Komitənin deputat açıqlamasının arxasında nə dayanır? - İddia

Dövlət Statistika Komitəsi qəflətən Milli Məclisdə olan deputatlardan 15 nəfərinin yetmişdən çox yaşı olduğunu açıqladı

Bu məlumatın birdən yayılmasının pərdəarxası məqamlarını öyrəndik. Komitədəki mötəbər mənbədən saytımıza daxil olan xəbərdə iddia olunur ki, informasiyanın siyasi motivləri var. 

Qaynağımız vurğulayıb ki, məsələnin mahiyyəti növbədənkənar parlament seçkilərinin olacağı haqda işarə etmək və yaşı 70-i keçənlərin mandatsız qalacağı xəbərdarlığıdır. 

Hakimiyyət gəncləşdirmə siyasətini sürətləndirməyə çalışır. Referendumda Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra 18 yaşlı gənc deputatlığa namizəd ola bilər. 

Ona görə də hökumət qocalar evini yola salmağı və gəncləşdirmə siyasətini davam etdirməyi hədəfləyib. İddialara görə, artıq Milli Məclisdə çox gənc deputatlar görmək mümkün olacaq. 

Hakimiyyətin növbədənkənar parlament seçkilərinə hazırlaşması haqda yayılan xəbərlər də rəsmi şəkildə təkzib olunmayıb. Deputat Qüdrət Həsənquliyev də Milli Məclisə seçkilər olacağını ehtimal etməmişdi. 
 
Saytımıza danışan mənbənin qeydlərinə görə, komitənin birdən-birə deputatların yaşlarını açıqlaması, vurğunu yaşı 70-i keçənlərin üzərinə qoyması seçkilərə eyhamdır. 

Məlumata görə, 70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir. 19 deputat isə 65-69 yaş arasındadır. Bu yaşda olan deputatlardan 18-i kişilərdir. 16 deputat 60-64 yaşlarındadır ki, onlardan 2-si qadındır. 17 deputat 55-59, 20 deputat 50-54, 16 deputat isə 45-49 yaşlarındadır.

Parlamentdə 25-29 yaşlarında deputat yoxdur. 30-34 yaşlarında 3, 35-39 yaşlarında 9, 40-44 yaşlarında isə cəmi 10 deputat var. Qeyd edək ki, parlamentdə olan deputatların 16,8 faizi qadın, 83,2 faizi kişilərdir./politika.az/

MediaFax