“Cəzasız qalacağını bilən məmur vətəndaşı saymaz”

Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzinin sədri Elşən Allahverdiyevlə Avropa ilə Azərbaycan arasında məmur vətəndaş münasibətlərilə bağlı söhbətlər apardıq.

Azərbaycanda vətəndaşların öz hüquqlarına münasibətini necə qiymətləndirirsiniz?
 
- Ümumiyyətlə, avtoritar və totalitar rejimlərdə insan hüquqlarının pozulması kütləvi xarakter daşıdığından kiminsə öz hüququ uğrunda mübarizə aparması gülünc görünür. Azərbaycan kimi ölkələrdə isə bu məsələ bir az fərqlidir. Yəni bizdə hökumət demokratik dəyərlər prinsipinə sadiq qaldığını həmişə bəyan etdiyindən, insanları mübarizə aparmamaqda və ya müqavimət göstərməməkdə suçlayırlar. Bu mənada belə bir görüntü yaranır ki, insanlar məhkəməni uda bilərlər, hökumət tənqid oluna bilər və s. Amma diqqətlə baxsaq görərik ki, məmurların biznesini açanlar daha ağır cəzaya məruz qalırlar. Buna görə də hansısa hüquqlar uğrunda mübarizə aparmaq və müqavimət xarakterli tədbirlər görmək qeyri-mümkündür. Ən yaxşı halda hansısa nazirlik və ya idarə müdiri tənqid oluna bilər.

Azərbacyanda vətəndaş-məmur munasibətlərini necə dəyərlədirirsiniz?
 
– Məncə insanlardan qeyri-peşəkar şəkildə soruşsaq ki, məmurlardan nə dərəcədə razısınız, o zaman məsələ aydın olar. Təəssüf ki, bizim ölkədə vətəndaş istənilən hüququnu əldə etmək üçün məmur əngəliylə qarşılaşır. Bu zaman isə cavabdeh məmura çıxmaq imkanı və hüququnu tələb etmək imkanı tanınmır. Çünki Azərbaycanda nazirliklərdə idarə rəislərinin, şöbə müdirlərinin, icra başçılarının və müavinlərinin, polis rəislərinin qəbuluna düşmək faktiki olaraq qeyri-mümkündür. Belə olan zaman da polis-vətəndaş münasibətlərindan danışmaq qeyri-mümkündür. Faktiki olaraq Azərbaycanda vətəndaşlara problemlər yaradan bir məmur aparatı var və o aparat formal olaraq mövcuddur və vətəndaşlara xidmət göstərmir. 
 

Elşən bəy, sizcə bu məmur saymamazlığının əsas kökləri nədədir?
 
– Məncə hər hansı müqavimətdən çəkinməyən, korrupsiya yoluyla vəzifəyə gəlmiş məmur vəzifəsindən çıxarılacağından və cəzalanacağından qorxmadığına görə vətəndaşa qarşı hörmətsiz davranır və öz funksiyasını yerinə yetirmir. Eyni zamanda məmurlar müstəqil məhkəmə hakimiyyətinin olmadığını yaxşı bilirlər və bütün hakimiyyət qollarında qohumbazlıq və tayfabazlıq prinsipi ilə şəbəkəli olduqlarından vəzifələrini şəxsi mülkləri hesab edirlər.  

Bu məsələlədə Azərbaycanı Avropa dövlətlərindən fərqləndirən əsas cəhət nədir?
 
– İlk olaraq qeyd edim ki, ölkəmizdə olan neqativ halların böyük əksəriyyətinə Avropada rast gəlmək mümkün deyil. Əvvəla Avropada istənilən vətəndaşın müraciətinə cavab verilir və hüquqlar tanınır. İkincisi, Azərbaycandan fərqli olaraq, Avropada məmurlar vətəndaşdan qaçmırlar və vətəndaşın problemi həll olunmazsa onlar vətəndaşı qəbul edirlər. Eyni zamanda məmurlar hesabatlı olduqlarına görə hökumət də hesabatlıdır. Hər bir strukturun büdcəsi şəffafdır. Azərbaycanda hansısa rayonun icra hakimiyyətinin illik büdcəsi haqqında nə qədər vətəndaşın məlumatı var və ya hansısa icra başçısı bununla bağlı açıqlama verirmi?  

MediaFax