Maşın ustası işləyən Nüşabə: “Gecə 3-ə kimi...”

Bir qadının avtomobilində tez-tez problem yaranırmış, hansı ustaya aparırmış, problemi həll olunmurmuş. Bir gün radioda Vüsal adlı ustanın iş yerinin reklamı səslənir. Qadın maşını həmin ustaya gətirir. Həyat gözlənilməzliklərlə doludu...

Həmsöhbətimiz sonradan maşın təmiri ilə məşğul olmağa başlayan həmin qadın – Nüşabə Ağayevadır. 

Nüşabə Ağayevanın dediyinə görə, usta işini elə həvəslə görürmüş ki, o da bu sənəti öyrənməyə qərara alır: "Günlərlə gəlib ona yalvarırdım ki, bu sənəti mənə öyrət. Qadın olduğum üçün razılaşmırdı. Nəhayət, bir gün razılıq verdi. Bir ilə yaxın onun yanında şagird durdum, bu sənəti öyrəndim. Artıq 4 ildən çoxdur, maşının sürət qutusu ustası işləyirəm...”

Gecə 3-ə kimi iş, çəkisi 50 kilo sürət qutusu...

Nüşabə Ağayevanın 42 yaşı var. Tibb üzrə təhsil alsa da, sənətinin ardınca getməyib: "Maşınlara uşaqlıqdan həvəs göstərirdim. Atamın maşını vardı. Həmişə ona maşından sual verirdim, mənə maşın sürməyi öyrətməsini xahiş edirdim. Ürəyimdə deyirdim, bir gün mənim öz maşınım olacaq. 

2002-ci ildən maşın sürürəm. Heç vaxt qadın işlərini maraq göstərməmişəm. Gözəllik salonum vardı. Bir müddət işlətdim, gördüm, bu işi bacarmayacam. Parket mağazasında usta işləməyi öyrəndim və o sahədə də çalışdım. Daha sonra avtomobil ustalığına gəldim”.

Avtomobilin sürət qutusu maşının mühərrikindən aldığı gücü təkərə ötürür. Ona çox vaxt ötürücü qutu da deyilir.

Maşının sürət qutusunda nə problem olsa, Nüşabə Ağayeva onu yoluna qoya bilir: "Dörd ildir əlim benzinə-yağa bulaşır, amma bu sənəti mükəmməl öyrənmək üçün hələ də ustadan bilmədiklərimi soruşuram. Azərbaycanda qadın ustanın sayı demək olar ki, sıfra yaxındı. 

Düzdür, əvvəllər, təzə-təzə başlayanda işimə ağız büzənlər tapılırdı. Deyirdilər, qadın nədi, maşın təmiri nədi... Ağırdı, işləmə... Şagird vaxtlarımda qohumlardan kimsə ustaya maşın gətirəndə gizlənirdim. İşə təzə başlamışdım, adam qarşısına çıxmağa hazır deyildim. Bu sənət o qədər də ağır deyil, hətta ağır olsa da, həyatın yükü bundan da ağırdı”.

Həmsöhbətim işə səhər saat 9-da başlayır. Hər gün eyni vaxtda gəlir, serviz mərkəzi çirklidirsə, səliqə-sahman yaradıb işə girişir: "İşin dəqiq bitmə saatı yoxdur. Maşının problemi nə zaman həll olsa, evə gedirik. Elə olub, gecə 2-də, 3-də evə getmişik. Maşının sürət qutusunun çəkisi hər maşında fərqli olur. Ən yüngül sürət qutusu 30 kilodu. 50 kilo çəkisi olan sürət qutusu da var. Mənim üçün ağır yük deyil, çünki həyatın daha ağır yükünü daşımışam”.
 
"Asan yolla pul qazanmaq istəyən qadınlar var”
 
Nüşabə Ağayevaya kişi kollektivində çalışmaq çətin deyil: "4 ildir kişilərlə çiyin-çiyinə işləyirəm. Düzdür, asan yolla pul qazanmaq istəyən qadınlar da var. O qadınlara səslənirəm, deyirəm ki, elə yolun sonu yoxdur. Qadın zəif deyil, zərif məxluqdur. Biz qadınlar güclüyük. Həyatda vaxtaşırı çətinliklərlə qarşılaşmalı olursan. Mənim də həyatım çətin günlərdən keçib. Elə vaxt olub, avtobusa verməyə pul tapmamışam.
 
Hər şeyə səbirlə yanaşıb, mübarizə aparmaq lazımdır. Geri çəkilmək lazım deyil. Başımıza gələn hər hadisəyə müsbət tərəfdən baxmalıyıq. Biz qadınlar eyni zamanda anayıq, övladlarımız var. Onların başını uca tutmalıyıq”.

Müsahibimin bir qızı, bir oğlu var. Deyir ki, oğlunun maşınında nəsə problem çıxsa, ondan soruşur: "Oğlum, qızım mənim sənətimə hörmətlə yanaşırlar. Oğlumun da maşını var. Maşınında xarablıq yarananda məndən soruşurdular. İndi iksi də İngiltərədə ödənişsiz təhsil alırlar. Tez-tez danışırıq. Tətildə gəlirlər. Qohumlar da maşınlarını mənim yanıma gətirirlər”.

Nüşabə Ağayevanın sözlərinə görə, bu işin əziyyəti də az deyil: "Gün olub çox yorulmuşam, amma bezib geri çəkilməmişəm. Asan iş yoxdu. Bəzən soruşurlar ki, kişi işini necə görürsən? Cavabda deyirəm ki, o qədər kişi var, qadın işi görür, bəs onlar necə olsun...”

Müsahibimiz aylıq gəlirini gizləmir. Qazancı 2000-2500 manata çıxır, Allah bərəkət versin. Qazancını da özünə xərcləyir... 

"Pul atan” müştərilər 

Bəzi sürücülərdən narazı olan həmsöhbətim deyir ki, müştəri var, "pul atıb” gedir: "Maşını düzəltdirirlər və deyirlər ki, pulu gətirəcəm, amma o gedən gedirlər. Nə qədər zəng edirik, telefonu açmırlar. Bu hadisələr tez-tez olur. 3 gün bundan əvvəl 60 manat pul atdılar”.

Nüşabə Ağayevanın sözlərinə görə, başqa ustaların aciz qaldığı işi də bəzən o görür: "Məşhur maşın salonları var ki, sürət qutusunun əlində girinc qalır. Ustamla biz düzəldirik. Düzəldə bilmədiyimiz maşın yoxdur. Bu yaxınlarda bir müştəri gəldi ki, maşında problem var, maşını aldığı servis də acizdi. Münasib qiymətə düzəltdik”. 

Ustanın sözlərinə görə, bəzən kişilər maşını düzəltdirib gedirlər, səhəri yenə servisə gəlirlər: "Soruşduqda deyir, maraq üçün gəlmişəm... Eləsi olur deyir,  özüm maşını gətirdim ki, görüm düzəldə biləcəksiz. Elə vaxt da olur, maşını düzəldəndə mane olurlar. Filan yeri filan cür düzəlt deyib göstəriş verirlər. Əsəbləşirəm, deyirəm, onda bura niyə gəlirdin, götür açarı, özün düzəlt. Mən bu işi dərindən öyrənmək üçün seminarlarda da olmuşam, təlimlərə də getmişəm, hətta sertifikatlarım da var”.

"Məni evdə gözləyən olmasa da...”

Nüşabə Ağayevanın arzusu qadın sürücülər üçün maşın servisi açmaqdır: "Qadın sürücülər maşınlarını təmir etdirmək üçün çox vaxt həyat yoldaşları ilə servis mərkəzimizə gəlirlər. Ustanın qadın olduğunu gördükdə başqa vaxt tək gəlirlər. İstəyirəm qadınlar üçün maşın servisi açım. Çəkinmədən gəlib, maşınlarını təmir etdirsinlər”.

Qadın usta tək yaşasa da evinə vaxtında gedir: "Uşaqlarım evdə olmadığı üçün onların köynəklərini yastığın altına qoyub yatıram. Məni gözləyən yoxdu, amma həmişə vaxtında evimdə-eşiyimdəyəm”./teleqraf.com/
 




MediaFax