Bir uşağı məktəbə yola salmaq neçəyə başa gəlir?

Bu il qiymətlərin yenə də bahalaşması valideynləri daha da narazı salıb 

Yeni dərs ilinin başlanmasına bir aydan daha az bir vaxt qaldığı ərəfədə valideynlər məktəb tədarükü təlaşındadırlar. Vaxt azaldıqca qiymətlər bahalaşacaq deyə düşünənlər indidən uşaqlarına məktəbli forması, çanta, dəftər-qələm almağa çalışırlar. Lakin bu il yenidən qiymətlərin qalxması valideynləri narazı salan əsas məqamlardan biridir.

Məlum olduğu kimi, məktəb ləvazimatları və çantalar əsasən xaricdən idxal edilir. Ötən dərs ili ilə müqayisədə hazırda dolların manata nisbətdə kursu bahalaşdığından ölkəyə gətirilən məhsulların da qiymətində artıma səbəb olur. Məktəbli formaları isə əsasən Bakı Tikiş Evində hazırlanır, yerli istehsal olsa da parça və sair tikiş materialları xaricdən alındığından bu malların da qiymətində artım var.
 
 
Müxbirimiz paytaxt bazarlarına baş çəkərək bir uşağın məktəbə getməsi üçün çəkilən xərci hesablayıb. 

İlk olaraq başlayaq məktəbli formalarından... "8-ci kilometr bazarı”nda da hər addımda məktəbli formalarına rast gəlmək mümkündür. Qiymətlərə gəlincə, bir məktəbli dəsti orta hesabla  35 manatdır. Xatırladaq ki, eyni məktəbli formaları ötən il 25 manata satılıb. Sentyabr yaxınlaşdıqca qiymətlərin daha da bahalaşacağı  istisna deyil. Məktəbli paltarına əlavə olaraq, uşaqları üçün olan jaketlərin qiyməti 5-20 manat arasında dəyişir. Məktəbli ağ köynəklərinin qiyməti isə 10-20 manat arasındadır. Onu da qeyd edək ki, valideynlər bu paltarlardan ən azı iki dəst almalıdırlar. Ayaqqabıların qiyməti keyfiyyətindən asılı olaraq, 10-30 manata arasındadır.

Məktəbli qızlar üçün saç aksesuarlarının qiyməti 50 qəpikdən başlayır, 4 manata kimi davam edir. Qızlar üçün ağ bəzəkli corablar 2 manata, kolqotqalar isə 4-5 manatadır. Buraya geyim üçün lazım olan digər paltarları və ayaqqabı da əlavə eləsək, bir məktəbli üçün ən azı 100 manat lazımdır. Əksər valideynlərin iki və ya 3 uşağı məktəbə getdiyindən bu xərc onlar üçün daha da artır.

Məktəblinin əsas ehtiyaclarından biri də çantadır. Çantaların qiyməti 10 manatdan başlayır, lakin Çin malı olan bu çantaları elə də keyfiyyətli hesab etmək olmaz. Nisbətən keyfiyyətli çantalar 25-35 manatadır. Məktəb ləvazimatlarına gəlincə, hər birinin qiymətində bir neçə qəpik də olsa artım var. Çindən gətirilən karandaşlar, qələmlər və sair nisbətən ucuzdur. OYAL firmasına məxsus məktəb ləvazimatları isə digərlərindən təxminən iki dəfə bahadır. Məsələn, adi rəngli karandaşlar 2-4 manatadırsa, OYAL-da 7 manatdır. Qələmlərin qiyməti 20 qəpikdən başlayır, dəftərlərdən 12 vərəqli 12 qəpik, 40 vərəqli 30-40 qəpik, 100 vərəqli dəftərlər isə 80 qəpik-1 manatdır. Dəftər üzlərinin qiyməti 30-80 qəpik arasında dəyişir. Məktəbli üçün lazım olan rəsm dəftəri, boyalar, plastilinlər, pozan, qələm yonan, qələm qabları, su və yemək qabı, termos  və xırdavatı almaq üçün də təxminən 40-50 manat xərcləməyə ehtiyac var.
Geyim və məktəb ləvazimatlarını birləşdirsək, bir uşağın məktəb xərci minimum 150-180 manata başa gəlir. Evdə iki və ya üç uşağı məktəbə gedən valideynə dərs ilinə başlamaq üçün ən azı 400 manat lazımdır.

"Yeni Müsavat”a açıqlamasında bazardakı durumu dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənov bu bahalaşmanın gözlənilən olduğunu bildirdi: "Bu gün müşahidə etdiyimiz  bahalaşam təbii bir prosesdir. Azərbaycan bu günə qədər yüngül sənayedə belə normal inkişaf yolu keçə bilməyib. Xüsusilə də məktəb ləvazimatları, o cümlədən məktəbli formalarının tikilməsi  üçüm istifadə olunan materialların böyük bir qismi idxal məhsullarıdır. Bu məhsullar isə xarici valyuta  ilə alındığından qiymətlərində manatın məzənnəsinin ucuzlaşması fonunda bahalaşmanın baş verməsi gözləniləndir. Təəssüf ki, Azərbaycanda çox primitiv sənaye məhsulları olan məktəb ləvazimatlarının istehsalı formalaşmayıb. Eyni zamanda, son aylarda məktəb formalarının tikilməsi ilə məşğul olan bakı Tikiş Evinin rəhbərliyi tərəfindən də açıqlama verildi ki, burada sadəcə tikiş üçün lazım olan əmək qüvvəsinə, elektrikə və sair sərf olunan xərclər yerli xərclədir. Yerdə qalan bütün digər məhsullar, iynə, sap, düymə , parça və sair idxal olunan məhsullardır. Bu baxımdan bazara  son məhsulun qiymətinin artırılması da qaçılmazdır”.

İqtisadçı onu da qeyd etdi ki, orta səviyyəli azərbaycanlı ailəsinin gəlirləri heç də iki uşağın məktəb bazarlığı üçün yetərli deyil: "Azərbaycan ailələrinin gəlirlərinə gəldikdə isə orta aylıq əməkhaqqı ölkəmizdə təxminən 470 manatdır. Bu isə 290 dollara bərabərdir. Bu mənada Azərbaycan əhalisi dünya əhalisinin azgəlirli qrupuna daxildir. Qiymətlər isə hələ də neft gəlirlərinin fonunda sürətli bahalaşmanın təsiri altındadır. Vətəndaşlar əvvəlki illərə nisbətən bu il borclarının, kreditlərinin geri qaytarılmasına sərf etdikləri vəsaitlərin həcmi də iki dəfə artıb. Qiymətlərin bahalaşması da vətəndaşların istehlak qabiliyyətinə mənfi təsir göstərib. Məktəbli ləvazimatları zəruri xarakterli istehlak məhsulları olduğu üçün insanlar daha ucuz və keyfiyyətsiz məhsul ala biləcəklər. Bu isə uşaqların sağlamlığına, eyni zamanda məhsulların istifadə dövrü baxımından vətəndaşa ziyandır”./musavat.com/

MediaFax