“Günəşli” yatağı yanğından sonra - FOTOLAR

"Azneft” İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti” Tresti 28 May adına NQÇİ-nin istismar etdiyi "Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini başa çatdırmaq üzrədir.

Bu haqda SOCAR-ın mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək özüldəki 30 quyunun quyuağzı avadanlıqları təftiş edilib:

"Təhlükəsiz iş şəraiti yaradılıb. Özüldə yararsız hala düşmüş 2600 tona yaxın metal-konstruksiya sökülüb, 4 modul bərpa edilib, hər birinin çəkisi 330 ton olan 2 qülləaltı modul hazırlanaraq dənizdəki yerində quraşdırılıb.

Həmin modullar üzərində qülləaltı postament və qüllə quraşdırılıb, quyuların təmir-bərpa işlərinə başlanılıb.

Özüldə yararsız hala düşmüş 2 ədəd kran, Türkiyə istehsalı olan 2 ədəd yeni kranla (qolunun uzunluğu 18,2 m, yükqaldırma qabilliyəti 32 ton) əvəz olunub.
 
Yararsız hala düşmüş 4 yanalma meydaçasından 2-si yenilənib, 2-si isə təmir edilib. İstismar modulu ilə yaşayış bloku arasında odadavamlı divar səddi çəkilib, yanğınsöndürmə sistemi bərpa edilib, işıqlandırma sistemi yenilənib.

4 ədəd 42 nəfərlik xilasetmə qayığı və 1 ədəd 20 nəfərlik xilasetmə salı hazır vəziyyətə gətirildiyi açıqlanıb.

İşçilər zəruri fərdi mühafizə vasitələri ilə təmin olunub. Helikopter meydançası təmir edilərək hazır vəziyyətə gətirilib”.
 
Məlumatda işıqlandırma dövrələrinin, köməkçi avadanlıqların kabelləşməsi, kabel yollarının quraşdırılması işləri davam etdirildiyi açıqlanıb:
 
"Özüldə quraşdırılacaq 6 kV-luq paylayıcı qurğunun binasında işlər yekunlaşmaq üzrədir və yaxın vaxtlarda platformada quraşdırılması planlaşdırılır. Məlum olduğu ki, bu günlərdə texnnoloji sistem bərpa edilmiş və ilk quyu-43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Özüldəki daha iki quyunun-340 və 160 nömrəli quyuların əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə bu quyuların istismar fonduna qaytarılması gözlənilir. 

Təmir-bərpa işləri zamanı özüldə ekoloji vəziyyətə nəzarət olunmuş, ekoloji monitorinq keçirilib, çatışmazlıqlar aradan qaldırılıb. İşçilərin təmiz suya olan tələbatının ödənilməsi üçün Əks Osmos qurğusu quraşdırılıb”.

Xatırladaq ki, Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17.40 radələrində başlayıb.
 
Nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib.
 
Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdı./modern.az/
 




MediaFax