Dövlət bundan 150 milyard dollardan çox qazanıb - İqtisadçı-ekspert

"Azəri-Çiraq-Günəşli yatağının istismarından Azərbaycan dövləti 150 milyard dollardan çox qazanıb”.

Bunu Mediafax.Az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bunun 23 faizi, 35 milyard dolları Dövlət Neft Fondunun aktivləri kimi dünya maliyyə, qızıl və əmlak bazarlarında yerləşdirilib: "Bu gün Azəri-Çıraq-Günəşli yatağının istismarı məqsədilə xarici şirkətlərlə Azərbaycan hökümətinin imzaladığı ilk və son böyük hasilatın pay bölgüsü sazişinin ildönümüdür. Ötən 22 ilə nəzər salanda ilk növbədə bu sazişdən Azərbaycanın qazancları sırasında neft dolları göz önünə gəlir. Neft dolları siyahında karbohidrogen resurslarının (neft, qaz, konensat) birbaşa satışından əldə etdiyimiz valyuta gəlirləri önə çıxır”.
 
 

Q.İbadoğlu vurğulayıb ki, Dövlət Neft Fondunun (DNF) ötən il üzrə hesabatından görünür ki, 2001-2015-ci illərdə bu məhsulların ixracatından Fondun gəlirləri 124,9 milyard dollar və yaxud son 15 ildə orta hesabla 6,6 milyard dollar olub: "Bu isə o deməkdir ki, DNF son 15 ildə neftdən hər gün 18 min 265 dollar, hər ay isə 555 milyon 555 min dollar vəsait qazanıb. Bu yalnız DNF-nin birbaşa qazancıdır. Bundan əlavə 2010-2015-ci illərdə Dövlət Neft Fondu valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 2,4 milyard manat qazanc əldə edib. Bununla yanaşı, 2006-2015-ci illərdə ARDNŞ və BP ayrı-ayrılıqda 12 milyard manata qədər dövlət büdcəsinə vergi ödənişləri edib”.

MediaFax