Maşınını yandıran Qarabağ əlilindən xəbər var

Qarabağ Qazilər Birliyi Qaxda polisə etiraz edərək şəxsi avtomobilini yandıran 1-ci qrup Qarabağ müharibəsi əlili Bəxtiyar Bayramovla bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.
 
Bu barədə birliyin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib. O bildirib ki, B.Bayramovun probleminin həllinə çalışırlar:

"Bəxtiyar Bayramov bizim cəmiyyətimizin üzvü olmasa da, Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş adamdır, 4 uşaq atasıdır. Kimsə deyirsə, Bəxtiyar Bayramov Qarabağ əlili deyil, bu, tamamilə yalandır. Biz bir hadisə olduğu zaman onu araşdırıb, sonra yayırıq. Sabah da daxili işlər nazirinə müraciət ünvanlayacağıq, görüş istəyəcəyik. Problem varsa, bunu həll etmək lazımdır. Biz baş verənlərdən çox narahatıq. Hər hansı bir hadisə olduğu zaman ortada qalırıq. Bu, həm əlilin səhhətinə pis təsir edir, həm də polislə əlil arasında qarşıdurma yaranır. Belə hallar isə bizim prinsiplərimizə ziddir. Çünki biz, dövlətə, dövlətçiliyə bağlı insanlarıq. Son zamanlar sanki qəsdən polislərlə qazilər arasında problemlər yaradılır. Bütün bunlar barəsində şikayətimizi yuxarıda qeyd etdiyimiz kimi Daxili İşlər Nazirliyinin rəhbərliyinə bildirəcəyik”.

R.Kərimoğlu bildirib ki, onlar da öz üzərilərinə düşən işi görürlər: "Biz QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qarabağ əlillərinin maarifləndirilməsi istiqamətində layihələr də həyata keçirmişik. Beynəlxalq Mətbuat Mərkəzində bu il 4 konfrans təşkil etmişik. Biz bu konfranslara nömrəsiz avtomobil istifadə edən Qarabağ əlillərini dəvət edib, onlara bunun doğru olmadığını izah edirdik. Görünür ki, bu kimi tədbirlər də azlıq edir. Ona görə də Daxili İşlər Nazirliyinin rəhbərliyinə təklif edəcəyik ki, birgə fəaliyyət nəticəsində, bu kimi problemlərin həllinə çalışaq”.

"Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov isə bildirib ki, Qax rayon DYP idarəsinin rəisi Ayaz Məmmədov B.Bayramovla görüşüb söhbət edib, ondan hadisənin səbəbini soruşub: "Bəxtiyar da yol polisinin məhkəmə qərarına məhəl qoymamasından narazı olduğunu və bu səbəbdən də əsəbiləşərək avtomobilini yandırdığını deyib. Polis rəisi qazinin yanında onu bu işə vadar edənləri də tənbeh edib. O, Qarabağ qazisini sakitləşdirərək ona qarşı ədalətli davranılacağını deyib”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də Qax rayon sakini, Qarabağ qazisi Bəxtiyar Bayramovun öz avtomobilini yandıraraq, yol polisini ittiham etməsinə münasibət bildirib.

K.Əliyev ölkə.az-a açıqlamasında bildirib ki, sözügedən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə cərimə olunub: "Nə avtomobili, nə də sürücülük hüququ onun əlindən alınmayıb. Çünki sürücülük vəsiqəsi yoxdur. Bu ilin yayında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol-nəqliyyat hadisəsi törətdiyinə görə Qax Rayon Məhkəməsi tərəfindən 400 manat cərimə olunması barədə qərar çıxarılıb. Cəriməni vaxtında ödəmədiyinə görə həmin məbləğin üzərinə də dəbbə gəlib. Dəbbə pulu ilə birlikdə 640 manat məbləğ təşkil edib. Vətəndaşın hansı səbəbdən avtomobilini yandırdığını deyə bilmərəm. Bizim Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, xüsusilə də əlillərə böyük hörmətimiz var. Amma Qarabağ əlili də düzgün hərəkət etməyib. Yol kənarında avtomobilə od vurmaqla digər hərəkət iştirakçılarının da həyatını təhlükədə qoyub. O avtomobil yanan vaxt istənilən an partlayışa səbəb ola bilərdi. Onun partlaması nəticəsində digər insanlar da xəsarət ala bilərdilər. Məsələ burasındadır ki, həmin şəxs məhkəmənin qərarıyla sürücülük hüququ olmadığına görə cərimə olunub. Məhkəmənin qərarı onda icra olunur ki, rəsmi qaydada həmin qərar yol polisinə daxil olsun. Bunu sivil formada da həll etmək olardı. Sadəcə, məhkəmənin qərarını gözləmək lazım idi”.

Onu da qeyd edək ki, Bəxtiyar Bayramov törətdiyi əməldən peşman olduğunu da bildirib. Belə ki, B.Bayramov "Report”a bildirib ki, cəriməni ödəyə bilmədiyimə görə başqa çıxış yolu görməyib:

"Əsəbiləşərək şəxsi avtomobilimi yandırdım. Hazırda peşmanam, avtomobilsiz qalmışam. Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən problemlərim aradan qaldırıldı. Təşəkkür edirəm. Heç bir şikayətim yoxdur”, - deyə Qarabağ qazisi vurğulayıb./musavat.com/

MediaFax