Ölkə bahalaşmanın şokunda: “Cənab prezident, məmurları durdurun!”

Ölkə boyunca bahalaşma gedir; Əhalinin gəlirləri azaldıqca bazarlarda qiymətlər qalxır...

Gömrükdə idxal olunan məhsulların rüsumundakı artım dərhal bahalaşmaya səbəb oldu. Elə ilk addımı da "Azərsun” holdinq atdı. 

Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, bu dalğa hər yeri bürüməkdədir. 

Artıq ərzaq məhsulları sırasında ətin də qiymətindfə artım qeydə alınıb. Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır.

Alıcılar onlara təklif edilən sümüklü və ya sümüksüz ətin qiymətində 1 manata yaxın bahalaşma olduğunu bildirirlər. Belə ki hazırda sümüklü mal əti 9 manat, sümüksüz isə 11 manata satılır.

Bundan əlavə, şəkər, qənd, çay və digər gündəlik zəruri məhsulların qiyməti qaldırılıb. Eyni zamanda "Azərsun” holdinqə bağlı olan "Bazarstore” marketlər şəbəkəsi çörəyin qiymətini artırıb. 

Ölkədə sürətlə yoxsullaşma gedir. Əhali heç vaxt olmadığı qədər çətin vəziyyətə düşüb. Artıq ət məhsullarının da bahalaşması ondan xəbər verir ki, yaxın günlərdə bütün məhsullarda artım olacaq. 

Əslində, proses mərhələli şəkildə gedirdi. Gömrükdə idxal rüsumlarının qaldırılması gedişata təkan verdi və sürətləndirdi. 

Əgər prosesə müdaxilə olunmasa və qabaqlayıcı tədbirlər görülməsə, ölkədə acların üsyanı başlanacaq. İnsanlar ailələrinə çörək pulu qazana bilmirlər. 

Prezident İlham Əliyev məsələyə qol qoymasa məmurların özbaşınalığı, onların monopoliyasındakı müəssisələrin süni qiymət artımı davam edəcək. 

Bölgələrdən dövlət başçısına, iqtisadiyyat nazirinə və Tarif Şurasına müxtəlif səpkili müraciətlər ünvanlanır. İnsanlar hökumətin iqtisadi siyasətindən narazılıq edir. 
Onların sözlərinə görə, iş yerləri açılması yerinə bağlanır, müavinətlər, pensiya və maaşlar gecikir, banklar vətəndaşları incidir, əhalinin dükanlarda nisyə dəftələri var və qiymətlər də getdikcə artır. 

Bu halda prezidentə ümid edən vətəndaşlar gözləyirlər ki, anti-böhran tədbirləri həyata keçirilsin, qiymətlər tənzimlənsin, bahalaşmanın qarşısı alınsın. 

Politika.Az-a daxil olan şikayət məktublarından birində İ.Əliyevdən imdad diləyirlər: "Cənab prezident, bu məmurları durdurun. Onlar getdikcə aqressivləşir və xalqı soymağa davam edirlər. 

Böhranla bağlı tədbir görülməsə, islahatlar aparılmasa, monopolist qüvvələr cəzalandırılmasa, iş yerləri açılmasa ölkədə yoxsulluq artacaq. 

Biz regionun lider dövlətiydik. İndisə Gürcüstan regionda iqtisadi cəhətdən güclənir. Azərbaycan kimi sərvəti, zəngin ehtiyatları, pulu olan dövlətdə xalq kirayələrdə yaşayır, işsizdir, evinə bir tikə çörək apara bilmir. 

Məmurlar vətəndaşlarla kobud danışır, harınlıq edir, rüşvətsiz sənəd almaq olmur, hər yerdə bürokratik əngəllər var. Bir yandan da bahalaşma başlanıb. Bunu hər bir kəs həyatında hiss edir. 

Cənab prezident, xahiş edirik ki onları dayandırın, bu özbaşınalığa son qoyun. Azərbaycanı Somalinin, Kambocanın və başqa Afrika ölkələrinin gününə düşməsinə imkan verməyin. Yalnız Sizə inanırıq”.

MediaFax