtlığı yaratdı.
 
Əslində, Mərkəzi Bank zamanında təklifləri nəzərə alıb istifadə etsəydi, valyuta bazarında son 1 aydakı vəziyyət də müşahidə edilməzdi.
 
İkincisi, qeyd etmişdim ki, kommersiya bankların sifarişi süni tələbdir. Banklar sifarişi şişirdirdilər ki, Dövlət Neft Fondunun 50 milyon dollarlıq satışından mümkün qədər çox valyuta cəlb edə bilsinlər.
 
 

Nəticədə, əvvəlki hərraclarda milyard dollara yaxın tələb ilə çıxış edən banklar dünən cəmi 340 milyon dollar istədilər. Niyə? Çünki öncədən hərraca 50 milyon deyil, 300 milyon dolların gələcəyini bildilər və reala yaxın tələb ilə çıxış etdilər.
Halbuki bir neçə gün öncə 700 milyon dollara iddia edirdilər. 50 milyon dollar satılanda 700 milyon dollar istəyən bankların 300 milyon dollar hərraca çıxarılanda sifarişlərini niyə 2 dəfə azaltdılar sualının cavabı da budur.
 
Eyni zamanda, kommersiya bankları tələbin ödəniləcəyi halda marjla daha az spekulyasiya edəcələrini də bilirlər”.
 
V.Bayramov qeyd edib ki, dollar qıtlığının aradan qaldırılması yalnız tələbin ödənilməsi hesabına baş verə bilər:

"Əgər tələb ödəniləcəksə, o zaman dollar məhdudiyyətsiz satılacaq. Amma mövcud ehtiyatlar hesabına tələb daimi ödənilə bilərmi və eləcə də uzun müddətli dövrdə buna ehtiyac varmı? Təbii ki, ən məqbul yol bazarın özünün yaranan tələbi qarşılamasıdır.
 
Valyuta bazarında proseslər necə davam edəcək?
 
Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatları var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib.
 
Neft Fondu büdcə öhdəlikləri başa çatanadək hərraclara çıxacaq. Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq.
 
Böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma dollara olan tələbin yenidən artacağı gözləniləndir. İdxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Bütün hallarda isə güman edilir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək və əslində bu da qaçılmazdır.

Çünki, liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə sadəcə qısa müddət qalıb”./modern.az/

MediaFax