Əli İnsanova qarşı 3 maddə - Yenilənib

10:26 
 
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanılıb.

Bu barədə onun vəkili Toğrul Babayev bildirib.

T.Babayevin sözlərinə görə, ötən gecə Ə.İnsanovun vəkillərinə Qaradağ rayon Prokurorluğundan zəng edilərək məlumat verilib: "Hazırda sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında gözləyirik. Lakin bizə Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanılması barədə məlumat verilməyib. Prokurorluq əməkdaşları Cəzaçəkmə Müəssisəsinə daxil olsa da, bizə çöldə gözləmə ilə bağlı göstəriş verilib".

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub./report.az/
 
-------------
14:37
 
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittiham açıqlanıb.
 
Bu barədə Müsavat Partiyasının üzvü, keçmiş məhkum Tofiq Yaqublu özünün "facebook” səhifəsində yazıb. T. Yaqublunun yazdığına görə, Ə. İnsanov həbsxanada ona müraciət edən məhkumları səhv müalicə etməkdə təqsirləndirilir.
 
------------
18:36 
 
Sabiq səhiyyə naziri Əli İnsanov barəsində hansı maddələr üzrə cinayət işinin başlandığı məlum olub.
 
Ə. İnsanovun vəkili Toğrul Babayev bildirib ki, sabiq nazirə Cinayət Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.
 
Vəkil qeyd edib ki, istintaq hərəkətləri aparılıb, dindirmə olub: "Əli İnsanov ifadə verməkdən imtina edib. O, irəli sürülən ittihamların heç birini qəbul etməyib. Biz hazırda Qaradağ Rayon Məhkəməsindəyik. Sabiq nazirin Cəzaçəkmə Müəssisəsindən təcridxanaya etap olunması ilə bağlı qərar qəbul olunmalıdır”.
 
T. Babayev Ə. İnsanovun həbsdən azad edilməsinə 1 ay 27 gün qaldığını da bildirib.
 
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb./apa.az/
 
MediaFax