İki ay sonra manatı çətin sınaq gözləyir - Ekspert

"FED-in ilin sonuna gözlənilən qərarının manata təsiri indikindən yüksək olacaq”.
 
Bunu iqtisadçı Qubad İbadoğlu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) sentyabrın 20-21-də keçirdiyi toplantısı barədə danışarkən bildirib. O qeyd edib ki, gözlənilənlər doğruldu:

"Buna baxamayaraq, FED-in direktoru Canet Yellen bəyanatla çıxış edərək, bildirdi ki, "uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur. Lakin hələ ki gözləməyə qərar verdik. Çünki, iqtisadiyyatın, o cümlədən əmək bazarının daha da möhkəmlənməsinə dair yeni məlumatlara ehtiyac var”.
 
İyun ayından başlayaraq ABŞ-da işsizlik səviyyəsi demək olar ki, dəyişməz qalaraq cəmi 4.9 faiz təşkil edib. Rəqəm may ayı ilə müqayisədə 0,2 faiz çox olsa da , bu ilin yanvar ayı ilə eyndir. İnflyasiyaya gəlincə, bu ölkədə avqust ayında illik inflyasiya 1,83 faiz təşkil edib, bu ötən ilin avqustu ilə müqayisədə 0,23 faiz çoxdur. İnflyasiyanı artıran amillərdən biri də ev təsərrüfatlarının xərclərinin artmasıdır”.
 


Q.İbadoğlu deyib ki, FED-in Federal Açıq Bazar Komitəsinin bu il ərzində 2 toplantısı nəzərdə tutulur: 1-2 noyabr və 13-14 dekabr:

"Böyük ehtimalla bundan sonrakı iki toplantıdan birində uçot dərəcənin artırılmasına qərar veriləcək. Çox güman ki, bununla bağlı qərar 13-14 dekabr toplantısında elan ediləcək. Belə ki, həmin iclasda həm də ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların xülasəsi hazırlanacaq və yenidən FED-in direktoru Canet Yellen bəyanatla çıxış edəcək”.

Ekspert FED-in gözlənilən qərarının manata təsirinin yüksək olacağını bildirib:

"FED-in gözlənilən qərarının Azərbaycan manatına psixoloji təsiri ilin sonunda daha yüksək olacaq. Fikrimcə, bu ilin son aylarında, xüsusilə də noyabr və dekabr aylarında manatın durumu indikindən çətin olacaq. Çünki, ilin sonunda xarici öhdəliklərin icrası ilə bağlı şirkətlərin və bankların valyutaya ehtiyacları bazara təzyiqi kəskin artıracaq”./modern.az/
 
MediaFax