İntiharlar niyə artır? - Psixoloq açıqladı

Psixi Sağlamlıq Mərkəzi son bir ildə psixoloji müayinə ilə əlaqədar statistik məlumatları açıqlayıb.

Məlumata görə, mərkəzə daha çox gənclər (əsas da 25-30 yaş arası) müraciət edirlər. Bundan əlavə, depressiyalarla bağlı da müraciətlərin çoxluq təşkil etdiyi və onların 20 faizinin çıxış yolu olaraq intiharı seçdiyi bildirilib.

Psixoloq Fəxriyyə Məmmədova məsələni saytımıza şərh edib: "Depressiya çox ağır xəstəlikdir. Depressiyaya düşəndə insanın hər şeyə marağı itir. Həyatdakı heç bir şeyin mənası olmur. Bu da insanlarda intihar hissi yaradır. Həmin anda o şəxsin yanında kimsə olsa və bunu hiss etsə, onu intihar hissindən uzaqlaşdırar. Amma depressiyanın elə formaları var ki, istər ailə, istərsə də həkim heç bir yardım edə bilmir. Xəstə müalicə də edilsə, bu fikri onun başından çıxartmaq olmur. Düzdür, bəzən fikrindən daşınanlar olur, amma bu, müvəqqəti xarakter daşıyır. Sonda onlar istədiyini həyata keçirir”.

F.Məmmədova 25-30 yaş arası gənclərin psixi pozğunluğunun sosial problemlərlə əlaqədar olduğunu deyir: "Məişət problemləri və insanın içindən gələn və heç bir səbəbi olmayan xəstəliklər insanlarda psixoloji problemlər yaradır”.

F.Məmmədova qeyd edib ki, depressiyada ikən ən çox intihar edənlər kişilər olur: "Qadınlar deyir, amma çox vaxt eləmir. Kişilər isə heç demir, amma edirlər”./aznews.az/

MediaFax