Ekspert agentliyin maxinasiyalarını ifşa etdi

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov açıqlama verib.
 
Sədr müavini deyib ki, 2020-ci ilə qədər Azərbaycanda həyata keçiriləcək alternativ və bərpa olunan enerji mənbələri layihələri hesabına 1,1 mlrd. kubmetr təbii qazın qənaətinə nail olmaq mümkün olacaq. 

Bu, Azərbaycanda ÜDM-in 7,9% artmasına səbəb olacaq. 2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 mln. manat vəsait yatırılıb ki, onun 83%-i dövlət, 17%-i isə özəl sektorun hesabına əldə olunub.
 
İqtisadçı ekspert Natiq Cəfərli agentliyin maxinasiyalarını ifşa edib. 

Onun sözlərinə görə, son illərdə bu sahəyə 1 milyard manata yaxın vəsait qoyulubsa, nə qədər elektrik enerjisi istehsal edilib: "Bunun hesabları varmı? Yoxsa bu qədər vəsaiti də yeyib, üstündən su içiblər? 

Bu vəsaitin 850 milyon manatı dövlət vəsaiti, qalan vəsaitin də böyük hissəsi Avropa Birliyinin hökumətə verdiyi qrant olub. Cəmil müəllim heç bilirmi ki, 1,1 milyard kubmetr qaz nə qədər pul edir? 

İndiki qiymətlərlə bu cəmi 250 milyon dollardır, 2020-də isə bu həcm 200 milyon dollar etsə, böyük şeydir. Cəmil müəllim anlayırmı ki, ÜDM nədir, necə hesablanır? 8% ÜDM artımını 1,1 mlrd. qazla necə təmin edəcəklər? Belə də savadsız bəyanat olar?! Belə məmuru 1 gün də işdə saxlamaq olmaz. Müstəqilliyimizin 25 illiyində bizi belə savadsız, mənasız insanlar idarə edir”./politika.az/

MediaFax