İtkin düşən qızı qardaşı öldürübmüş... - Yenilənib

11:12 
 
Lənkəran rayonunda 4 il əvvəl itkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub. Hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib. 

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.

F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyiti Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib. 

Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyiti basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
 
------------
15:44 
 
Qardaşı tərəfindən 4 il öncə qətlə yetirilmiş Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin eksqumasiya prosesi həyata keçirilib.
 
Prosesdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis-prokurorluq əməkdaşları, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinin həkim-ekspertləri iştirak ediblər. Lənkəran Rayon Prokurorluğu mərhumun meyitinin basdırıldığı yerdən çıxarılmasına,ekspertizadan keçirilməsinə qərar verib. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən  T. Ağayevanın meyiti aşkarlanmayıb.
 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir./APA/
 
MediaFax