Ekspert nazirə təklif verdi - İşsizliklə bağlı

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında bildirib ki, Bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib 

Nazirin sözlərinə görə, son dövrdə bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb:

"Həmin insanlar işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub. Son səkkiz ayın məlumatına görə isə banklarda orta aylıq əmək haqqı çox yüksək, təxminən 1252 manatdır.Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Buna görə də bu il bu məqsədlə ayrılan 15 milyon manat bu məqsədə kifayət etmir".

İşsizliyin artdığı dönəmdə bu porblemi necə çözmək olar? Büdcəyə ayrılan vəsait işsizlik müavinətinə çatmazsa, nazirlik vətəndaşlara müavinəti necə verəcək?
 

Problem və onun həllinə dair iqtisadçı ekspert Qalib Toğrul saytımıza açıqlama verdi. Ekspert açıqlamasında bildirdi ki, ünvanlı sosial yardıma ayrılan vəsaitlərin bir hissəsini işsizlik müavinətə yönləndirmək lazımdır:

"Azərbaycanda işsizliklə bağlı rəqəmlər həmişə süni şəkildə kiçildilib. Bunun da ən əsas yolu işsizlərin Məşğulluq Mərkəzləri tərəfindən müxtəlif əsassız bəhanələrlə işsiz kimi qeydiyyata götürülməməsi olub. Bununla da, ölkədə işsizlərin sayı dəfələrlə azaldılıb. Dövlətin vəzifəsi vətəndaşını işlə təmin etməkdir, əgər işlə təmin edə bilmirsə, o zaman işsiz vətəndaşına müavinət verməlidir. İndi işsizlərə veriləcək müavinətlərin çatmayacağından danışılır. Mən təklif edirəm ki, ünvanlı sosial yardıma ayrılan vəsaitlərin bir hissəsi bura yönəldilsin. Hələ vaxt var, büdcə layihəsinin müzakirələri zamanı bu təklifi vermək və müvafiq dəyişiklik etmək olar. Hər il dövlət büdcəsindən 200 milyon manata yaxın vəsait ünvanlı sosial yardıma ayrılır və onun böyük hissəsi ünvanına çatmır. Bugünədək təxminən 2 milyard manata yaxın vəsait bu şəkildə səmərəsiz xərclənib, aztəminatlı ailələrə verilmək əvəzinə dağıdılıb. Zərərin harasından qayıtsan, xeyirdir, yönəltsinlər həmin vəsaiti işsizlik müavinətlərinin verilməsinə. Vaxt da var, imkan da.”

Xatırladaq ki, 2016-cı il avqustun 1-ə Azərbaycanda rəsmi olaraq 35 min nəfər işsiz qeydə alınıb ki, bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çoxdur./qaynarinfo.az/

MediaFax