Hicablı qız prezidentin əlini sıxmadı - Video

Almaniyada hicablı tələbə ölkə prezidenti Yoahim Qaukun əlini sıxmaqdan imtina edib.
 
Tələbə qız dini inancına əməl edərək əlini sinəsinə qoyub başını tərpətməklə prezidenti nəzakətlə salamlayıb. Prezident Qauk anlayışla əlini geri çəkərək növbəti tələbəyə yaxınlaşıb.

Tələbənin bu addımı birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirə olunub. Bəzi şəbəkə istifadəçiləri qadının addımını dini baxımdan doğru olduğu üçün alqışlasa da, digər qismi onu prezidentə hörmətsizlik etməkdə ittiham ediblər. 

Hicablı tələbənin sözügedən addımı nə qədər doğrudur? Bu, prezidentə qarşı hörmətsizlik, yoxsa dini tələbdir?

Dini ekspert Kənan Rövşənoğlu bildirib ki, müsəlman kişinin naməhrəm qadınla, müsəlman qadının naməhrəm kişilərlə əl tutması haramdır: "Yalnız bəzi islam alimləri istisna hallarda, əlcəkdə olan qadınlarla kişilərlə görüşməyə icazə verilir. Bəzi islam alimləri xüsusən də yad mədəniyyət nümayəndələri və ya mənfi imic yaratmamaq üçün kişilərə əllə görüşməyə icazə verir. Məsələn, Türkiyənin hazırkı rəhbərliyi buna əsasən əl tuturlar. Amma bunlar istisna hallardır. Ümumi qayda isə qadınların məhrəm olmayan insanlarla əl tutmasını qadağan edir”.

Hicablı əməkdaşımız Nərgiz Liftiyeva  deyir ki, inanclı şəxs olaraq naməhrəm kişilərlə əl sıxışmır: "İslam dininin qaydalarına görə naməhrəm olan qadın və kişilərin görüşərkən əks cinsin əlini sıxması qadağandır. Naməhrəmə toxunmaq təkcə qadın üçün deyil, kişi üçün də eyni dərəcədə günah sayılır. Ancaq günümüzdə buna daha çox inanclı qadınlar əməl edir. Qadınlarla görüşərkən əl sıxmaqdan imtina edən inanclı kişilər də var. Bir inanclı şəxs olaraq mən də bu qaydaya əməl edirəm. Lakin ictimai bir işdə, jurnalistikada çalışdığım üçün tez-tez çətin vəziyyətə düşürəm. Bəzən müsahiblərim və ya qarşılaşdığım həmkarlarım görüşmək üçün əl uzatdıqda üzrxahlıq edərək əllərini havada saxlamalı oluram. Əksəriyyət bunu anlayışla qarşılayır. Hətta, onlar bilmədən əl uzatdıqları üçün üzr istəyirlər. Şükürlər olsun ki, çevrəmdəki insanlar ziyalı kəsimdir və hər kəsin inancına hörmət etməyi bacarırlar. Bu mənada elə bir çətinlik yaşamıram. Lakin etiraf edim ki, bu hərəkətimə görə məndən inciyənlər də olub. Müsəlman tələbə qızın Almaniya prezidentinin əlini sıxmaması təqdir olunmalı bir hərəkətdir. Çünki İslam dini insanlar arasında fərq qoymamağı tələb edir. Qarşındakı prezident olsa belə eyni qayda onun üçün də keçərlidir”./musavat.com/
 

MediaFax