İlham Əliyev İsmayıllıda olub - Yenilənib

10.08.2016
16:20 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
 
X X X
 
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.

Sahəsi 3300 kvadratmetr olan ikimərtəbəli binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Qrup otaqlarında uşaqların təlim-tərbiyəsi, yataq otaqlarında isə balacaların rahatlığı üçün hər cür şərait var. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları da yaradılıb. Bağçanın ətrafındakı yaşıllıq zolağı, əyləncə meydançası və attraksionlar da uşaqların çox xoşuna gəlir.
 
X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.

İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və partiyanın sədri, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.

Müxtəlif iş, xidməti və yardımçı otaqlardan ibarət binada rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi də fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 yerlik konfrans zalı da yaradılıb.

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.
 
X X X
 
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, Qəbələ regional "ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Elçin Kərimov küçəsi 79 ünvanında, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.

Artıq "ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi təqdim edilir. Odur ki, "ASAN xidmət”in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bu, müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir. Bundan əlavə, Əfqanıstan ilə dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin  yaradılmasına dair imzalanan Anlaşma Memorandumuna əsasən, "ASAN xidmət”in fəaliyyətinin bu ölkədə geniş tətbiqinə dair razılıq əldə olunub. Artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib.

Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basdı.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış olarkən bildirildi ki, "ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.

Fəaliyyətə başladığı tarixdən bu günədək "ASAN xidmət” mərkəzlərinə 11 milyonadək müraciət daxil olub. Gün ərzində "ASAN xidmət” mərkəzlərinə 20 min vətəndaş müraciət edir. 2013-cü ildən "ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Bu günədək 700 minə yaxın vətəndaş bu xidmətdən yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan əlil vətəndaşlara xidmətlər ödənişsiz həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.

"ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, "bir qapı” prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan "ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində "vahid məkan” prinsipinə əsaslanır.

Mərkəzdə Prezident İlham Əliyev yeni layihələrlə də tanış oldu.

Əvvəlcə dövlətimizin başçısına "ASAN wifi” layihəsi barədə məlumat verildi. Bildirildi ki, müxtəlif yerlərdə quraşdırılan simsiz internet modemləri vasitəsilə insanların internetə əlçatanlığı təmin ediləcək. Bu layihə vasitəsilə dövlət əhəmiyyətli məlumatlar vətəndaşlara daha asan çatdırılacaq. Bundan əlavə, ASAN TV-nin tətbiqi də nəzərdə tutulub. Bu, Azərbaycana idxal ediləcək bütün smart televizorlarda istifadəyə hazır xüsusi bir tətbiq olacaq. Tətbiq vasitəsilə insanlar televizorda ASAN Radionu dinləyəcək, "ASAN xidmət”in fəaliyyəti, mərkəzlərə getmək üçün ictimai nəqliyyat vasitələri, həmçinin mərkəzlərdə növbəlilik statistikası və digər zəruri məlumatları əldə edəcəklər.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Azərbaycan və ingilis dillərində dərc edilən "ASAN” jurnalı üçün nadir qeydiyyat nömrəsi olan beynəlxalq standart seriya nömrəsi əldə olunub və beynəlxalq reyestrə daxil edilib.

Yeniliklərdən biri də "ASAN VİSA” portalıdır. Bu portal vasitəsilə vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsi həyata keçiriləcək. Əcnəbilər sadəcə üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar.

Artıq "ASAN i-LAB” innovasiya laboratoriyası da hazırdır. "i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edərək onların reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya laboratoriyasıdır.

"BAŞLA” layihəsi çərçivəsində isə istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi, maliyyələşdirilməsi və reallaşdırılmasına dəstək göstəriləcək.

Yeni layihələr arasında "Cücələrim inkibatoru” da var. Layihənin məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsidir.

Daha bir maraqlı layihə isə "i-LAB store”dur. Bu, "i-LAB” çərçivəsində istehsal edilmiş innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək.

Prezident İlham Əliyevə "Ready 1.0-hazır sənəd” cihazı haqqında da məlumat verildi. Vətəndaşlar bu cihazlar vasitəsilə sənədlərin hazır olması barədə SMS, elektron poçt vasitəsilə real vaxt rejimində məlumatlandırılacaq, hazır sənədin verilməsi proseduru daha da səmərəli təşkil olunacaq.

Yeni layihələrdən biri də xilasetmə qolbağıdır. Suda batma zamanı istifadə edilən bu qolbaqlar GPS ilə təmin olunub, avtomatik işə düşmə xüsusiyyətinə malikdir.

"Sağlam yaşam platforması-çanta və portal” layihəsi isə vətəndaşlara qısa vaxtda 42 parametr üzrə müayinə olunmağa imkan verən bir sıra avadanlıqdan ibarət səyyar tibbi müayinə çantasıdır.

Dövlətimizin başçısına Sosial Layihələr Portalı barədə məlumat verilərkən bildirildi ki, bu portal dövlət və özəl təşkilatlar tərəfindən həyata keçirilən bütün sosial layihələrin vahid elektron mühitdə elan olunmasına xidmət edəcək. Bununla da daha çox insan bir ünvana daxil olmaqla bütün layihələr haqqında məlumat əldə edəcək. Yardıma ehtiyacı olan və yardım etmək istəyən şirkətlər, təşkilatlar və fərdlər vahid portalda qeydiyyatdan keçəcəklər.

Diqqətə çatdırıldı ki, respublikamızda sayca onuncu mərkəz olan Qəbələ "ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.

Sonra Prezident İlham Əliyev Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.
 
X X X
 
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub.

Layihələrin təqdimatı zamanı dövlətimizin başçısına məlumat verildi ki, "Şinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeni "Qafqaz Akva Lənd” otelinin inşası həyata keçirilir.

Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri də "Qafqaz Daymond Akvapark”dır. Bu layihə çərçivəsində müxtəlif təyinatlı hovuzlar şəbəkəsi qurulacaq. Hovuzların ümumi su tutumu 5 min 470 kubmetr olacaq. Bundan əlavə, ərazisi 350 min kvadratmetr olan, "Qəbələnd” əyləncə mərkəzi və "Aqva Lənd” otelinin yaxınlığında dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli bir ərazidə yerləşən "Qəbələ Qolf Villaları” qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.

"Qəbələ Qolf Villaları” ərazisində 66 villa inşa edilib. Ərazidə üçmərtəbəli, 24 mənzilli iki bina, SPA və əyləncə mərkəzi, uşaq bağçası da var. Layihənin əsas özəlliyi ərazidə qolf sahələrinin olmasıdır. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Qolf məşq sahəsi, qolf klub da azarkeşlərin istifadəsinə hazırlanır.

Dövlətimizin başçısı görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.
 
X X X
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da "Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin inşasına 2013-cü ilin may ayında başlanılıb və bu il başa çatdırılıb. Rayonun daxili imkanları hesabına salınan kompleksin ümumi sahəsi 10 hektardır. Qəbələ şəhərinin ərazisindən keçən, meşə sularından qidalanan Qaraçay çayının hər iki sahilində salınmış parkın ərazisində səkkiz körpü tikilib, doqquz fəvvarə, uşaqlar üçün karusel quraşdırılıb. Geniş yaşıllaşdırma işlərinin görüldüyü ərazidə müxtəlif sosial obyektlər, yay kafesi, çay evi tikilib, 3,5 kilometr uzunluğunda piyada gəzinti zolağı salınıb. Tikinti işləri zamanı çayın ətrafı da genişləndirilib, yollarda yeraltı keçidlər, hər biri 500 kubmetr su tutumu olan 41 pilləvari su hövzəsi inşa olunub. Hazırda hövzələrə gələn suyun təmizlənməsi üçün altı kameralı sutəmizləyici qurğu və çay kənarında üçmərtəbəli restoran inşa edilir. 350 qonaq üçün nəzərdə tutulan restoran açıq zallardan ibarət olacaq. Ərazidə avtomobil dayanacağı üçün xüsusi sahə ayrılıb.

Bütün bunlar göstərir ki, Qəbələnin turizm potensialının mühüm tərkib hissəsi olan sosial obyektlərin, xüsusilə də əhalinin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə yönələn guşələrin yaradılması davamlı xarakter alıb.
 
--------
18:30

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələdə "Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib.

Qəbələnin əsas turizm infrastrukturu obyektləri sırasında xüsusi özəlliyi ilə seçilən bu otelin inşası 2014-2016-cı illərdə həyata keçirilib. Ərazisi 4 hektar olan otelin tikinti sahəsi 3400 kvadratmetrdir. Beşmərtəbəli binada 50 otaq, o cümlədən 23 standart, 12 ailəvi, 14 junior suite, 1 kral nömrəsi yerləşir. Bununla yanaşı, ərazidə 3 kottec də yaradılıb. Oteldə 100 nəfərlik kafe-bar, 400 nəfərlik kafe, 500 nəfərlik steak və şərab evi, 200 nəfərlik "Duruca” yeməkxanası, 500 nəfərlik "Qəbələ” kafesi fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Ümumi sahəsi 560 kvadratmetr olan SPA və idman mərkəzində zəruri avadanlıqlar quraşdırılıb, istirahət üçün hər cür şərait yaradılıb.

Oteldə uşaqlar üçün ayrıca yeməkxana və oyun zalı yaradılıb. "Qafqaz Tufandağ Mountain Resort”da sahəsi 1692 kvadratmetr olan terras yaradılıb, xizək ləvazimatlarının kirayəsi və satışı mağazası açılıb, xizək yolu ekskalatoru qurulub və təlimlər üçün otaqlar inşa edilib. Bu da qış mövsümündə oteldə dincələn qonaqların xidmətlərdən yüksək səviyyədə istifadə etmələrinə geniş imkanlar açır. Otel kompleksində 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Beləliklə, turizmin əsas komponenti olan otel biznesinin Qəbələdə inkişaf etdirilməsi və onun müasir standartlar səviyyəsində qurulması yaxın gələcəkdə artıq bu bölgəmizin dünyanın nüfuzlu istirahət məkanlarından birinə çevrilməsinə təminat verir.
 
-----------
18:57 
 
Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 10-da Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin "Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Bildirildi ki, sərhəd zastavası Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzü istiqamətində fəaliyyət göstərir və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Zastavanın mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidməti ərazisində dövlət sərhədlərimizin mühafizəsi yüksək səviyyədə təşkil edilib.

Sərhəd zastavasının binasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərhəd qoşunlarının inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Bildirildi ki, dövlət sərhədinin dağlıq ərazidə və səhra şəraitində etibarlı mühafizəsini təşkil etmək üçün lazım olan müvafiq texniki vasitələr, müasir avadanlıqlar və silahlar alınaraq zastavada yerləşdirilib. Xidmətin yüksək səviyyədə aparılması üçün sərhədçilər Qarabağ atları ilə və xüsusi təlim keçmiş itlərlə təmin olunublar.

Yeni layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradıl¬ıb, müasir tələblərə cavab verən əsgər yataqxanası, yeməkxana, isti-rahət guşəsi, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar inşa olunub. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri üçün 22 mənzilli yaşayış binası tikilib.

Ərazidə abadlaşdırma işləri görülüb, yüksək zirvələrdə olan bulaqlardan çəkilmiş su xətti hesabına zastava içməli su ilə təmin edilib.

Bununla da Vətəninə, dövlətinə və Prezidentinə sadiqliyi ilə seçilən Azərbaycan sərhədçiləri sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsinə daim hazır olduqlarını bir daha göstərirlər.
 
---------------
20:00
 
Avqustun 10-da Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.

"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli yoldur. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan yolun uzunluğu 12,2 kilometr, eni 6 metrdir. Torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Yenidənqurma işləri zamanı yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yenidən kipləşdirilib və yola yeni asfalt-beton örtüyü döşənib. Səth sularının avtomobil yolunun altından ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəz edilib, yeni su keçidləri inşa olunub.

Ümumilikdə uzunluğu 113 metr olan 12 suötürücü boru tikilib və təmir olunub. Yolun Tüntül kəndi ərazisində dəmir-beton körpü inşa edilib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə avtobus dayanacaqları tikilib, yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri həyata keçirilib.

Bu yol Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişini xeyli asanlaşdırmaqla yanaşı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz çıxışı təmin edir, həmçinin kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə çıxarılmasına imkan yaradır.
 
---------------- 
11.08.2016
03:21
 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verdi.
 
 
X X X
 
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavatlıq üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.

Diqqətə çatdırıldı ki, "İsmayıllı-1” Su Elektrik Stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su "İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Prezident İlham Əliyev su elektrik stansiyasını işə saldı.

X X X 
 
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, əvvəlki illərdə iki qrupla fəaliyyət göstərmiş uşaq bağçasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulmasına 2015-ci ilin əvvəlindən başlanılıb. Hazırda uşaq bağçası beş qrupluq yeni məktəbəqədər təhsil müəssisəsinə çevrilib. Əsaslı təmir işlərindən sonra körpələr evi-uşaq bağçasında şərait müasir səviyyəyə çatdırılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb. Hazırda bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait var.

X X X 
 
Avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, üçüncü texniki dərəcəli avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr idi. Uzunluğu 28 kilometr olan yolun yenidənqurmadan sonra hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilib, dağılmış suötürücü borular bərpa edilib, köhnələri isə yenilənib.

Yolun ikinci kilometrliyində Mehmanlı çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün də inşası aparılıb. Daha bir körpü Kürdmaşı çayı üzərində tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol nişanı və məlumatverici tablolar quraşdırılıb, 12 yeni avtobus dayanacağı inşa edilib.

Diqqətə çatdırıldı ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bundan başqa, Bakı-Şamaxı-Yevlax, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxışı təmin edəcək və regionun turizm sektoruna müsbət təsir göstərəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
 
X X X
 
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Kompleksdə əsaslı təmir işlərinə dövlətimizin başçısının tapşırıqlarına əsasən, 2015-ci ilin martından başlanmışdı. Ərazisi 7,5 hektar olan kompleksin həyətində 936 yerlik süni örtüklü futbol meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik üç kottec, basketbol və voleybol meydançaları inşa olunub.

Kompleksin 510 yerlik əsas idman zalı müasir avadanlıqla təchiz edilib.

Məlumat verildi ki, burada müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışları yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb. İkimərtəbəli əsas binada soyunub-geyinmə otaqları, mini futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar da var.

X X X
 
İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da "İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.

Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur.

Müəssisədə ilkin mərhələdə 60 işçi çalışacaq. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur.

Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək.

Müəssisənin ərazisində müasir velotrek meydançası da yaradılıb. Üç hektar sahəsi olan velotrekdə idman yarışlarının keçirilməsi üçün hər cür şərait var.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Dövlətimizin başçısı zavodun istehsal etdiyi velosipedi sınaqdan keçirdi.

Rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Zavodun açılışı münasibətilə sizi təbrik edirəm. Çox şadam ki, İsmayıllıda belə gözəl müəssisə açılır, istifadəyə verilir. Özüm də bu müəssisənin məhsulunu sınamışam. Görürəm ki, çox yaxşı velosipeddir. Əminəm ki, Azərbaycan vətəndaşları bunu qiymətləndirəcəklər.

Bu istehsal əslində ölkəmizin inkişafını göstərir. Göstərir ki, Azərbaycanda indi müxtəlif istiqamətlər üzrə yerli istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir. Mənə verilən məlumata görə, bu zavodun istehsal gücü ildə 30 min ədəd velosiped olacaq. Burada artıq onlarla iş yeri yaradılıbdır, müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu velosipedlər həm daxili bazarda satılacaq, eyni zamanda, hesab edirəm ki, xaricə də ixrac edilə bilər. Çünki keyfiyyət buna şərait yaradır.

Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, şadam ki, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir.

Qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq.

Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır. Gələcəkdə bizə çox valyuta gətirə biləcək sahə nəqliyyatdır. Bizim coğrafi vəziyyətimizi və artıq gördüyümüz işləri nəzərə alsaq, bunu deməyə əsas var. Azərbaycanın iştirakı və bir çox hallarda təşəbbüsü ilə iki transmilli layihə icra edilir. "Şərq-Qərb”, "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın iştirakı ilə baş verir. İki gün bundan əvvəl Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk zirvə görüşündə bu məsələ çox ciddi müzakirə edildi. Azərbaycan burada öz təşəbbüsünü ortaya qoyur. Bu dəhlizin yaradılması və fəaliyyəti ölkəmizə 100 milyonlarla dollar gəlir gətirəcək.

Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır - telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya sahələri, kimya sənayesi. Ancaq bütövlükdə sənaye və kənd təsərrüfatı əsas prioritet kimi qalır və qalacaq.

İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, prezidentlik dövrümdə bu, mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Bu gün icra başçısı mənə görüləcək işlər haqqında məlumat verdi, təqdimatlar edildi. Burada həm turizm sektorunun inkişafı, həm də kənd təsərrüfatının, emal sənayesinin inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun.

Son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi. Qəbələdə beynəlxalq aeroport tikildi. İndi beynəlxalq uçuşlar həyata keçirilir. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir. Bu gün mən İsmayıllı-Qaraməryəm yolunun açılışını etmişəm. Bu da rayon üçün çox böyük əhəmiyyət daşıyır, təxminən 30 kilometr uzunluğunda 34 yaşayış məntəqəsini birləşdirir. O yaşayış məntəqələrində İsmayıllı rayonu əhalisinin üçdə bir hissəsi qədər - 30 minə yaxın insan yaşayır.

Yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, əlbəttə ki, turizm üçün əsas şərtdir. İsmayıllıda digər infrastruktur layihələri icra edilib. İçməli su layihəsi artıq neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri təmiz içməli su ilə təmin olunurlar.

Kanalizasiya və təmizləyici qurğuların da quraşdırılması prosesi başa çatır. Mənə verilən məlumata görə, qazlaşdırma 67 faizdir. Dağlıq relyefi nəzərə alsaq, hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər infrastruktur layihələri də icra edilib.

Sosial obyektlərin və yeni müəssisələrin istifadəyə verilməsi, əlbəttə ki, iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu gün quşçuluq fabrikinin, böyük heyvandarlıq kompleksinin, bir neçə otel və istirahət mərkəzinin təqdimatı oldu. İsmayıllının çox gözəl təbiəti, iqlimi var. Ona görə, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq daha da sürətlə inkişaf etməlidir. Bir qarış torpaq boş olmamalıdır. Daxili tələbatı təmin etmək və ixrac potensialını artırmaq üçün məqsədyönlü şəkildə işlər aparılacaq. Bu barədə bütün göstərişlər verildi.

Bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik. İndi mənə deyirlər, bir sıra rayonlarda, o cümlədən İsmayıllı rayonunda ailələr var ki, ay yarım ərzində baramaçılıqdan minlərlə manat pul qazanıb.

Aran zonasında pambıqçılığın inkişafı geniş vüsət alıb. Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır. İndi hər bir region üçün xüsusi inkişaf planı hazırlanır. Əlbəttə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Ancaq həyat yerində durmur, dəyişikliklər baş verir. Həm bölgədə, həm dünyada yeni situasiya yaranır. İndi bazarlar uğrunda mübarizə gedir. Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək.

İsmayıllıda belə gözəl istehsalat sahələri açılır. Hesab edirəm ki, bu, sahibkarlar üçün də yaxşı bir siqnal olacaq. Çünki burada investisiyalar qorunur. Mən sahibkarları dəstəkləyirəm, onlarla görüşürəm. Son 10 il ərzində sahibkarlara 1 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Həmin pulun hesabına 10 minlərlə, 100 minlərlə iş yeri yaradılıb. Ancaq biz gələcəyə baxmalıyıq. Düzdür, çox iş görülüb, ancaq hələ çox iş görülməlidir.

Bu gün İsmayıllıda ikinci su elektrik stansiyasının açılışını etdik. Bu iki stansiyanın istehsal etdiyi enerji İsmayıllı rayonunun tələbatının 45-50 faizini ödəyir. Bu, artıq gözəl bir göstəricidir. Tələbatın yarısı alternativ, özü də ucuz enerji hesabına təmin edilir. Mənə məlumat verildi ki, yeni su elektrik stansiyasının tikintisi də nəzərdə tutula bilər. O daha böyük həcmdədir - 10 meqavat. İndi mən demişəm ki, texniki-iqtisadi əsaslandırma hazırlansın. Əgər bu məsələ həll olunarsa, onda İsmayıllı rayonu elektrik enerjisini başqa rayonlara - Qəbələyə, Şamaxıya ötürəcək. Bu da enerji təhlükəsizliyimizi təmin edəcək.

Biz işləri planlı şəkildə görürük - ilk mərhələdə infrastruktur layihələri, yol, elektrik stansiyaları, ondan sonra sosial infrastruktur, məktəblər, içməli su, ondan sonra iş yerləri, kreditlər, kənd təsərrüfatı. Mən gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxıram. Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır. Məhz buna görə bu gün milyonlarla xarici turist Azərbaycana gəlir. Təkcə tarixi abidələri seyr etmək üçün gəlmir, o cümlədən ona görə gəlir ki, burada xidmət, təhlükəsizlik yüksək səviyyədədir, insanlarımız qonaqpərvərdir və əlbəttə ki, gözəl şərait var. Bu şəraiti bax biz yaradırıq, siz burada yaradırsınız. Mən Prezident kimi çalışıram ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər daha da yaxşı getsin.

Biz, əlbəttə ki, əldə edilmiş uğurlarla fəxr edə bilərik. Ancaq biz daim irəliyə baxmalıyıq. Harada qüsurlar, çatışmazlıqlar varsa, biz onları aradan götürməliyik və inkişafımızı təmin etməliyik.

Mən sizi bir daha salamlayıram. Əminəm, bu gün mənə təqdim olunan layihələr reallaşacaq və reallaşdıqca mən yenə də İsmayıllıya gələcəyəm ki, o obyektlərin açılışında sizinlə bərabər iştirak edim.

Sağ olun.

X X X

Zavodun əməkdaşı İsmət Mirzəfərli: Möhtərəm cənab Prezident, belə böyük zavodu bizə bəxş etdiyinizə görə kollektivimiz adından Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ ol. Sən burada nə işləyirsən?

İsmət Mirzəfərli: Mexanikəm.

Prezident İlham Əliyev: Buralısan?

İsmət Mirzəfərli: Bəli.

Prezident İlham Əliyev: Bu zavodda işləyənlərin hamısı İsmayıllı rayon sakinləridir? Onlar hansısa kurs, təlim keçiblər?

İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov: Onlar burada müəyyən kurslar keçiblər. İstehsalat prosesini tam öyrənmək üçün isə Sofiyaya gedəcəklər.

Prezident İlham Əliyev: Çox yaxşı. Şəhərdə yaşayırlar?

Mirdaməd Sadıqov: Şəhərdən də var, kənddən də.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva: Möhtərəm cənab Prezident, 2013-cü ildə Siz İsmayıllı tikiş fabrikinin açılışında xeyir-dua vermişdiniz. Bu gün fabrik fəaliyyətini uğurla davam etdirir. Hazırda Sizin göstərişinizlə rayonumuzda daha böyük bir fabrik – İsmayıllı xalça fabriki inşa olunur. Burada 170-ə yaxın işçi çalışacaq. Bütün bunlar Sizin İsmayıllıya diqqətinizin, xüsusi qayğınızın nəticəsidir. Bu diqqətə və qayğıya görə Sizə ismayıllılılar adından ürəkdən təşəkkür edirik. Çox sağ olun, cənab Prezident! Tanrı Sizi bizlər üçün qorusun. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu gün "Azərxalça” İstehsalat Birliyinin yeni binasının layihəsinin təqdimatı da keçirildi. Bildiyiniz kimi, bu yaxınlarda mən "Azərxalça” müəssisəsini yaratdım. Bu, qısa müddət ərzində ölkəmizin müxtəlif yerlərində xüsusilə qadınlar üçün minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz xalçaçılığı gərək nəinki qoruyaq, həm də inkişaf etdirək. Çünki indi Azərbaycanda məşğulluq artır, işsizlik aşağı səviyyədədir. Ancaq araşdırsaq, görərik ki, qadınlar arasında işsizlik nisbətən daha çoxdur. Ona görə də qadınları işlə təmin etmək, eyni zamanda, xalçaçılığı yaşatmaq və ixrac potensialımızı artırmaq üçün belə bir qərar qəbul edildi. İndi bir çox rayonda, o cümlədən İsmayıllıda xalçaçılıq üzrə istehsalat sahələri yaradılır. Çünki İsmayıllıda xalçaçılıq sənəti çox inkişaf edib və qədim tarixə malikdir. İsmayıllının özünəməxsus xalçaçılıq üslubu var.

Bu xalçaçılıq müəssisəsi bütün lazımi avadanlıq, dəzgahlar, iplər, boyalarla təmin ediləcək, ilkin mərhələdə 170 iş yeri yaradılacaq. Biz tezliklə bu işlərə start verəcəyik. Xalça ixrac məhsuludur. Üstünlüyü ondan ibarətdir ki, onun istehsalına gedən vəsait yerli valyuta ilə ölçülür, amma ixrac olunarkən ölkəmizə xarici valyuta gələcək. Eyni zamanda, biz bu gözəl sənəti yaşatmalıyıq. Çünki xalça xalqımızın milli sərvətidir. Bakıda möhtəşəm Xalça Muzeyi tikilib. Təkcə ona görə yox ki, biz Bakını daha da gözəlləşdirək, ona görə ki, bu, bizim milli sənətimizdir. Bükülmüş xalça formasında tikilmiş o möhtəşəm bina əslində bunu bir daha göstərir.

Kiçik, orta sahibkarlığın inkişafı üçün ölkəmizdə hər cür şərait var. Əlbəttə ki, sahibkarlar gərək daha da çox işləsinlər. Biz sahibkarları dəstəkləyirik, onlara həm maliyyə vəsaiti ayrılır, həm siyasi dəstək göstərilir. Misal üçün, kiçik ailə təsərrüfatları yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində əsas məhsulu ailə təsərrüfatları istehsal edir. Əlbəttə, böyük aqrokomplekslər də lazımdır. Biz indi aqroparklar yaradırıq. Belə aqroparklardan biri Xaçmaz rayonunda, Yalamada, digəri Şəmkir rayonunda yaradılır. Amma kiçik fermer təsərrüfatları, ailə fermer təsərrüfatları da yaradılmalıdır.

İndi özünüməşğulluq proqramı icra edilməyə başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bu il bu işlərə start verilir. Mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün 6 milyon manat vəsait ayrılıb. Yerli icra hakimiyyəti orqanları da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkliflər versinlər. Müxtəlif sahələr - heyvandarlıq, bitkiçilik, arıçılıq sahələri üzrə ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur. İsmayıllıda arıçılıq inkişaf edib və böyük perspektivləri var.

Mirdaməd Sadıqov: Cənab Prezident, İsmayıllıda ənənəvi sənət növlərindən biri də arıçılıq olub.

Prezident İlham Əliyev: İsmayıllı balı da çox keyfiyyətlidir. Amma biz statistikaya nəzər salsaq görərik ki, fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsuldur. Ona görə də kütləvi şəkildə fındıq bağları salınmalıdır. İsmayıllıda bu, o qədər də geniş vüsət almayıb. Burada minlərlə hektar sahədə fındıq əkilməlidir, çünki iqlim də, torpaq da buna imkan verir. Fındıq əkənlər bundan xeyli fayda götürəcək, onlara böyük miqdarda pul gələcək, həm də ixrac edəcəklər. İsmayıllıdan Balakənə qədər olan bütün bu zonanın təbii şəraiti buna imkan verir. Heç bir boş sahə qalmamalıdır.

Rayon icra hakimiyyətinin İvanovka inzibati ərazi vahidi üzrə nümayəndəsi Olqa Jabina: Cənab Prezident, Sizi yenidən İsmayıllıda görməyimizə çox şadıq. Çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Bütün ivanovkalılara mənim salamımı və xoş arzularımı çatdırın. Mən istəyirəm ki, siz yaxşı yaşayasınız, həmişə necə yaşamısınız elə yaşayasınız.

Rayon sakini Zaur Muradov: Möhtərəm cənab Prezident, bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinə görə Sizə minnətdarıq. İki gün bundan əvvəl keçirilən tədbirlər də bizim dövlətimizin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Biz Sizinlə qürur duyuruq.

Prezident İlham Əliyev: Sağ olun. Sizə uğurlar arzulayıram. Biz yenidən görüşəcəyik.

x x x

Sonda xatirə şəkli çəkdirildi./AZƏRTAC/

MediaFax