“Mən müxalifətəm” deyib daxili sabitliyi pozmaq olmaz - Mütəllibov

Bu ilin oktyabrının 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 ili tamam olur.

Müstəqillik deyəndə vətəndaşın azadlığı, dövlətçilik meyarlarına söykənməsi, hüquqlarının qorunması, ənənələrə, dəyərlərə qayıdış kimi vacib yaşayış nəzərdə tutulur.

70 illik sovet hakimiyyətinin tərkibində əzilən xalqlar arasında biz də da olmuşuq. Amma Azərbaycan vətəndaşı kimi deyil, sovet vətəndaşı kimi. Öz pulumuz, öz ordumuz, bir sözlə özgürlüyümüz olmayıb.

Və nəhayət, xalqımız 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa edib.
 
Bir millət, xalq üçün müstəqillikdən şirin nemət ola bilməz. Bəs, cəmiyyətimizdə bu 25 il necə dəyərləndirilir?
 
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov (məhz onun prezidentliyi dövründə müstəqillik aktı imzalanıb) Modern.az-a açıqlamasında ötən 25 ildə qazadıqlarımızı və itirdiklərimiz belə şərh edib:
 
"Müstəqillik çox əlamətdar hadisədir. Ötən 25 ildə biz xalq olaraq müstəqilliyimizi möhkəmləndirdik. Bu, Azərbaycan tarixində mühüm hadisədir. İllərlə, əsrlərlə  apardığımız mübarizənin nəticəsi olaraq istəyimizə nail ola bildik. 1991-ci ilin oktyabrında Azərbaycanda ictimai-siyasi vəziyyət pis idi, amma biz elə mürəkkəb, çətin vəziyyətdə müstəqilik aktına imza atdıq. 25 il ərzində Azərbaycan sözün yaxşı mənasında xeyli dəyişdi.
 
Keçid dövrünü uğurla adladıq. Çətinliklərimiz oldu. Əsas odur ki, demokratiyaya, müstəqil dövlətə  sahib olduq. İndi Azərbaycan müstəqil dövlət olaraq oturuşub. Öz sözünü deyir, müstəqil siyasətini yürüdür”.

Ayaz Mütəllibovun fikrincə, müstəqil Azərbaycanın 25 ildə qazandıqları gerçəkdən böyük bir tarixdir.
 
"Bilirdik ki, müstəqilliyimizi əldə edə bilsək, tarix yazacağıq. Elə də oldu. 25 ildə yeni-yeni dost ölkələr qazandıq. Demək olar ki, qarşıya qoyulan bütün  məsələlərin öhdəsindən gələ bildik. Ümumilikdə, Azərbaycanın həyatında böyük dəyişikliklər baş verdi.
 
Bu, ona zəmin yaradır ki, bizim müstəqil dövlətimiz illər, əsrlər keçsə də xalqına xidmət edəcək. Çətinliklə əldə olunan dövlətin geosiyasi proseslərdə aktiv iştirakı, qonşu dövlətlərlə sıx təmas qurması, beynəlxalq təşkilatlara sözünü çatdıra bilməsi böyük uğurdur. İndinin özündə də Azərbaycana qarşı dünya dövlətlərinin münasibəti müsbət xarakter daşıyır”.

Bu 25 ildə itirdiklərimizə gəlincə, eks-prezident Qarabağ problemini xüsusi qabardıb.
 
"Demokratiya uğrunda mübarizə bayrağını əldə tutaraq ölkənin daxilində bəzi məsələlərə ciddi yanaşmadığımız vaxtlar olub. Xüsusilə, Qarabağ münaqişəsinin bizə çox böyük təsiri oldu. Təəssüflər olsun ki, Qarabağ 25 ildə ən böyük problem olub. Ona görə də  bu məsələdə daxili narazılıqları kənara qoymaq lazımdır.
 
"Mən müxalifətəm”- deyib daxili sabitliyi pozmaq olmaz. Başlıca vəzifəmiz birgə addımlamaq olmalıdır. Ölkə daxilində sabitliyin qorunmasında  hər birimiz maraqlı olmalıyıq. Siz təsəvvür edin, Azərbaycanın Qarabağ problemi olmasaydı, necə olardı? Azərbaycan dünyanın liderlərindən olardı. Ancaq yenə də qeyd etmək istəyirəm, xalq üçün müstəqillikdən şirin, gərəkli başqa bir şey yoxdur”./modern.az/

MediaFax