700 milyonluq büdcə kəsirinin Səbəbləri

Natiq Cəfərli: "Büdcə kəsirinin olacağı öncədən bəlli idi”

Maliyyə Nazirliyi büdcənin icrasına dair operativ məlumat yayıb. Məlumatda bildirilir ki, 2016-cı ilin altı ayında dövlət büdcəsinin mədaxili 6 milyard 133,8 milyon manat, xərcləri 6 milyard 821,5 milyon manat olmuş, 687,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. 

687,7 milyon manatlıq kəsir ilə bağlı ictimaiyyətdə suallar yaranıb, bu kəsir hökumətin yığa bilmədiyi pul kimi şərh olunur. Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə   "Marja”ya bildirib ki, yaranmış kəsir dövlət büdcəsinin vahid xəzinə hesabında olan qalıq hesabına bağlanıb: "2016-cı ilin altı ayında 687,7 milyon manat məbləğində yaranmış kəsirin maliyyələşdirilməsi 2016-cı ilin əvvəlinə dövlət büdcəsinin vahid xəzinə hesabında olan qalıq hesabına bağlanılmışdır. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən Maliyyə Nazirliyinə təqdim etdikləri sifarişlər tam və vaxtında maliyyələşdirilib”.

Bəs görəsən, dövlət büdcəsində yaranmış 700 milyon manata yaxın kəsirin səbəbi nədir? Vergilər Nazirliyinin və ya Dövlət Gömrük Komitəsinin vergi yığımlarında hər hansı problem yaşanıbmı? 

İqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində büdcə kəsirinin olacağı öncədən bəlli idi və büdcə planlaşdırılarkən kəsirli planlaşdırılmışdı: "Vergilər Nazirliyi ilk 6 ayın nəticələrinə görə öz tapşırıqlarını 103 faiz yerinə yetirdiyi haqda məlumat verdi. Gömrükdə isə hətta proqnozlardan 30 faiz artıq yığım olub. Deməli, vergi və gömrükdən gələn gəlirlərdə bir problem yoxdur. Problem ölkənin ümumi gəlirlərinin azalması ilə əlaqəlidir. Neftin qiymətinin azalması, ölkəyə gələn valyutanın həcmini də azaltdı. Büdcə kəsirinin olması öncədən planlaşdırılmışdı və görünən odur ki, daha artıq xərcləmələr həyata keçirilib. Fevral ayında büdcəyə dəyişikliklər edərkən bilərəkdən bu addım atıldı. Çünki xərcləmələrin və kəsirin artırılması yolu ilə müəyyən qədər gərginliyin aradan qaldırılması  üçün kiçik layihələrə üstünlük verildi”. 

N. Cəfərlinin sözlərinə görə, hökumət sosial gərginliyin aradan qaldırılması üçün müəyyən qədər büdcədə nəzərdə tutulmayan kiçik layihələr həyata keçirdi ki, bu, kəsiri formalaşdıran əsas amil oldu: "Son zamanlar müşahidə edilən trend də odur ki, hökumətin qərarı ilə xırda layihələrə vəsaitlər ayrılır. Yol  tikintisinə, təmir işlərinə  3 milyon, 5 milyon, 8 milyon-yəni xırda həcmli maliyyələr ayrılır və bu layihələr əsasən də regionlarda həyata keçirilir. Bu layihələrin hədəfi qismən də olsa sosial gərginliyi aradan qaldırmaq, müvəqqəti iş yerləri yaratmaq idi. Bu, tamamilə səhv bir yol olsa da, hökumət başqa çıxış yolu tapmadan bu addımların  atılmasına lüzum gördü. Bu isə büdcə kəsirinin artırılmasının əsas səbəblərindən biri idi.  Hətta vergilər və gömrük öz  öhdəliklərini normadan artıq yerinə yetirsə də, hökumət artıq xərcləmələrə gedib. O xərcləmələrin də  əsas səbəbi regionlarda kiçik çaplı çoxsaylı layihələr həyata keçirməklə insanları iş yeri ilə təmin etməkdir. Yəni dövlət büdcəsindəki kəsirin səbəbi bununla bağlıdır”.

MediaFax