“Dedilər ki, 150 min manatı verməsəm...” - “MTN işi”

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Biləcəri qəsəbəsi bələdiyyəsinin keçmiş sədləri İlham Xəlilov və Elman Salmanov ifadə veriblər.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə deyib ki, İlham Xəlilovun məhkəmədəki ifadəsində ziddiyyətlər olub: "Əvvəlcə deyirdi ki, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırılaraq, pul istənilib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini bildirdi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. İlham Xəlilov istintaqda Akif Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salmanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman bildirdi ki, İlham Xəlilov ona "150 min manat verməsən, başına torba keçirəcəklər” deyib".

Elman Salmanov isə jurnalistlərə bildirib ki, İlham Xəlilov ona MTN-dən pul istənildiyini deyib və buna görə, ona 150 min manat verib: "Bir maşınımız var idi, satıb pulu verdik. Akif Çovdarovu görməmişəm. Məhkəmədə Akif Çovdarov mənə dedi ki, elə bir şey vardısa, Binəqədinin ağsaqqalı məsələni niyə çatdırmamışam? Heç nə demədim. İşlə bağlı olan hər şeyi də kiməsə demək olmur axı..." 
 
Proses günortadan sonra davam edəcək.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub./APA/

MediaFax