İlham Əliyev Ağdamda - Yenilənib

02.12.2016 
17:41 
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab rayonuna səfərə gəliblər.
 
Dövlət başçısı və xanımı Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyublar.
 
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
 
X X X
 
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb. Görülən işlər nəticəsində xəstəxananın binası müasir görkəm alıb, zəruri avadanlıqla təchiz olunub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 530 işçi çalışır ki, onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.

İki korpusdan və doqquz yardımçı binadan ibarət olan xəstəxananın əsas korpusunda cərrahiyyə, ginekologiya, doğum, terapiya, dializ, şüa-diaqnostika, intensiv terapiya, poliklinika və digər şöbələr fəaliyyət göstərəcək. Digər korpusda isə yoluxucu xəstəliklər bölməsi fəaliyyət göstərəcək.

Müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunan Zərdab Rayon Mərkəzi Xəstəxanasında ətraf rayonlardan gələnlərə də tibbi xidmət göstəriləcək. Xəstəxananın laboratoriyası analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib.

Xəstəxananın müasir reanimasyon və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Bütün bunlar bir daha göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir.

Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Xəstəxananın kollektivi adından çıxış edən Esmira Tağıyeva və rayon ictimaiyyəti adından danışan Fiqurə Abbasova göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.
 
------------------- 
03.12.2016
10:25 
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfər edib.
 
Dövlət başçısı və xanımı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
 
X X X
 
Dekabrın 3-də "Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.
 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
 
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına və xanımına layihə haqqında məlumat verib.
 
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu layihə Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
 
Qeyd olunub ki, layihənin icrasına 2015-ci ilin mayında başlanılıb. Şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 120 litr olan 9 subartezian quyusu qazılıb, 3,6 kilometr uzunluğunda quyulararası xətt inşa edilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün hər birinin həcmi 5 min kubmetr olan 2 su anbarı, nasos stansiyası və 2,4 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Layihəyə əsasən, Tərtər şəhərində 91 kilometr paylayıcı su şəbəkəsi yaradılıb, 4700 ünvana birləşmə verilib və bu ünvanlar sayğacla təmin edilib. Yanğın təhlükəsizliyi məqsədilə şəhərin müxtəlif yerlərində 360 yanğın hidrantı, suyun optimal idarə edilməsi üçün 185 siyirtmə quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib.
 
Layihə çərçivəsində Tərtər şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Bu məqsədlə 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,5 kilometrlik kollektor inşa edilib. Şəbəkəyə 4700 ünvanın qoşulması təmin olunub. Beləliklə, Tərtər şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Eyni zamanda, Tərtər Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikintisi də layihələndirilib və bu mərhələdə icra olunacaq. Tullantı sutəmizləyici qurğu və inzibati bina da nəzərə alınmaqla layihə üzrə tikinti işləri 2018-ci ildə tam yekunlaşacaq.
 
Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Həcmi 500 kubmetr olan iki su anbarı və 47 kilometr uzunluğunda şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətdə olub. Tərtər şəhərində kanalizasiya sistemi isə ümumiyyətlə mövcud olmayıb. Yeni layihənin icrasına qədər "Azərsu” ASC 20 min şəhər sakinindən 11 mininə və ya təqribən 55 faizinə xidmət göstərib və şəhərə su qrafik üzrə verilib.
 
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılıb. 2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq.
 
Sonra dövlət başçısı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 
Azərbaycan prezidenti Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basıb.
 
X X X 
 
Dekabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışında iştirak ediblər.
 
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
 
Ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üzün monitor da quraşdırılıb. Hazırda məktəbdə 15 nəfər çalışır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunacaq. Bu cür şahmat məktəblərində şagirdlər zəngin təcrübə toplayaraq ölkəmizi müxtəlif səviyyəli yarışlarda layiqincə təmsil edirlər.
 
X X X
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.
 
Prezident rəmzi açılışı bildirən lenti kəsib, bina ilə tanış olub.
 
Məlumat verilib ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb.
 
Ümumi sahəsi 510 kvadratmetr olan ikimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb.
 
Dövlət başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik edib.
 
X X X
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərdə aprel döyüşlərində ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış olublar.
 
Dövlət başçısı və xanımı həyətləri gəzib, tikilmiş və bərpa olunmuş evlərə baxıblar.
 
Prezident İlham Əliyevin "Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci ilin mayında imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.
 
Prezident və xanımına məlumat verilib ki, ümumilikdə rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
 
Dövlət başçısı və xanımı zərər çəkmiş evlərdə əsaslı bərpa işlərindən sonra yaradılmış şəraitlə tanış olub, sakinlərlə söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
 
Qeyd edək ki, bu il aprelin əvvəllərində Ermənistan Silahlı Qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.
 
Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olub, sakinlərlə görüşüb, dağılmış evlərə baxıb. Prezident tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar verib və sərəncam imzalayıb.
 
X X X
 
Dekabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak ediblər.
 
"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına və xanımına "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verib.
 
Bildirilib ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib.
 
Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb.
 
Sarıcalı və Zolgəran kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25,6 min sakininin mənzil başına rahat çatması üçün məsafəni qısaltmaqla avtonəqliyyat vasitələrinin hərəkətini xeyli yaxşılaşdıracaq. Bundan əvvəl isə sakinlər rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 15 kilometrdən artıq əlavə yol qət etməli olurdular.
 
Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib.
 
X X X
 
Dekabrın 3-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
 
Prezident rəmzi açılışı bildirən lenti kəsib.
 
Dövlət başçısına və xanımına məlumat verilib ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
 
Binada dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, metodist, kompüter və digər texniki otaqlar var. Burada uşaqların istirahəti və əyləncəsi üçün yaradılan hərtərəfli şərait balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyət qurmaları məsələlərində də mühüm rol oynayacaq.
 
Bağçanın ərazisi dekorativ daş hasara alınıb, həyətdə su anbarı, qazanxana tikilib, transformator yarımstansiyası quraşdırılıb, əyləncə meydançası yaradılıb.
 
Körpələr evi-uşaq bağçasında 31 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
 
X X X
 
Dekabrın 3-də Tərtər rayonunda Müdafiə Nazirliyinin yeni inşa edilmiş "N” saylı hərbi hissəsinin açılışı olub.
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.
 
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.
 
Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi, müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park yaradılıb.
 
------------
13:22 
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gəliblər.
 
Dövlət başçısı və xanımı Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri qoyublar.
 
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov prezidentə və xanımına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
 
X X X
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa edilmiş Bayraq Muzeyinin açılışında iştirak ediblər.
 
Dövlət başçısı muzeyin binasının rəmzi açılışını bildirən lenti kəsib.
 
Muzeylə tanışlıq zamanı prezidentə və xanımına məlumat verilib ki, inşaat işləri bu il ərzində həyata keçirilib. Muzeyin ümumi sahəsi 300 kvadratmetr olan binasında 146 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.
 
Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib. Bütün bunlar həm Ağdam gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu, həm də cəbhə bölgəsində yaşayan soydaşlarımızda, xüsusilə də gənc nəsildə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edir.
 
X X X
 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
 
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
 
Mərkəzlə tanışlıq zamanı dövlət başçısına və xanımına məlumat verilib ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə, onun uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet dövrünə və müstəqillik illərinə aid müxtəlif fotolarına geniş yer verilib.
 
Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı da var. Bundan əlavə, mərkəzdə 3D kino zalı, 20 nəfərlik konfrans zalı, rəsm otağı, kompüterlərlə və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.
 
Son vaxtlar Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Ağdamdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikah bağlayan gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi də həyata keçiriləcək.
 
Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
 
X X X
 
Dekabrın 3-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
 
Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək. Mərkəzin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında 7800 kvadratmetrədək torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək. Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.
 
Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin təməlini qoyub.
 
Dövlət başçısı Mərkəzin inşasının keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
 
X X X
 
Dekabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ilin aprelində Ağdam rayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlanıblar.
 
Dövlət başçısına və xanımına məlumat verilib ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.
 
Prezident və xanımı Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olublar.
 
Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
 
MediaFax