Ölkə pambıq yığır, icra başçısı villa tikdirir

Ölkədə iqtisadi böhran dərinləşir, əhali kredit borclarını ödəyə bilmir.
 
Eləcə də işsizlik artır, sahibkarların vəziyyəti çətinləşir, manat getdikcə ucuzlaşır, neftin qiyməti aşağı düşür, hər şey bahalaşır. 

Bu vəziyyətdən çıxış üçün pambıq yığımına başlanır, qeyri-neft sektoru inkişaf etdirilir, prezident məmurlardan tələb edir ki, süni qiymət artımının qarşısı alınsın, nazirlər və övladları, vəzifəli şəxslər təvazökar həyat tərzi yaşasın. 

Pambıq müşavirəsi keçirilən Sabirabadda isə icra başçısı özünü və oğlunu fikirləşir. 

İcra başçısı bir müddət əvvəl oğluna Göyçayda villa tikdirməsi barədə yayılan xəbəri ört-basdır elədikdən sonra yenidən işi davam etdirib. 

Gələn son xəbərə görə, villa tikintisi davam etməkdədir. Belə çıxır ki, ya Nazim İsmayılov pambıq yığımından babat gəlir götürüb, ya da böhran bu məmura təsir etməyib. 
 
 

Hazırda Göyçaydakı Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli imarətin tikintisi gedir. Bu məsələ mediada tirajlananda icra başçısı məsələni ört-basdır etdi. Ancaq icra başçısının oğlu Anar İsmayılovun villasında iş davam edir.

Biznes fəaliyyəti qadağan olunan icra başçısının isə hansı vəsaitlə saray ucaltması qaranlıq qalır. Dövlət məmurunun maaşı isə villa tikməyə yetməz. Hətta deputat Hadı Rəcəbli bir müddət əvvəl çıxışında maaşının ona çatmadığını söyləmişdi. 

Saytımıza deyilənə görə, başçı villanın yerləşdiyi ərazini oğlunun adından çıxararaq başqasının adına sənədləşdirib. 

Maraqlıdır ki, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı Telman İsmayılovun (AST Telman) ata yurdunun yerləşdiyi torpaq olub. 

Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub. Daha sonra isə baha qiymətə Nazim İsmayılovun oğluna və digər bir şəxsə satıb. Göründüyü kimi, İsmayılovun yeri bir ayrı İsmayılova qismət olub. 

Məlumatlı şəxs iddia edir ki, Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsinə 70 min manata alıb. İsmayılovun "Çinar”ı Göyçayda ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur. 

Bildirək ki, Sabirabad icra başçısının Göyçayda mal-mülkləri, obyekləri var. Bu obyektlərdən böyüyü rayonun Heydər Əliyev prospekti 88-də yerləşən "Çinar” mehmanxanası, "Çinar” şadlıq evi və ətrafındakı bir neçə obyektdir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./politika.az/

MediaFax