Dönər alaq, almayaq? - Araşdırma

Bu gün paytaxtın istənilən küçəsində dönərxanalara rast gəlinir.
 
Qeyd edək ki, bir çox ölkələrdə dönər məşhur qida hesab olunur. Lakin həmin ölkələrdə dönər əlüstü qida kimi istifadə olunmur.  Belə ki, ətin üzərinə yağ çəkildikdən sonra doğranaraq boşqaba qoyulur və əsasən sarımsaq-qatıqla yeyilir. Həmçinin onun təmiz ətdən hazırlanmasına və yaxşı bişirilməsinə də ciddi fikir verilir. 

Azərbaycanda isə dönər daha çox fast-fud (cəld yemək) şəklində satılır. Ölkəmizdə elə dönərxanalar var ki, antisanitariya şəraitində işləyir. Amma elə yerlər də var ki, açıq havada, demək olar ki, ayaq altında satılır. Yolun toz-torpağı isə həmin dönərlərin üzərinə hopur. Dönərlərin satıldığı yerlərdən asılı olaraq onun qiyməti və keyfiyyəti də dəyişir. Elə dönər var ki, 2 manat 50 qəpiyə-3 manata satılır, elə dönər də var ki, 1 manata satılır.

Hər ikisinin tərkibi eyni olan dönərin fərqli qiymətlərə satılması artıq onun keyfiyyətinin hansı dərəcədə olduğunu deməyə əsas verir. Tələbələrin sıx olduğu yerlərdən biri də Elmlər Akademiyası metrosu yaxınlığıdır ki, bir neçə universitet yanaşı olaraq bu ərazidə yerləşir. Burada dönərlər 1 manata satılır. Sırf tələbələr üçün 1 manata satıldığını deyən dönərçilər bunun rəqabətlə əlaqəli olduğunu bildirirlər. Ancaq təbii ki, ət dönərinin 1 manata satılması müəyyən şübhələr yaradır. Əslində dönər hazırlayarkən çox cüzi miqdarda ətdən istifadə olunur. Elə dönər satılan yerlər var ki, orada bütün ərzaqlar bərabər çəkilərək qramla dönərə daxil edilir. Elə yerlər də var ki, bunu gözəyarı edirlər. Çox zaman dönər yeyərkən sanki tərəvəz yeyirmiş kimi bir təəssürat yaranır bizdə. Çünki tərkibinə ətdən daha çox tərəvəzlər, bəzi hallarda kartof, kələm qoyulur. Ümumi götürsək hazırda orta hesabla 1 kiloqram ətdən təqribən 50 dönər hazırlamaq mümkündür.  Nəzərə alsaq ki, dönərlərin hazırlandığı ət heç də keyfiyyətli deyil, onda demək olar ki, dönərin maya dəyəri qat-qat ucuz başa gəlir. Keyfiyyətli ətin qiyməti isə 10 manatdan aşağı deyil. Qeyd edək ki, standarta uyğun olmayan məkanda və köhnə aparatlarla bişirilən bu qida insanı ölümə aparır.

Metronun "Elmlər Akademiyası” stansiyası yaxınlığında 1 manatlıq dönər satıcısı belə ucuz satmalarının səbəbinin sırf tələbələrlə bağlı olduğunu dedi: "Tələbələrə görə 1 manata satırıq ki, hamı ala bilsin. Bilirik ki, tələbəçilik necə çətin olur. Həm də burada dönəri 1 manata satan yalnız biz deyilik. Digərləri də satır. Bizi bəyənmirlər o birilərdən alsınlar”.

Vüsal adlıq digər dönər satıcısından dönərə vurulan əti neçəyə aldığını soruşduqda o bu suala cavab vermək istəmədi: "Ət hər yerdə neçəyədirsə, yəqin ki, o qiymətə də alınır. Mən, sadəcə olaraq, satıcıyam. Bizə bu ət şişdə gəlir, mən yalnızca bişirib satıram. İçinə vurulan ərzaqların haradan neçəyə alındığını isə bilmirəm”.

Tələbələr bu dönərlərdən alıb dadsalar da, dadından narazı olanlar da vardı. Leyla Məmmədova dedi ki, buradakı dönərlərdən tez-tez alır: "Bəzən olur ki, dadı yaxşı olur, bəzən də pis. İyi gələndə belə insanın ürəyi bulanır. Amma təbii ki, sahildə yediyimiz 2-3 manatlıq dönərin dadını vermir. O tamamilə başqadır. Qiymət də keyfiyyətə görə dəyişir”.

Qeyd edək ki, baş çəkdiyimiz dönərxanalarda dönərlərin keyfiyyətini təsdiq edəcək hər hansısa sənəd, kağız tələb etsək də, bizə bunu göstərən olmadı. Ya  "yoxdur”, ya da ki, "müdirdədir, o da burada yoxdur” cavabını aldıq. 

"Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iki il öncə dönərxanalar haqqında standartlar hazırlayıb. Dönərxanalara dönərləri təzə ətdən hazırlayıb şişə taxıb skoçla büküb soyuducuda saxlayıb, soyuducu maşınlarla dönərxanalara çatdıran müəssisələr müəyyən olunub. Bu müəssisələrdən biri vaxtilə ”Çudo Peçka" idi. 

Bakıda fəaliyyət göstərən  "AzProtein Foods” şirkəti də bu işlə məşğuldur. Biz orada yoxlama aparmışdıq. Onlar tam təmiz ətdən hazırlayıb dönərxanalara çatdırırdılar. Lakin bizim araşdırmalarımızdan məlum oldu ki, dönərxanaların cəmi 20 faizi mərkəzləşdirilmiş qaydada təmiz ətdən istifadə edir. Digər 80 faiz dönərxanalar dönərləri haradan necə gəldi aldıqları keyfiyyətsiz ətdən hazırlayırlar. Biz iş aparırıq ki, dövlətin təyin etdiyi bu standartlar həyata keçirilsin. Çox təəssüf ki, bu sahədə problemlər yaşanır"./musavat.com/

MediaFax