Dünyanın ən gəlirli peşəsi

Ən çox pul qazanan peşə sahibləri cərrahlardır; Azərbaycanda isə neft mühəndislərinin gəlirləri çoxdur...

İnsanlar özlərinə peşə seçərkən ilk növbədə nə qədər gəlir əldə edəcəyini düşünür. Bu, dünya təcrübəsində belədir. Ölkəmizdə isə əksər hallarda peşə sahibləri sonradan az əmək haqqı aldığından ixtisası olmadığı sahələrdə çalışmağa başlayır. 

Bu ilin avqust ayında "Forbes” jurnalı ən çox qazandıran 25 peşənin adını açıqladı. Jurnalın apardığı araşdırmalardan məlum olub ki, hazırda dünyada ən çox pul qazanan peşə sahibləri cərrahlardır. Jurnalın hesablamasına görə, onların illik qazancı 299 600 dollar təşkil edir. Digər ən çox pul qazandıran peşələr isə anestezioloq (illik gəlir 291 300 dollar), ginekoloq (illik gəlir 203 100 dollar), uşaq, ailə, diş həkimləridir. Siyahıda fizik, nüvə mühəndisi, neft platforma operatoru və digərləri də yer alır. Göründüyü kimi, əgər əvvəllər ən gəlirli peşə sahibləri proqram təminatı və nanotexnalogiyası üzrə mütəxəssis hesab olunurdusa, hazırda dünyada ən çox qazanan cərrah həkimlərdir. 

Bəs Azərbaycanda ən gəlirli və qarantiyalı peşə hansıdır?

Bəzi iddialara görə, ölkəmizdə ən asan və tez bir zamanda çox gəlir əldə edənlər şou-biznes nümayəndələri, müğənnilərdir. Tanınmış sənətçinin illik orta gəlirinin 20-60 min arasında dəyişdiyi bildirilir. Lakin bir faktı qeyd etmək lazımdır ki, son bahalaşma, devalvasiya şou-biznes nümayəndələrini də "vurub”. Bir tərəfdən vergilər, digər tərəfdən toyların azlığı onların gəlirlərində xeyli dəyişiklik yaradıb. Bahalaşma onları bir çox layihə və konsertləri də təxirə salmağa məcbur edib. Demək ki, müğənnilik peşəsinin o qədər də qarantiyalı sahə hesab etmək olmaz.

İqtisadçı ekspert Vüqar Bayramov da sənətçilərin ən çox gəlir əldə edənlər siyahısına aid olmadığını bildirdi:

"Ən gəlirli peşəni müəyyənləşdirən zaman həmin peşəyə malik olan bir neçə nəfərin və ya azsaylı insanların gəliri deyil, bütövlükdə peşədə çalışanların ümumi və ya orta gəlirlərinin hesablanmasına ehtiyac var. 

Şou-biznes arasında çox gəlir əldə edənlər var. Amma bu heç də o anlama gəlmir ki, bu sənətdə olanların hamısı yüksək gəlirli və yüksək səviyyədə yaşayanlar sırasındadır. İnkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da da şou-biznes nümayəndələrinin gəlirləri çoxdur. Amma bu, heç də hamısına aid deyil. Azərbaycanda da bunu bu sənət aləminin nümayəndələrinə aid etmək mümkün deyil. Şobiznes gəlirli peşədir, amma ən gəlirli peşə deyil. 

Azərbaycanda həkimlərin gəlirlərinə diqqət etsək, onlar arasında çox gəlir, qazanc əldə edən həkimlər var, xüsusən də özəl səhiyyə sektorunda çalışanlar. Yaxşı həkim Azərbaycanda yüksək gəlir əldə edə bilir. Amma bu o demək deyil ki, bütün həkimlərimizin gəlirləri yüksəkdir. Həkimlərdən cərrahlar yüksək gəlir əldə edən qrupa daxildir, onların gəlirləri daha yüksəkdir. Eyni zamanda mühəndislərin, xüsusən də neft mühəndislərinin gəlirləri çoxdur. Və onlar yüksək gəlir əldə edən qrupa daxildir. Fakti olaraq onların gəlirləri yüksəkdir.

Əgər sektorlara görə dəyərləndirsək, neft sektoru bu mənada öz mövqeyini qoruyub saxlayır. Neft sektoru bu gün də ən yüksək gəlir təklif edən sektordur. Bu, xüsusən də ixtisaslı neftçilərə aiddir. Bakıda fəaliyyət göstərən xarici neft şirkətlərinin menecerlərinin illik gəliri 600 min manatdan artıqdır. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edənlərin də gəliri təxminən bu qədərdir". 

İqtisadçı əvvəllər gəlirləri çox olan sığortaçı və bankirlərin hazırda az qazanc əldə etdiyini vurğuladı: "Bank sahəsində yüksək gəlir əldə etmək mümkün olsa da, son illər bankların maliyyə sektorunda müşahidə edilən böhran səbəbindən bu sektorda da gəlirlər aşağı düşüb. Əvvəllər gəlir baxımından ilk üçlüyə daxil olan bank sektorunun işçilərinin gəlirlərində 2014-cü ildən sonra kəskin azalmalar müşahidə edilməkdədir. Artıq bank işçisi gəlirli sektor siyahısında deyil.

Maliyyə və sığorta sektorunda olanlardan isə yalnız menecerlərin gəlirləri yüksəkdir. Sığortaçı və bankirlərin gəlirləri yüksək deyil.

O cümlədən inşaat sektoru da gəlirli sahə olmasına baxmayaraq, 2014-cü ilin sonlarında bu sahədə də gəlirlərin azalması müşahidə olundu. Bu sahə 2008-2014-cü illərdə ən gəlirli sektor hesab olunsa da hazırda bu üstünlüyünü faktiki olaraq itirdi.

Ümumiyyətlə, Azərbaycanda peşələrə görə qiymətləndirmə çox çətindir. Çünki məsələn, səhiyyə sektorunda qiymətləndirəndə dövlət müəssisələrində çalışan cərrahlar və ya həkimlərin bir qismi leqaldır, digər qismi leqal deyil. Ona görə də bunu qiymətləndirmək çətindir. Eyni zamanda bu bankirlərə aiddir". 

MediaFax