Çindən Azərbaycana milyon yarım tut tingi gətirildi

Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, cari ildə 2007-ci ildən bəri ilk dəfə olaraq respublikamızda 70  tondan çox yaş barama məhsulu istehsal edilib.
            
Hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə Nazirlik tərəfindən 1,5 milyon ədəd tut tinglərinin alınması üçün Çin Xalq Respublikasının «Shandong Guangtong Silkworm Eggs Co» LTD   şirkəti ilə tender müqaviləsi bağlanılıb.

Müqavilənin şərtlərinə uyğun olaraq 2016-cı il 2 dekabr tarixində şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respublikamıza gətirilib.

Respublikaya gətirilmiş tut tinglərindən ibarət yüklərin 2016-cı il  2 dekabr tarixində Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınmış və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaq.
Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri  və digər maarifləndirici materiallar hazırlanıb və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət edilib.  

Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həmdə sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanmış və fermer və sahibkarlara, eyni zamanda nazirliyin tabeçiliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcək.     

MediaFax