Ərəb turistlərlə bağlı - Xəbərdarlıq

Ərəblərin, iranlı turistlərin Azərbaycana meyl etməsi, Bakıda, onun bölgələrində istirahət etməsi artıq günün reallığıdır.
 
Dəbdəbəli restoranlar onların axınına uğrayıb, istirahət komplekslərində yanındakı geniş ailəsi, 4-5 həyat yoldaşı ilə birgə istirahət etməyə çalışan ərəblərlə heç kimi təəccübləndirmək mümkün deyil. Bu proses özünü təkcə istirahət modeli ilə yekunlaşdırmır.  Ərəblər artıq ölkəmizə investisiya da yatırırlar. Paytaxtda mənzil, bölgələrdə torpaq sahəsi alanlarla bağlı zaman-zaman mətbuatda məlumatlar yer alır. 

Amma məsələnin bir başqa tərəfi də var. Belə ki, ərəblər daha çox çoxarvadlılıqla tanınırlar və onlar üçün yeni bir zövcə həyatın qanunu kimidir.
 
Redaksiyaya daxil olan məlumata görə, bu günlərdə Bakıda ərəblərin qaldığı bir oteldə maraqlı hadisə baş verib. Otelin resepsionunda çalışan bir gənc qız orada məskunlaşan ərəblərdən birinin hədsiz dərəcədə xoşuna gəlib və qonaq ona evlənmə təklifi edib. Məlumatı qəzetimizə ötürən şəxs deyir ki, ərəb qızın onunla evlənməsi üçün istənilən qədər qızıl, pul verməyə hazır olduğunu bildirib. Bu təklifə rədd cavabı verən otel işçisinə isə rəhbərlikdən bildirilib ki, bu cür təklifləri yığışdırsın. Bundan başqa, ərəbin evli olması, iki arvadı ilə tətilə çıxması da ona xatırladılıb. Amma sonuncu bildirib ki, həyat yoldaşlarına da bu arzusu barədə bildirib və onlar buna etiraz etməyiblər. Təbii ki, son nəticədə bu izdivac - əgər buna izdivac demək olarsa – təklifi rədd edilib. Amma bununla belə, tendensiya var və bunun gələcəkdə xoşagəlməz miqyaslara çıxacağı da istisna deyil. 

Pullu ərəblər daşınmaz əmlak, turizm... deyərkən, azərbaycanlı qadınlara da tacir gözü ilə baxa bilərmi? Bunun fəsadları nələrdir? 

Təmiz Dünya Mərkəzinin rəhbəri Mehriban Zeynalova bu təhlükənin baş verəcəyini istisna etmir. Onun fikrincə, bu tip məqamlarda əsas məsələ şəxsin özünün qərar qəbul etməsidir: "Əsas odur ki, cinayət məqsədilə bu qızların alınması, satılması olmasın. O, hər şəxsin öz qərarıdır ki, kiminsə beşinci arvadı olsun, ya olmasın. Amma əsas məsələ bundan sonrakı mərhələdir. Yəni, alıb o qızları öz vətəninə aparandan sonra başına gələnlər önəmlidir”. 

Müsahibimiz hesab edir ki, bu tendensiya müzakirə edilməlidir. Azərbaycan telekanallarında ərəblərin Azərbaycana axını barədə müzakirələrə, təhlilə rast gəlmədiyini deyən M.Zeynalovaya görə, mövzu ekspertlər, psixoloqlar tərəfindən müzakirə olunmalı, əhali də buna qulaq asmalıdır: "Biz bu problemi görür, amma müzakirəni görmürük. Elə bir ab-hava yaradılır ki, ölkəyə belə bir axın yoxdur. Daha bir məqam isə odur ki, bəzi insanlar Azərbaycandan kənarda yaşamaq istədikləri üçün bu cür təkliflərə dərhal razılıq verirlər. Halbuki burda rəsmi evlilik məsələsi cüzidir. Onların evli kimi bu ölkəni tərk etməsi mümkün olmayacaq. Daha sonra isə uşaqların qeyri-qanuni, nikahdankənar dünyaya gəlməsi məsələsi də ortaya çıxacaq. Bundan başqa, müxtəlif xəstəliklərin yayılması da mümkündür”. 

M.Zeynalova onu da bildirdi ki, bəzi hallarda bu cür təkliflərə maddi durumu ağır olan şəxslər razılaşa bilər. Müsahibimizin fikrincə, bu səbəbdən də əhaliyə müvafiq xəbərdarlıqlar edilməlidir: "Təbii ki, bunu aşağılayıcı xarakterdə yox, maarifləndirici tonda etməik lazımdır ki, insanlarımız ayıq-sayıq olsunlar”./musavat.com/

MediaFax