İstilərlə bağlı xəbərdarlıq - 43 dərəcə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
 
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir ki, Bakı və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

MediaFax