İstanbul terrorunda iki azərbaycanlı yaralanıb - Yenilənib

12:38 
 
İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, İstanbulda baş vermiş terror aktı nəticəsində Azərbaycan vətəndaşı olan bir kişinin də yaralanması barədə məlumat daxil olub.
 
H. Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.
 
Bundan öncə Xarici İşlər Nazirliyi İstanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olduğunu açıqlamışdı. 
 
Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı  İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub.  
 
Nəticədə 39 nəfər ölüb, 65 yaralı var./APA/
 
-------------
15:39

Bu gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.

Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır.

Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.

Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var.

"Onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır", - deyə məlumatda bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin saytımıza verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb./report.az/

MediaFax