Dünyanın ən varlı adamı Putindirmi? - Araşdırma

Qərb mətbuatında Rusiya prezidentinin hüdudsuz varidatı yenidən gündəmə gətirilir

Rusiya prezidenti Vladimir Putinin 17 illik hakimiyyəti dövründə 200 milyard dollarlıq sərvətə, 58 təyyarəyə, habelə 20-dən çox saray və şəhərkənarı villalara sahib olduğu barədə informasiyalar yayılıb.

"Rusiya prezidentini dünyanın ən varlı adamı saymaq mümkündür. Ekspertlərin fikrincə, onun aktivləri 200 milyard dolları keçir”, -Britaniyanın "Daily Mail” qəzetinin yazarı Kelli Maklaflin yazır.

Qəzet davam edir: Rusiyada fəaliyyət göstərən investisiya fondlarından birinin keçmiş rəhbəri Billi Brauder də Kremlin sahibinin varidatının 200 milyard dolları ötdüyünü bildirir. Putinin hakimiyyətdə olduğu 17 il ərzində ölkədə məktəb, yol və xəstəxanalara xərclənməyən pullardan külli miqdarda sərvət əldə edib. Bütün bu pullar banklara, daşınmaz əmlaka, "hec-fond”lara yönəldilib və Putinin maraqları naminə idarə edilir”, - Brauder qeyd edib.

"Rusiyalı politoloq Stanislav Belkovskiyə görə isə Putinin əmlakının böyük hissəsi neft biznesinə yönəlib. Rusiya prezidenti "Surqutneftqaz”ın 37%-nə, "Qazprom”un isə 4,5%-nə nəzarət edir. Bundan başqa, Putin "Gunvor” xammal treyderində xüsusi paya malikdir. "Time” qəzetinin yazdığına görə, bu şirkət təkcə 2012-ci ildə 93 milyardlıq gəlir əldə edib.

Belkovski "The Bureau of Investigative Journalism” saytına verdiyi müsahibədə Putinin sərvətinin 70 milyard dollar civarında olduğunu söyləyib.
 


"Putinin zənginliyi üçün göstərilən ən böyük nümunələrdən biri də İngiltərənin "Çelsi” klubunun sahibi Roman Abramoviçin ona hədiyyə etdiyi, 35 milyon dollarlıq "Olimpiya” yaxtasıdır”, - məqalədə bildirlir.

 

Bundan başqa, Rusiya prezidentinin Qara dəniz sahillərində dəyəri bir milyard dollarla ölçülən sarayı var.

2010-cu ildə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin həmin saraya heç bir aidiyyatı olmadığını söyləmişdi.



Buna baxmayaraq, sürgündə olan rusiyalı biznesmen Sergey Kolesnikov BBC-yə verdiyi müsahibədə sarayın şəxsən Putin üçün tikildiyini, lakin tikintinin rusiyalı oliqarxların formalaşdırdığı xüsusi fond tərəfindən maliyyələşdirldiyini bildirib.

"Daily Mail”-in yazdığına görə, Putinin təkcə ölkədə fəaliyyət göstərən nəhəng korporasiyalara deyil, oliqarxlar tərəfindən yaradılan nəhəng fondlara çıxışı varsa o zaman onun aktivləri sanılandan qat-qat böyük miqdarlara gedib çıxır”, - məqalə müəllifi yazır./musavat.com/

MediaFax