“İstintaq bu boyda həngaməni görməyib” - Çovdarov işi

Sabiq MTN generalı, hazırda həbsdə olan Akif Çovdarovun törətdiyi qanunsuzluqların ölkə mediasında geniş şəkildə işıqlandırıldığı, bir çox şəxslərin zərərçəkmiş qismində mətbuata açıqlamalar verdiyi hər kəsə bəllidir.
 
Lakin nə qədər qəribə olsa da, A.Çovdarovun əməllərindən ziyan çəkdiklərini, hətta ailə üzvlərini itirdiklərini iddia edən bu şəxslərin bəzisinin müraciəti bunca müddət ərzində  nəinki araşdırılmayıb, onların bəzisi istintaqa bir dəfə də olsun dəvət edilməyib. Başqa sözlə desək, sabiq MTN generalının qurbanları ictimaiyyətin gözü qarşısındaca hüquq-mühafizə orqanları tərəfindən "unudulub”.
 
 

Məlumat üçün qeyd edək ki, A.Çovdarovun özbaşınalığından əziyyət çəkən  şəxslərdən biri də bu günlərdə video müraciətlə ölkə başçısından kömək istəyən əslən Laçın rayonundan olan məcburi köçkün, 1992-ci ildən etibarən Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan Məmişov Fehruz İsa oğludur. Qardaşı A.Çovdarov tərəfindən oğurlanan və ardınca müəmmalı şəkildə dünyasını dəyişən, 5 hektar torpaq sahəsi MTN generalı tərəfindən zəbt edilən, illər uzunu mütəmadi təzyiqlərə məruz qalan F.Məmişovla bağlı informasiyalar 2015-ci ildən etibarən ölkə mediasında yer alsa da, istintaq bu boyda həngaməni "görməyib”.

Maraqlıdır, istintaqın KİV-də yer alan bu infomasiyaları görməzdən gəlməsi nə dərəcədə doğrudur? Mövcud qanunlar bu kimi hallarla bağlı nə deyir?

Məsələ ilə bağlı açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov istintaqın mediada yer alan bu kimi informasiyalara həssaslıqla yanaşmalı olduğunu vurğuladı:
 
 

"CPM-nin 206-cı maddəsində göstərilir ki, KİV-də hər hansı bir cinayət barəsində məlumat dərc olunursa, KİV-in borcudur ki, həmin məlumatları hüquq-mühaizə orqanına təqdim etsin və hüquq-mühafizə orqanları bu məlumatlar əsasında araşdırma aparsın. CPM-nin müddəaları bunu tələb edir. Lakin A.Çovdarovla bağlı məsələ bir qədər fərqlidir. A.Çovdarov tərəfindən törədilən cinayətlər, onun insanlara işgəncə verməsi, onların əmlakını zor yolu ilə əlindən alması təkcə istintaq yolu ilə deyil, həm də Azərbaycan ictimai şüurunda tam sübuta yetirilib. Düşünürəm ki, KİV-də A.Çovdarov və MTN-nin digər əməkdaşları tərəfindən bu və ya digər zərərçəkmiş şəxslərə qarşı törədilmiş cinayətlərlə bağlı məlumatlar yer alıbsa, o zaman həmin şəxslərin istintaqa cəlb edilməsi, bu məlumatların araşdırılması istintaq orqanının borcudur”./moderator.az/

MediaFax