Məmurlara qarşı sanksiya yenidən gündəmə gəlir?

Mehman Əliyev: ""Human Rights Watch”un hesabatında Azərbaycanla bağlı çağırışa bir siqnal kimi baxmaq lazımdır”; Məlahət İbrahimqızı: "Bu təşkilat Azərbaycana qarşı qərəzlidir” 

"Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Azərbaycan haqda oktyabrın 20-də açıqladığı son hesabatda kəskin tənqidlər əksini tapıb. "Təqib, həbs, sürgün: Azərbaycan hökumətinin tənqidçilərinə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyətinə davamlı basqısı” başlıqlı 75 səhifəlik hesabatda hökumətin vətəndaş cəmiyyətinin dağıdılması istiqamətində göstərdiyi cəhdlərdən bəhs edilib (AzadlıqRadiosu). HRW Azərbaycanda həbslərin artmasını ölkədəki iqtisadi böhran, devalvasiya, inflyasiya, eləcə də prezidentin səlahiyyətlərini artıran konstitusiya dəyişiklikləri ilə bağlı narazılığın güclənməsi ilə izah edir.

Hesabatda iddia edilir ki, hökumət tənqidçilərin və müstəqil qrupların sərt şəkildə susdurulması və təqibini davam etdirir.

"HRW araşdırmalar nəticəsində üzə çıxarıb ki, 2016-cı ildə Azərbaycan hökuməti, ən azı, 20 siyasi fəalı, o cümlədən gəncləri həbs edib. Siyasi fəalları, eləcə də jurnalistləri məhkəməyə çəkmək üçün qondarma, siyasi motivli inzibati və cinayət ittihamlarından yararlanıb. Fikirlərinə görə tutulanlar qanunsuz narkotik maddə saxlamaqda, ya da qanunsuz biznes fəaliyyətində günahlandırılıblar. Bəzi fəallar isə Türkiyədə çevrilişə cəhddə ittiham olunan ilahiyyatçı Fəthullah Gülənlə əlaqədə təqsirləndirilərək həbs edilib” - hesabatda deyilir.

Təşkilat Azərbaycan hökumətini təcili ölçü götürməyə, siyasi məhbusları, ictimai fəalları, jurnalistləri və hüquq müdafiəçilərini azad etməyə, hökuməti tənqid edənlərin və onların yaxınlarının təqibinə, vətəndaş cəmiyyətinin susdurulmasına, Azərbaycan xalqının sərbəst birləşmək azadlığına müdaxiləyə son qoymağa, QHT-lərlə bağlı qanunlara düzəliş etməyə çağırıb.

Beynəlxalq aləmə gəlincə, HRW bəzi ölkələrin Azərbaycanın strateji mövqeyi və resurslarına üstünlük verdiyini, ona görə də hökumətin insan haqları öhdəliklərinə əməl etməməsinə göz yumduğunu vurğulayır. HRW Avropa Birliyi və Birləşmiş Ştatları Azərbaycan hökumətinə qarşı ciddi tədbirlər görməyə, Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, maliyyə institutları da daxil olmaqla, müxtəlif vasitələrdən istifadə edərək hökumətin vətəndaş cəmiyyətinə hücumunu dayandırmağa səsləyib.

Bəs "Human Rights Watch”un sanksiya çağırışı ciddiyə alınmalıdırmı? Bu çağırış Avropa Birliyinin və ABŞ-ın mövqeyinə təsir göstərə və sanksiya məsələsi yenidən gündəmə gələ bilərmi? 

"Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, "Human Rights Watch” dünyada qəbul edilən, Vaşinqton tərəfindən ciddiyə alınan təşkilatlardandır. Digər tərəfdən, bu cür təşkilatların çağırışları adətən çağırış edilən dövlətlərin və beynəlxalq qurumların maraqları ilə üst-üstə düşür: "Hesab edirəm ki, Azərbaycan yenə verdiyi hansısa vədləri yerinə yetirməyib, gözləntiləri doğrultmayıb, ona görə də sanksiya məsələsi ortalığa çıxıb. Əgər vəziyyət belə getsə və son iki ildə gedən prosesə baxsaq görərik ki, Qərbin Azərbaycanla bağlı bu dəfə mövqeyi qətidir, artıq oynamaq fikrində deyillər. Bu heç də bizim ölkəmiz üçün yaxşı nəticəyə gətirməyəcək. Böhran getdikcə dərinləşir, vəziyyət ağırlaşır və bu gediş çox böyük sarsıntılara gətirib çıxara bilər. Odur ki, ”Human Rights Watch"un hesabatında Azərbaycanla bağlı çağırışa bir siqnal kimi baxmaq lazımdır. Bu siqnala barmaqarası baxmaq lazım deyil, bilmək lazımdır ki, narahatçılıq var və bu narahatçılığı aradan götürmək lazımdır. Azərbaycandan, İlham Əliyevdən inqilabi islahatlar istənilir. Bunu Azərbaycanın inkişafı üçün istəyirlər. ABŞ 20 ildən artıq müddətə Azərbaycana xeyli dəstək verib. ABŞ-ın Azərbaycanın demokratikləşməsində marağı var. İndi üzərindən bu qədər müddət keçib və baxıb görürlər ki, gözlədikləri reallaşmayıb, əksinə, vəziyyət pisləşib və artıq Azərbaycanda gərgin bir durum yaranıb. Ona görə də sanksiya məsələsi gündəmə gələ bilər".    

"Human Rights Watch”un hesabatının hansı mənbələrdən əldə edilməsinə, kimlərin ötürdüyü məlumatlar əsasında hazırlanmasına gəlincə, M.Əliyev öncə dedi ki, hesabatda əslində reallıqlar əksini tapır, məlumatları isə əldə etmək indiki dövrdə çox asandır: "Onlar sorğular, monitorinqlər aparırlar. Azərbaycanda gedən prosesləri, məhkəmə işlərini, həbsləri, insan hüquqları ilə bağlı baş verən hadisələri sosial şəbəkələrdən, mediadan da izləyirlər. Eyni zamanda siyasi partiyaların, müxtəlif təşkilat və şəxslərin məlumatlarını əldə edirlər. Konkret kimlər olduğu barədə isə məndə məlumat yoxdur. Azərbaycandan çoxlu sayda keçmiş siyasi məhbuslar, hüquq müdafiəçiləri, jurnalistlər bu gün Avropa ölkələrində yaşayırlar. Onlar da Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı proseslər, hadisələr barədə məlumatları toplayırlar və onların da məlumatlarından hesabatların yazılmasında istifadə edilir. Eyni zamanda Azərbaycandakı səfirliklərin də məlumatlarından hesabatların hazırlanmasında istifadə edilir”.

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Məlahət İbrahimqızı isə AzadlıqRadiosuna bildirib ki, "Human Rights Watch”u Azərbaycana qarşı qərəzli hesab edirlər, hesabatı da ciddiyə almırlar: "Bu təşkilat neçə illərdir ki, qərəzli mövqe tutur. Dünyada hər bir təhlil müqayisə ilə verilir. O təşkilatlar Orta Doğuda onlarla terror qruplarına, Ukraynada baş verənlərə, Aralıq dənizində suda batan yüz minlərlə qaçqın, uşaqlar, körpələr, qadınlar var, onlarla bağlı münasibət bildirsinlər. Ya da Amerikanın özündə qaradərililərə münasibətdən danışsınlar, insan haqları onların özündə pozulur".

MediaFax