İlham Əliyev Salyana gedib - Yenilənib

11:36 
 
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı rayonuna səfər edib.
 
Dövlət başçısı Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışına qatılıb.
 
Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
 
Dövlət başçısına məlumat verilib ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır.
 
Muzeydə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.
 
Prezident "ASAN həyat” kompleksinin açılışında da iştirak edib.
 
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
 
Məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.
 
Kompleksdəki "ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.
 
Prezident İlham Əliyev mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 
--------------
13:26 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
 
X X X 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, bu müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırılıb.

Azərbaycan Prezidenti xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
 
-------------
16:36
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Salyan şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
 
X X X
 
Sentyabrın 3-də Salyan şəhərinə Şirvan-Muğan magistral su kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti su xəttini işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.
 
X X X
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində sentyabrın 3-də Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeydə yaradılmış şəraitlə tanış oldu./AZƏRTAC/
 
MediaFax