“Maşınlarını sığorta etdirirlər, özlərini yox”

"Bizdə evlərin, daşınmaz əmlakların sığortasında belə çətinliklər var”

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkəti 325,34 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,19 milyon manat (14,9 faiz) çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında məlumat verilib. Şirkətlər həmin dövr ərzində 119,03 milyon manat məbləğində sığorta ödənişi edib ki, bu da il ərzində 13,6 faiz artım deməkdir. 

Azərbaycanda avtomobildən başqa digər daşınmaz əmlakları, həyatını, sağlamlığını və s. sığorta etdirmək ənənəsi elə də inkişaf etməyib. İnsanlar sığortalanmağa maraq göstərməmələrinin səbəbini bəzən sığortadan pul ala bilməmələri və ya bu istiqamətdə çətinliklər çəkmələri ilə izah edirlər. Ancaq bir sıra sahələr var ki, orada sığorta məcburidir. 

Daha dəqiq desək, sığortanın iki növü mövcuddur: könüllü və icbari sığorta. 
 
Mülkiyyətimizi sığortalayaraq dəyəcək ziyanı, riskləri azaltmaq könüllü sığorta adlanır. 

Yetərincə maliyyə təminatı olmayan, həmçinin maddi təminatı aşağı olan şəxslərin sığortalanması ilə əhalinin maddi vəziyyəti uyğun olmadığından dövlət bəzi sahələrdə çalışan işçilərin şirkət tərəfindən sığortalanmasını tələb edir. Bu sığorta növü isə icbarı sığorta adlanır. Azərbaycandan fərqli olaraq xarici ölkələrdə insanlar nəinki avtomobillərini, daşınmaz əmlaklarını, həyatını, hətta bədən üzvlərini sığortalatdırırlar.

Bunu daha çox dünya şöhrətli ulduzlar etdirir. Məsələn, bədən əzalarının sığortalanması növü üzrə ən bahalı sığorta müğənni Meray Keriyə aiddir. O, ayaqlarını bir milyard dollar məbləğində sığortalatmaqla dünyanın ən bahalı sığortasını həyata keçirib. Almaniyalı top-model Haydi Klumun ayaqlarını 2 milyon 200 min dollara sığorta etdirib. Onun bir ayağının dəyəri o biri ayağından bahadır. Səbəbi isə bir ayağında çapığın olmasıdır. Məşhur idmançılar arasında da bu sığorta növündən istifadə edənlər var. Məsələn, futbolçu Devid Bekhem ayaqlarını 70 milyon dollara sığorta etdirib.  Gülüşün sığortlalanması faktı isə kino aktrisası Amerika Ferrera məxsusdur. Onun gülüşünün sığorta qiyməti 10 milyon dollar dəyərindədir. Azərbaycanda isə ilk dəfə olaraq ölkəmizi "Eurovision-2011" musiqi yarışmasında təmsil edən Nigar Camalın üzü sığorta etdirilib. Bir sığorta şirkəti tərəfindən Nigar Camalın üzü 1,5 milyon manat məbləğində sığortalanıb. Həmin vaxt risklərin 50 faizdən çox hissəsi Almaniyanın ”Hannover Life Re" təkrar sığorta şirkətinə ötürülüb. Dünya ölkələrində ağla belə gəlməyən qəribə sığorta növləri də mövcuddur. Məsələn, əvəzedilməz işçinin sığortası. Xüsusi əhəmiyyət kəsb edən vacib işçiləri itirmək şirkət üçün katastrofik ola bilər və onların əvəz olunmaları da çox çətindir. 

Bunun qarşısını almaq, ən azından belə əvəzedilməz işçinin itirilməsindən yaranacaq potensial riskləri azaltmaq üçün bəzi şirkətlər onları sığortalayırlar. Qəribə olsa da, lotereyada iri məbləğ udmaqdan sığortalanma da mövcuddur. Bəzi ölkələrdə şirkətlər işəgötürənlərə onların 2 və daha çox işçisinin lotereyada böyük məbləğdə pul udmaq riskinə qarşı sığorta təklif edir. O məntiqlə ki, lotereyada iri məbləğ udan işçilərin işləməkdən imtina etməsi mümkündür. Buna görə də şirkətlər belə işçilərini iri lotereya uduşundan sığortalayırlar.

Azərbaycanda "Sığorta haqqında” Qanunda deyilir ki, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə, sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər də qoyula bilər. Deməli, sığorta vətəndaşın xeyrinə olan aktdır.  Amma əksəriyyət insanların sığorta şirkətlərinə inamı azdır.

İqtisadçı ekspert Vüqar Bayramov evlərin, daşınmaz əmlakların sığortasında çətinliklər olduğunu dedi: "Azərbaycanda icbari və könüllü sığorta tətbiq edilir. İcbari sığorta avtomobil və əmlakın sığortasıdır ki, vətəndaş onları icbari şəkildə sığortalayır. Eyni zamanda avtomobil sürücülərinin icbari sığortası həyata keçirilir ki, bu da sürücülərin daha yaxından bələd olduğu sığorta növüdür. İcbari sığortada avtomobil sığortasında elə də çətinliklər yoxdur. Çünki burada dövlət yol polisi əməkdaşları tərəfindən nəzarət mexanizmi var. Sığorta olunmayan avtomobillərə cərimə tətbiq olunduğu üçün demək olar ki, sürücülərin əksəriyyəti öz avtomobillərini sığorta etdirirlər. Amma evlərin, daşınmaz əmlakların sığortasında çətinliklər var. Bu çətinliklər xüsusi nəzarət mexanizmlərinin olmaması ilə bağlıdır. Nəzarət mexanizmləri zəif olduğu üçün vətəndaşların ödəmə qabiliyyətləri də zəifdir. Nəticədə icbari sığorta olmasına baxmayaraq bu sığortanın reallaşmasında problemlər var. Könüllü sığorta çox təəssüf ki, zəif inkişaf edib, bunun ciddi inkişaf etdiyini, geniş yayıldığını söyləmək çətindir. Bu bir az da sığorta sisteminin yüksək səviyyədə olmaması ilə bağlıdır. Sığorta sistemi yüksək olmadığı üçün vətəndaşlar və sahibkarlar sığorta olunmaqda maraqlı deyillər. Çünki bəzi hallarda hansısa bir hadisə baş verən zaman sığortanı almaqda çətinlik çəkirlər. Ödəmə qabiliyyətinin də aşağı olması sığortaya olan marağın azalmasına səbəb olub”.

V.Bayramov 14 faiz artımın hansı dövrə aid olmasının böyük əhəmiyyət kəsb etdiyini dedi: "Təbii ki, 14 faiz artımın hansı dövrə aid olması önəmlidir. İllik olaraq 14 faiz artımdırsa, bunu müsbət qiymətləndirmək olar. Amma rüblər üzrə 14 faiz artım olubsa, bu təbii ki, müqayisə baxımından çətinlik yaradır. Amma bütün hallarda reallıq bundan ibarətdir ki, sığorta sistemi yüksək deyil. Könüllü sığorta edənlərin sayı çox deyil. Amma nəticədə bu gün biz sığortanın daha çox icbari, yəni məcburi formasının Azərbaycanda inkişaf və tətbiq edilməsini müşahidə edirik”./musavat.com/

MediaFax