Manatı nə gözləyir? - Proqnoz

Ekspertlərə görə, milli valyutaya təhlükə qalır, bank sistemi isə böhran içindədir...

İlin yeddi ayı ərzində ölkə iqtisadiyyatında baş verən proseslər gələcəklə bağlı təhlükədən xəbər verir. Ekspertlər bildirirlər ki, mənfi proseslər daha çox ötən il baş verən iki devalvasiyanın nəticəsi olaraq meydana çıxıb. Hökumətin atdığı addımlar isə böhranı önləmək üçün yetərli deyil. 

Bildirilir ki, bank sektorundakı problemləri hökumət və Mərkəzi Bank sadəcə ertələməklə məşğuldur. Üstəlik, manatın yenə kəskin ucuzlaşma ehtimalları qalır. Bank sistemində isə çökmə müşahidə olunur ki, nəticədə daha bir neçə bankın bağlanacağı gözlənilir.

Ekspert Natiq Cəfərli bildirdi ki, ilin əvvəlindən bəri keçən dövrdə iqtisadi çətinlik və iqtisadi problemlərin dərinləşməsini görürük: "Ticarət dövriyyəsinin azalması, xarici ticarət dövriyyəsində ciddi saldo yaranması, ölkədə tikinti sektorunda, avtomobil satışında, bir çox sahələrdə ciddi azalmaların olması rəsmi rəqəmlərdə də özünü təsdiq etdi. İnflyasiya ikirəqəmli həddə çatıb. Ölkədə ticarət dövriyyəsində olan problemlərin artması bu sahədə çalışan on minlərlə insana da təsir göstərib. Onların gəlirləri azalıb, ya iş yerləri qapadılıb. Bütün sahələrdə az və ya çox formada iqtisadi problemlərin, çətinliklərin olduğunu görürük. Amma əsas rəsmi rəqəmlərə istinad etsək belə, inflyasiyanın ikirəqəmli olması, xarici ticarət dövriyyəsinin azalması, idxalda disbalansın yaranması kimi məsələlər diqqət çəkir. Bütün bunlar onu sübut edir ki, ölkədəki iqtisadi problemlər bu ilin əvvəlindəki aylarda həll edilmək əvəzinə, daha da dərinləşib. Yaxın gələcəkdə daha ciddi problemlərlə qarşılaşa bilərik. Çünki həm də manatın ucuzlaşma prosesi yenidən sürətlənib. Bu da həm xarici ticarət dövriyyəsinə təsir göstərəcək, həm qiymət artımına təsir edəcək. Ölkədə bu aylar ərzində kommunal təsərrüfatda həm suyun, həm işığın qiyməti artıb. Bu da çox ciddi göstəricilərdən biridir, qiymət artımına ciddi şəkildə təsir göstərir. Bundan başqa, ərzaq məhsullarının və digər sahələrdə də qiymət artımını müşahidə edirik. Bu da bu aylar ərzində heç bir ciddi irəliləyişin olmamasını, ciddi struktur islahatlarının keçirilmədiyini sübut edir”.

Ekspert Əkrəm Həsənov isə qeyd etdi ki, yeddi ayda ölkə banklarının durumu xeyli dərəcədə pisləşib: "Yeddi ay ərzində prinsipcə, bank sisteminin ən böyük dəyişikliyi on bankın bağlanmasıdır. Ölkədə 43 bank var idi, indi 33 bank qalıb. Eyni zamanda, ”Bank Standart" da bağlanmalı olan bank idi, sadəcə, orada əmanətlərin çox olması qərarı dəyişdirdi. Bankda 600 milyondan çox əmanət olduğuna görə, bankı bağlamaqdan çəkindilər və onu sağlamlaşdırmağa üstünlük verdilər. Digər banklarda da vəziyyətin acınacaqlı olması haqqında məlumatlar var. Beynəlxalq reytinq agentlikləri bankların böyük hissəsinin reytinqini azaltdılar. İndi də bir neçə bankın bağlanacağı haqqında söhbətlər var. Bu, bankların ağır vəziyyətdə olmasından xəbər verir. Həmin reytinq agentlikləri həm də banklarda ümumən problemli kreditlərin, borcların bankların dediklərindən bir neçə dəfə çox olduğunu bildirdilər. Bu da bankların qeyri-şəffaf olmasından xəbər verir. Bu, banklarda olan vəziyyətdir". 

Bank nəzarətindən də danışan Ə.Həsənov bildirdi ki, əhəmiyyətli hadisə bank nəzarəti səlahiyyətinin Mərkəzi Bankdan alınıb Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi oldu: "Dörd aydan çoxdur ki, bu səlahiyyəti Palata həyata keçirir. Amma burada da elə bir uğur yoxdur. Hələlik təəssüf ki, Palatanın özü tam formalaşmayıb, onun idarəetmə orqanları, kadrları tam formalaşmayıb. Gələn xəbərlərə görə, heç onlar işçi toplaya bilmirlər. Palatanın maliyyə çətinlikləri var, aşağı maaşa da işçilər işləmək istəmirlər. Palata məhz bankların maliyyəsi ilə formalaşır, bankların da vəziyyəti ağır olduğu üçün onlar da Palataya kifayət qədər vəsait verə bilmirlər”. 

Yeddi ayda diqqət çəkən digər məqam isə əmanətlərin azalmasıdır. "Yeddi ay ərzində əmanətlər kəskin azalıb. Sadəcə, Mərkəzi Bankın saytında da bu görünür. Son məlumat yalnız iyunun 1-nədir. Amma aydındır ki, son iki ayda da əmanətlər azalmaqda davam edib. Bu da bütövlükdə bank sisteminə etimadın azalmasının göstəricisidir”, - deyə ekspert vurğuladı. 

O, həmçinin dedi ki, əsas məsələ milli valyutanın taleyidir ki, ilin yeddi ayında onun vəziyyəti yaxşı olmayıb: "Manat prinsipcə ili ucuzlaşma ilə başladı. Ötən ilin sonunda olan devalvasiyadan sonra bu ilin əvvəlində manat daha da ucuzlaşdı, 1,60-a yaxınlaşırdı. Sonra amma vəziyyət bir az sabitləşdi. Mərkəzi Bank süni şəkildə milli valyutanın çəkisini azaldaraq son iki ayda hətta 1,50-yə kimi azalda bildi. Bəzilərində yanlış təəssürat yaranmışdı ki, guya problem çözüldü. Amma son həftələr ölkənin bütün aparıcı iqtisadçı ekspertləri fikrini tam təsdiqlədi ki, manat yenə də ucuzlaşır. Yəni artıq devalvasiya gedir. Növbəti kəskin devalvasiya gözləntiləri də artıb. Bütün bu dediklərimi cəmləsək, onu şahidiyik ki, ölkənin həm pul siyasətinin həyata keçirən Mərkəzi Bankı, həm bank nəzarətini həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatası bu gün uğursuz fəaliyyət göstərir. Bu da onunla bağlıdır ki, köhnədənqalma amirlik sisteminə uyğun metodlardan istifadə edirlər. Bazar iqtisadiyyatına xas olan metodlardan istifadə etmirlər, səlahiyyətlərini düzgün həyata keçirmirlər. Amma eyni zamanda, təbii ki, biz onu da görürük ki, banklarda da vəziyyət prinsipcə, pisdir. Qeyri-şəffaflıqları, korrupsiya və sair, düzgün idarəetmənin olmaması bank sisteminin vəziyyətini daha da ağırlaşdırır. Güman edirəm ki, qalan beş ay ərzində vəziyyət daha da pisləşəcək”. 

Ekspertlər ötən yeddi ayın yaddaqalan iqtisadi olayları kimi həmçinin özəlləşdirmə barədə anonsu da qeyd ediblər. Yanvar-fevral aylarında Azərbaycanda özəlləşmənin olacağı haqqında müxtəlif rəsmilər tərəfindən verilən bəyanatlar reallığa çevrilmədi, əksinə, yeni dövlət idarələrinin yaradılmasına başlandı. 

Ekspert Fikrət Yusifov isə açıqlamasında qeyd etdi ki, ilin ikinci yarısında iqtisadiyyatın bir qədər sabitləşməsi və azalma meyillərinin minimuma enməsi gözlənilir. Onun sözlərinə görə, neftin qiymətlərinin kəskin azalması səbəbindən neft ölkəsi olaraq ölkəmizin iqtisadiyyatı və onun maliyyə sistemi kifayət qədər ciddi problemlərlə üzləşib: "Ötən il ərzində manatın iki kəskin devalvasiyası praktik olaraq onun iki dəfə ucuzlaşmasına gətirib çıxardı. Nəticədə bank sektoru sürətlə dollarlaşma məngənəsinə düşdü. İlk öncə dollarlaşma səviyyəsini optimal həddə endirə biləcək düşünülmüş bir maliyyə siyasətinin aparılması zəruridir. Bu siyasət nəticə etibarilə milli valyutaya olan inamın bərpa olunmasına gətirib çıxarmalıdır”. O, həmçinin qeyd etdi ki, bu gün ölkənin bank sisteminin ciddi islahatlara ehtiyacı var: "Dövlət başçısı son aylarda keçirilən toplantılarda ölkədə sağlam bank sektorunun formalaşmasının zəruriliyini xüsusi vurğulayıb və bununla bağlı bank sisteminin qarşısında ciddi tələblər qoyub. Sağlam bank sistemi olmadan ölkə iqtisadiyyatının normal inkişafı da mümkün deyil. Bu səbəbdən də cari ilin ikinci yarısında Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin bank sektorunun sağlamlaşdırılması istiqamətində kardinal tədbirlərin görülməsini təmin etməlidirlər”./musavat.com/

MediaFax