İki qitəni birləşdirən üçüncü körpü açılır - Bakıdan da gedən var

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak etmək üçün bu gün Türkiyəyə səfər ediblər.

"Qafqazinfo”nun məlumatına görə, IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün eni 59 metr, uzunluğu 1408 metr olmaqla, dünyanın ən geniş və uzun rels sisteminə malik "Asma körpü”sü olacaq.

Avropa ilə Asiya qitəsini birləşdirəcək bu körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla, 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.

Açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və nazirlər qatılacaq. Milli Məclis sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri gözlənilir.

Açılış mərasimi ilə əlaqədar keçiriləcək tədbirlərdə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcək.

Səfər avqustun 27-də başa çatacaq.
 
X X X

İstanbul boğazının üçüncü körpüsü olan Yavuz Sultan Selim körpüsünün rəsmi açılış mərasimi keçirilir.
 
Bu, Avropanı Asiyaya bağlayan üçüncü körpü olacaq.
 
Körpünün açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Bəhreyn kralı Hamed bin İsa Al Halife, Bosniya-Herseqovina Prezident Şurasının sədri Bəkir İzzetbegoviç, Makedoniya prezidenti George İvanov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Bolqarıstan baş naziri Boyko Borisov, Serbiya baş nazirinin müavini Rasim Ljajic, Gürcüstan baş nazirinin birinci müavini Dmitri Kumsişvili və digər dövlət rəsmiləri iştirak edirlər.
 
Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
 
Mərasimlə əlaqədar xüsusi təhlükəsizlik tədbiri görülüb.
 
Yavuz Sultan Selim körpüsündə 4 hərəkət zolaqlı avtomobil yolu, 2 dəmiryol xətti var. Körpünün eni 59 metr, uzunluğu 2 164 metr, körpünün qüllələrinin hündürlüyü 322 metrdir. Körpünün ərsəyə gəlməsinə 3 milyard dollar sərf edilib.
 
Mərasim "Quran” oxunması ilə başlanıb./apa.az/

MediaFax