“Bu şou-biznesin başı batsın...”

"ANS xalqın bir gözünü açır, bir gözünü bağlayırdı... ”

Müğənni Əli Mirəliyev "Yeni Müsavat”a maraqlı müsahibə verib. Sənətçi müsahibəsində son günlər şou-biznes aləmində baş verən qalmaqallardan, ictimai olaylardan, mərhum xalq artisti İlhamə Quliyevanın mirası və doğum günü ilə bağlı keçiriləcək tədbirdən söz açıb. 

Müğənni ilk öncə yay istirahətini harada və necə keçirməsindən danışdı: "Bəzi şou nümayəndələri yalan-palan bildirirlər ki, guya gediblər Bodruma, İtaliyaya, Almaniyaya dincəlməyə. Amma səs-soraqları Maştağadan, Zabratdan gəlir... Mənim də dincəlməyə öz yerim, Mərdəkanda bağım var. Oturmuşam burda, ağacları sulayır, belləyirəm, göyərtilərə baxıram. Bu mənim üçün istirahətdir. 

- Nadir Qafarzadə Türkiyədəki istirahətindən olan şəkillərini sosial şəbəkədə paylaşaraq "Mən kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb” deyə  xoşagəlməz, söyüş dolu ifadələr işlədib. Tanınmış bir sənətçinin ictimaiyyətə qarşı bu cür davranışını necə qiymətləndirirsiz?

- Yadınıza gəlirmi, bir dəfə o, İsraildə  Xocalı günündə səhnədə olmuşdu. Buna görə onu efirə buraxmadılar. Sonra efirə də çıxdı, oxudu da, öz sözünü də dedi. Nadiri pisləyənlər sabah onu toya aparır. Ümumiyyətlə, bu müğənni kimdir ki, camaatı təhqir etsin, aşağılasın.  O Azərbaycan xalqının sayəsində Nadir olub.  Xalqı aşağılamaq, yuxarıdan aşağı baxmaq, necə başa düşək bunu? Bu nə deməkdir?! Bu şou-biznesin başı batsın... Hərdən toylara gedirəm, görürəm ki, musiqiçiləri sayan yoxdur. Çünki bu cür insanlar özləri özlərini gözdən salıb.
 

- Son vaxtlar xalq artisti Ramiz Novruzun adı daha çox stilist qızının erməni əsilli həmkarı ilə bağlı qalmaqallarda hallanır. Bəziləri həmin stilistin yalnız anasının erməni olduğunu əsas gətirərək bu məsələnin tənqid və ya müzakirə edilməsini qınayır. Bəs siz necə düşünürsüz?

- Tək Xocalıdakı olan faciəni xatırlamaq bəsdir. Şəxsən mən ata-anamı, nəslimi, qohum-əqrəbamı öldürən bir millətin nümayəndəsi ilə necə şəkil çəkdirib paylaşa, oturub bir yerdə yemək yeyə bilərəm?! Onda mən kiməm, alçaq, biqeyrət?! O adamlar ki, bu cür hərəkətlər edir, onlar satqın, vətən xainidirlər! Damarındanazərbaycanlı qanı axan şəxs heç vaxt erməniyə salam verməz.

- Bugünlərdə Azərbaycanın nüfuzlu efir məkanlarından biri, ANS TV bağlanıldı. Bu qərarı ədalətli hesab edirsinizmi?

- Qətiyyən! ANS lazım idi xalqa. O, bir kanal kimi xalqın bir gözünü açırdı, bir gözünü bağlayırdı. Amma açmağı da var idi axı, məmurların düzgün işləmədiyi haqda iradlarını bildirirdi... ANS ən gözəl televiziya kanalı idi. Mən ANS və ANS-çiləri dəstəkləyirəm. 

- Sabah (müsahibə avqustun 16-da alınıb X.G.) mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür. Məlumata görə, oğulluğu... (sözümü yarımçıq kəsir)

- Mən xahiş edirəm, bir kəlmə də olsun "oğulluğu” sözünü işlətməyin! Onun oğulluğu yoxdur. İlhamə Quliyevanı saxlayan tək mənim qızım olub. O, qızımın mənəvi anası olub. Amma onun mənəvi oğlu yoxdur. Xalasının nəvəsini şou xətrinə, yalandan "oğlumdur” deyə yanında aparırdı. Orxanın familiyası Nadir, atasının adı Əhmədağadır. Onun İlhamə Quliyevaya nə dəxliliyi var?! Onun dayısı oğlu Eldar İsmayılovdur, dayısının kürəkəni mənəm, qızım mənim Samirə və bacısı İradə, bu dörd nəfər onun ətrafı, qohumudur.

- Yayılan məlumatlara görə, İlhamə Quliyevanın evində doğum günü ilə əlaqədar mərasim keçiriləcək. Siz və qızınız həmin mərasimə dəvətlisiz?

- Xeyr. Biz onun ad gününü ayrıca, "Xoş gəldin” restoranında keçirmək istəyirik. Siz bilirsiz ki, məhkəmə İlhamənin bacılarının xeyrinə qərar çıxardıb? Orxan kimdir ki, İlhamənin evində nəsə keçirsin?! Onun buna ixtiyarı yoxdur. Biz istəyirdik ki, avqustun 18-19-u ad günü mərasimini keçirək. Sonradan Mədəniyyət və Turizm Nazirliyinin işçiləri dedilər ki, camaat istirahətdə, məzuniyyətdə olacaq. İstəyirlər ki, bütün televiziyaların, nazirliyin nümayəndələri, İlhaməsevərlər tədbirdə iştirak etsin. Biz də siyahı tutmuşuq, hardasa 100-ə yaxın adamın adı var. Xaricdən, İsveçrədən də gələn olacaq. Beləliklə, mərasimi sentyabr ayına saxlamışıq.

- Bayaq dediniz ki, miras məsələsi həll olunub, miras bacılarına qalıb. Bu, rəsmi, yoxsa sizə gəlib çatan məlumatdır?

- Necə yəni, mən bilmirəm? Bu işin içində mən də varam. Məhkəmə oldu və onların xeyrinə qərar qəbul etdi. Vəssalam! Biz bəlkə də ürəyimizdə bunu istəmirdik, amma belə oldu də. Biz neyliyə bilərik? Əllərində qanuni sənəd var ki, onlar İlhamə Quliyevanın bacısıdır. Onlar Orxan kimi qışqırıb hay-küy salmırlar. Sadəcə, oturub sakitcə deyirlər ki, bu, bizim bacımızdır... Gülbahar eynilə İlhamə Quliyevaya oxşayır, elə bilirsən ki, İlhamədir. 

- Bəs siz hansı qərarın verilməsini istəyirdiz?

- Mənim üçün fərq etməz. Mənim onsuz da yaşım ötüb, həyatda gördüyümü görmüşəm. Mənim heç maşınım da yoxdur, amma heç vaxt özümü o qədər alçaldıb kiminləsə pul söhbəti etmərəm. Məhkəmə kimə lazımdırsa mirası verib. Qızım uzun illər ona baxıb, 10 il xidmət edib. Qızım da haqqını halal edir... İlhamə çox gözəl müğənni idi. O getdi, amma onun şəxsiyyət vəsiqəsi, pişiyi bizdədir. Pişiyini biz saxlayırıq./musavat.com/

MediaFax