Dava qəzaya səbəb oldu: 11 nəfər yaralandı

İstanbulda avtobus sürücüsü ilə sərnişin arasında dava dəhşətli qəza ilə nəticələnib.

Acıbadem-Kadıköy yolunda hərəkət edən avtobus yoldan çıxaraq qarşıdakı zolağa keçib, əvvəlcə iki mərtəbəli avtobusa çırpılıb, sonra isə üç avtomobili əzərək altına alıb. Qəza nəticəsində avtobusun sürücüsü daxil 11 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtobus sürücüsü ilə sərnişin arasında başlanan mübahisənin davaya çevrilməsi olub:

"Bizim olduğumuz avtobus dayanacağa tam girməmişdi. Sərnişinlərdən biri sürücüdən qapıları açmasını tələb etdi. Sürücü əvvəlcə heç bir reaksiya vermədi, amma sərnişin təkrar qapının açılmasını tələb etdikdə isə sürücü "açmıram, harada istəsəm, orada da açacağam” dedi. Onlar arasında dava yaransa da, sərnişinlər aranı sakitləşdirdilər. Sonra dayanacağa keçib dayandıq və qapılar açıldı. Amma nədənsə həmin sərnişinin enmək yadından çıxdı. 3-5 saniyə getmişdik ki, həmin sərnişin sürücüdən təkrar saxlamağı tələb etdikdə dava qızışdı. Sərnişin əlindəki çətirlə sürücünü vurdu və sürücü idarəetməni itirdiyindən qəza törətdi”, - deyə sərnişin bildirib.

Beləliklə, avtobusun tam dayanacağa girmədən qapılarının açılma icazə olmadığını bilməyən sərnişin və sərnişinə vəziyyəti izah etmək istəməyən sürücünün inadı nəticəsində dəhşətli qəza baş verdi.

Hazırda polis faktla bağlı araşdırma aparır və qəzanın şahidləri dindirilir./virtualaz.org/

MediaFax