Liderlərin sevdiyi yeməklər... - Maraqlı

Prezident İlham Əliyevin ad günü ərəfəsində qızı Leyla Əliyeva şəxsi "İnstagram” səhifəsində maraqlı foto paylaşıb.
 
Şəkildə ölkənin birinci xanımı Mehriban Əliyevanın prezident üçün kotlet və qutab bişirdiyi əks olunub. 

"Ən dadlı yemək anamın bişirdiyidir” - deyə Leyla Əliyeva şəklə şərh yazıb. Foto tez bir zamanda sosial şəbəkələrdə, mətbuatda diqqət çəkib. Prezidentin 55 illik yubileyi günündə birinci xanımın kotlet və qutab bişirməsindən belə məlum olur ki, ölkə başçısının sevimli yeməkləri bunlardır.

Maraqlıdır, bəs digər prezidentlərin və tanınmış siyasətçilərin ən sevimli yeməkləri hansılardır? 

"Rəcəb Tayyib Ərdoğan ən çox antrikotu və quzu ətini sevir”. Bu sözləri prezidentin aşbaz-qəssabı Cüneyt Asan Aile.lent.az-a müsahibəsində bildirib. 

Onun dediyinə görə, Türkiyə prezidentinin yemək seçimində heç kaprizi yoxdur: "Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən, ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Prezidentin özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən də bizim hazırladığımız sosiskaları çox sevir”.

Rusiyanın prezidenti Vladimir Putin də əsasən ət yeməklərini sevir. Kreml kombinatının keçmiş baş aşbazı Mixail Jukovun sözlərinə görə, Putin əgər ət və balıq arasında qalarsa, seçimində balığa üstün verər. Dondurma istisna olmaqla, ümumiyyətlə, şirin şeylərə isə laqeyddir. Uzun müddətdir ki, yaşıl çaydan istifadə edir. 

ABŞ-ın fəaliyyətdə olan prezidenti Barak Obama isə klassik Amerika "fast-food”unu və pivə iməyi çox sevir. Hətta 2012-ci ildə B.Obama Ağ Evin içində pivə istehsalına icazə vermişdi. 2008-ci ildə B.Obama İllinoys ştatında senator olanda "The New York Times” qəzeti onun ən çox sevdiyi və sevmədiyi yeməklərin siyahısını dərc etmişdi. Məlum olmuşdu ki, B.Obama qovrulmuş badam, fıstıq, fındıq, südlü şokolad və tərəvəzləri sevir. Mayonez, cipsi, qulançarı ağzına belə almır. Limonad və spirtsiz içkiləri içmir, çaya və suya üstünlük verir. 

Bu günlərdə 1800 nəfər məhbusu əfv edən Boliviya prezidenti Evo Moralesin isə ən çox xoşladığı yemək qu quşundan hazırlanan şorbadır. Prezident toyuq ətindən hazırlanan yeməkləri sevmir. Çıxışlarının birində isə qeyd etmişdi ki, toyuq əti yemək homoseksuallığa səbəb olur. Prezidentin sözlərinə görə, toyuq ətində qadın hormonları olduğundan onu yeyən kişilər əsl kişi ola bilməzlər. 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ən sevimli yeməklərindən biri "Kiyev kotleti”dir. O, bu barədə Ukraynanı inqilab dalğaları bürüyəndə bildirmişdi./musavat.com/

MediaFax