Məktəblərdə istilik problemi - Həll olundumu?

Məktəblilərin payız tətili bitdi və dərslər artıq başlayıb. Ancaq bir sıra məktəblərdə uşaqlar təəssüf ki, soyuqdan dona-dona dərs keçmək məcburiyyətində qalırlar. 

Çünki  "Azəristiliktəchizat” ASC tərəfindən noyabrın 15-dən qış rejiminə keçidlə bağlı bütün məktəblərin istiliklə təmin ediləcəyi deyilsə də, bir sıra məktəblərə hələ də istilik verilməyib. 

Bu cür məktəblərdən olan Biləcəri qəsəbəsində yerləşən 297 nömrəli məktəb və Sumqayıtda yerləşən 11 nömrəli məktəbdə də uşaqlar soyuq siniflərdə dərs keçmək məcburiyyətindədirlər. Noyabrın 15-dən qış rejiminə keçidə baxmayaraq, hələ də bu məktəblərdə istiliyin verilməməsinin səbəbini öyrənməyə çalışdıq.

"Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev balanslarında olan bütün məktəblərə istiliyin verildiyini dedi: "Bəzi məktəblərin fərdi qazanxanaları var. Hansı məktəblərinki fərdi qazanxanaları var, onlar birbaşa öz balanslarındadır. "Azəristilik”in o məktəblərə heç bir aidiyyəti yoxdur. Onlar Təhsil Nazirliyinin, yaxud da Bakı şəhər Təhsil İdarəsinin balansındadır. "Azəristilik”in balansına daxil olan bütün məktəblərə istilik verilib. Heç birində problem yoxdur. Problem olanda Bakı Təhsil İdarəsindən bizə zəng edib deyirlər. Bizə hələlik hansısa məktəbdə istiliklə bağlı problem olduğuna dair bir zəng belə, gəlməyib. Biz Bakı Təhsil İdarəsi ilə əlaqəli işləyirik. Ona görə də hansısa məktəbdə problem olan kimi mənim mobil telefonuma birbaşa zəng edib deyirlər”.

Bakı şəhər Təhsil İdarəsindən isə bizə yazılı olaraq bildirdilər ki, artıq Binəqədi rayonu 297 nömrəli tam orta məktəbin istilik sistemində yaranmış problemlər müvafiq tədbirlər görülərək, aradan qaldırılıb və məktəbin istilik təminatı bərpa edilib. 

Sumqayıtda yerləşən 11 saylı məktəbə gəlincə isə, bu məktəb Təhsil Nazirliyinin balansında olduğu üçün Təhsil Nazirliyindən rəy aldıq. 

Təhsil Nazirliyindən də yazılı şəkildə verilən məlumatda qeyd edilib: "Sumqayıt şəhəri 11 nömrəli məktəbdə Şəhla Bağırova (müdir əvəzi)  ilə  danışıldı, istiliklə bağlı heç bir problem yoxdur. 297 nömrəli məktəbdə isə iş gedir, günün sonuna yekunlaşmaq üzrədir".

MediaFax