Əcnəbi idmançılara niyə üstünlük veririk?

Hazırda davam edən Rio-2016 və "Qarabağ”, "Qəbələ” klublarının Avropa Liqasında uğurlu çıxışları bir çox məsələləri gündəmə gətirib. Belə ki, Azərbaycanda daha çox yerli yox, xarici futbolçu və idmançılara üstünlük verildiyi üzə çıxıb. 

Zaman-zaman bu məsələ gündəmə gəlib. Amma indi daha çox müzakirə olunur. Buna səbəb də, Rio-2016-da iştirak edən idmançılarımız və Avropa Liqasındakı təmsilçilərimizin heyətləridir. Təsadüfi deyil ki, əvvəlki illərdə "Qarabağ” heyətinin əsasını azərbaycanlı futbolçular təşkil edirdisə, indi bunun tamam əksidir. Oyuna çıxan ilk 11-likdə ya üç, ya da dörd yerli futbolçu var. Həmçinin "Qəbələ”də də eyni vəziyyət hökm sürür. Məsələnin görünən tərəfi odur ki, Azərbaycanın idman siyasətində son illərdə əcnəbi futbolçu və idmançıların milliləşdirilməsi, yaxud transfer olunmalarına daha çox önəm verilir. Bu da ciddi müzakirə mövzusu yaratmaya bilməz. Əsas tənqidi fikirlər ölkə daxilində yerli idmançıların yetişdirilməsinin zəif olması ilə bağlıdır. 

İdman jurnalisti Natiq Muxtarlı hesab edir ki, idmanda infirasukturun olması çox vacibdir: "İdman məhsuldur. Hansısa məhsulu yetişdirmək üçün mərhələlər olur ki, sonda məhsul götürəsən. Azərbaycanda futbolçu, idmançı yetişdirmək üçün iş görülmür, şərait qurulmur. Əgər şərait yoxdursa, futbolçu göbələk deyil ki, yerdən çıxsın. Futbolçu yetişdirmək üçün məhəllə futbolu, akademiya, çoxsaylı stadionlar, xaricdə təhsil görmüş kadrlar və digər vasitələr olmalıdır. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə psixoloq, qidalanma yerində olmalıdır. Azərbaycanda Bakıda 2-3 stadion tikilib. Bölgələrdə isə ümumiyyətlə, stadionlar yoxdur. Olan stadionlar isə ölkə çempionatını keçirmək üçün istifadə olunur. Maraqlanaq, görək ölkəmizdə uşaqlar harada məşq edirlər. "Şəfa”nın 4-cü stadionunda rezin örtük üzərində. Digər bunun kimi yerlər var. İnanın ki, yuxarıdan baxanda rezinin iyisi insana nəfəs almağa imkan vermir. Keyfiyyətsiz rezindir. O rezinin üzərində uşaqlar futbol oynayırlar, biz də deyirik ki, niyə ölkəmizdə futbolçu olmur. Futbolçu niyə olmalıdır? Bunun üçün hansı şərait var? Nə Gənclər və İdman Nazirliyi, nə AFFA, nə də klub rəhbərləri oyunçu yetişdirmək üçün heç bir iş görmürlər. Bu hal bütün idman növlərinə sirayət edib. Göstərin, görək, Azərbaycanın hansı bölgəsində güləş məktəbləri var. Bütün bölgələrimizdə kifayət qədər güclü güləşçilərimiz var. Amma güləş məktəbləri yoxdur ki, elə güləşçilərin istedadları üzə çıxmır. Nəticədə məcbur olub xaricdən idmançı gətiririk. Bir misal çəkim. "Yeni Günəşli” qəsəbəsində yaşayıram. 60-70 min əhali yaşayır. İdmanla məşğul olmaq üçün heç bir idman obyekti yoxdur. Burada bir güləş məşqçisi mağazanı icarəyə götürüb, ora 3-4 dənə döşək atıb. Onun üzərində uşaqlar məşq edirlər. Çünki maraqları var. İlk növbədə o məşqçiyə təşəkkür etmək lazımdır ki, uşaqları pis yola getmələrinin qarşısını alıb, idmana yönəldir. O məşqçi ilə söhbət etdim. Dedim ki, niyə Gənclər və İdman Nazirliyinə müraciət etmirsən ki, sənə kömək etsinlər. Dedi ki, müraciət etdim, mənə "nəticə qazan, sonra baxarıq” dedilər. Bu anormal düşüncə nazirlikdə oturan rəhbər işçilərdədir. Gözləyirlər ki, nəticə qazanılsın, sonra kömək barədə düşünsünlər. Əvvəl şərait yaradılmalıdır, sonra nəticə tələb olunmalıdır. Bütün dünyada belədir. Amma bizdə əksidir. Şərait yaratmırıq, sonra məşqçiyə deyirik ki, get necə edirsən, et, öz hesabına şərait qur, nəticə qazan, sonra biz fikirləşək. Nazirliyin idmana münasibəti budur. İdmançı yetişdirmək gələcəyə hesablanır. Amma onlar gələcəyi düşünmürlər. Xaricdən idmançı gətirib, 5-6 medal qazanırıq, sonra isə deyirik ki, Azərbaycan yarışda bu qədər medal qazandı. Amma bu medalları kim qazanıb, məsələnin ikinci tərəfi bax budur. Azərbaycan idmanının sabahı yoxdur. Bu idmanın ancaq bu günü var. Bölgələrdə müxtəlif idman növləri üzrə məktəblər yoxdur. Azərbaycanda ənənəsi olan idman növlərindən danışıram. Doğulduğum bölgənin voleybol komandası 1962-ci ildə respublika çempionu olub. Yəni kənd uşaqlarından qurulmuş komanda. Amma indi voleybolla maraqlanan var? Masallının "Viləş” komandası öz yetirmələrinin hesabına ölkə çempionatında üçüncü yeri tutmuşdu. Xarici yarışlarda iştirak etmişdi. Amma indi bu komanda dağılıb. Masallıdakı stadion isə Gənclər və İdman Nazirliyinin nəzarətinə verilmişdi. Onlar da "Palmalı” Şirkətlər Qrupuna veriblər. Mübariz Mənsimov isə, Azərbaycandakı biznesini yığışdırıb, stadion isə başsız qalıb. "Viləş”in veteranları isə fəhlə işləyirlər. 500 Masallı veteranı dəfələrlə nazirliyə müraciət ediblər ki, Masallıda uşaq futbolu üçün məktəb açılsın. Amma nəticəsiz qalıb. Acınacaqlı vəziyyət belədir. İdarəetmədən hər şey asılıdır. Əgər əcnəbi futbolçu yerli oyunçudan üstündürsə, Qurban Qurbanov niyə də əcnəbini oynatmasın? Yerli idmançılarla Avropada heç nə etmək mümkün deyil”./musavat.com/

MediaFax