Beynəlxalq Bankdan oğurlanmış 6 milyard hardadır?

Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı (ABB) Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. 

C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar. 

Məhkəmə ərəfəsində bankın problemli kreditləri ilə bağlı müzakirələr qızışmaqdadır. Müxtəlif məlumatlara görə, bu gün bankın 6 milyard 500 milyon manatdan artıq problemli krediti, daha doğrusu, oğurlanan pulu var. Bankın idarə heyətinin sabiq sədri, hazırda həbsdə olan C.Hacıyev bir müddət əvvəl bəyan edib ki, ondan tələb olunan 42 milyon manatın qarşılığında 80 milyon manatlıq səhmi banka təhvil verilməsi üçün təqdim edib. Yerdə qalan pullar necə, geri qaytarılıbmı? 

ABB-dən problemli kreditlərlə bağlı məlumat vermək istəmirlər. Telefonlara cavab verən şəxslər bu haqda məlumatsız olduqlarını deməklə işlərini bitmiş hesab edirlər. Yarıdan çoxu dövlətə məxsus olan, Azərbaycanın ən böyük bankının maliyyə durumu sadə vətəndaşlar üçün qaranlıqdır... 

Nəzərə çatdıraq ki, prezident İlham Əliyev 2015-ci il iyulun 15-də bankın maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə əlaqədar fərman imzalayıb. Fərmanda deyilir ki, bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub.

Bu səbəbdən problemli aktivlər bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma, dövlətə məxsus "Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının idarəetməsinə verilib. Fərmana görə, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı 15 gün müddətinə bu sahədə tədbirlər həyata keçirməli, əsas kreditlər və faizlər, ipoteka və zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə edib həyata keçirməli idi. Həmçinin ödəmə vaxtı gecikmiş kreditlərin və faizlərin qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər - məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və digər addımlar atılmalı, girov qoyulmuş əmlakların idarə edilməsi də nəzərə alınmalı olduğu fərmanda qeyd edilirdi.
Bu prosesdən sonra 6 ay ərzində bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planı hazırlanıb, prezidentə təqdim edilməli idi. Bu fərmanının imzalanmasından 1 il ötməsinə baxmayaraq ABB-nin özəlləşdirilməsi haqda söz-söhbət yoxdur. Üstəlik, avqustun 8-də Azərbaycan Beynəlxalq Bankı dünyanın ünlü futbol klublarından "Yuventus”la əməkdaşlığa başlaması xəbəri yayılıb. Bu məlumat onu deməyə əsas verir ki, bankın özəlləşdirilməyə hazırlanması növbəti dəfə baş tutmayacaq. Belə ki, illər öncə də ABB-nin özəlləşdirilməsi, dövlətin nəzarətindən  çıxarılması, bununla da büdcədən banka pul ayırmalarına son veriləcəyi haqda məlumatlar olub. Lakin ABB-nin özəlləşdirilməsi ilə bağlı dövlət rəsmilərinin vədləri son nəticədə bankın özəlləşdirilməsi ilə sonuclanmayıb. Bank "toksik kreditlər” verilməklə iflas həddinə gətirilib.    



"Proses qeyri-şəffaf, dədə-baba üsulu ilə aparılır”

Azərbaycan Mərkəzi Bankında, "Bank VTB”də rəhbər vəzifələrdə çalışmış, hazırda "Antikollektor” şirkətinin rəhbəri olan hüquqşünas Əkrəm Həsənov deyir ki, ABB-nin "toksik kreditləri”nin sağlamlaşdırılması prosesini "Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (SKT) qeyri-şəffaf aparır: "Bankın ”toksik kreditləri"nin sağlamlaşdırılması tapşırılan "Aqrarkredit” SKT geridəqalmış, SSR-dən qalma üsul-idarəyə öyrəşmiş, köhnə təfəkkürlü şəxslərin rəhbərliyi altındadır. Bu gün "Aqrarkredit”də normal internet belə yoxdur. Məmməd Musayev SKT-də rəhbərdir. Onun bank düşüncəsi haradasa 90-cı illərdə qalıb. Yəni köhnə sistemlə işləyirlər və bu adamlara nəhəng problemli kreditlərin qaytarılması tapşırılıb. Ona görə də proses qeyri-şəffaf, dədə-baba üsulu ilə aparılır.  

Bank sektorundakı əliəyrilik də bu gün hamıya bəllidir. Bu adamlar 100-200 milyon, 500 milyonluq kreditləri necə qaytaracaqlar bilinmir. Faiz alıb, "şapka” götürməklə bir hissəsini bağışlayacaqlar bəlkə də... yerdə qalanı nə çatar, nə batar. Məsələn, dənizdə "Xəzər adaları” tikdiyini deyən Hacı İbrahim Nehrəmlinin, "AzMeCo”nun sahibi Nizami Piriyevin bu gün ABB-yə nə qədər kredit qaytardıqları bilinmir. Üstəlik, aldıqları kreditlərin təyinatı üzrə xərcləyib-xərcləmədikləri də yoxlanılmayıb. Sadə vətəndaş min manat kredit götürüb qaytara bilməyəndə, real olaraq krediti qaytarmaq imkanında olmadıqda belə onu inzibati qaydada tam qanunsuz olaraq həbs edirlər. Amma sahibkarlar aldıqları kreditləri təyinatı üzrə xərcləmirlər və onlara qanun tətbiq olunmur, cəzalandırılmırlar.

"Aqrarkredit” ABB-nin problemli kreditləri ilə bağlı,   həmin kreditlərin geri qaytarılması üçün gördüyü işlərlə bağlı mütəmadi olaraq məlumatlar yaymalıdır. Bu məlumatları gizli saxlamaq, qeyri-şəffaflıq korrupsiyanın əlamətləridir".  


 
Ə.Həsənov deyir ki, Cahangir Hacıyevi həbs etməklə, məhkum etməklə dövlətin pulları geri qaytarmağa nail olunmayacaq. Çünki yeni rəhbərlər peşəkar deyillər. 

Ə.Həsənov ABB-nin gələcəyi haqda da fikirlərini bölüşüb: "Dövlət imkanları daxilində ABB-ni həmişə saxlayacaq. Amma bank öz-özlüyündə qeyri-effektivdir. Dövlət dəstəyi ilə ayaqda qala bilir. Bankın özəlləşdirilməsi vacibdir. Prezident bu haqda 1 il əvvəl fərman imzalasa da, hələ ki ortalıqda özəlləşdirmə ilə bağlı hərəkətlilik yoxdur. Proseslər də göstərir ki, bankın  özəlləşdirilməsi üçün addımlar atılmır. ”Yuventus" futbol klubu ilə ABB-nin əməkdaşlığa başlaması da buna sübutdur. Az qala müflis olmuş, aktivlərinin yarıdan çoxu problemli kredit şəklinə düşmüş bankın belə bir əməkdaşlığa getməsi sadəcə təəccüb doğurur, anlaşılmır. Adətən banklar dünyada tanınan futbol klubları ilə əməkdaşlıq etməklə özlərini reklam edirlər. ABB-nin isə əlavə reklama ehtiyacı da yoxdur". 

Ə.Həsənov deyir ki, ABB Azərbaycan dövlətinə, sadəcə, ağır bir yükdür: "Bu bank nə qədər tez özəlləşdirilsə, bir o qədər dövlətin xeyrinə olar. Prezident fərmanında ABB-nin özəlləşdirilməsi hədəflənir. Amma icraçılar bundan yayınırlar, bankın özəlləşdirilməyə çıxarılması üçün işlər ləng aparılır və ya heç aparılmır. Sanki 15 il əvvəlki proses təkrar olunur. Bankın o dövrdəki rəhbərliyi də özəlləşməyə qarşı idi, indikilər də. Çünki bankda min cür oyundan çıxırlar və bilirlər ki, hər çətinə düşəndə dövlət kömək edəcək. Özəlləşdirilmə aparılsa, belə hallar aradan qalxacaq. Cahangir Hacıyev 10 ildən artıq bir müddətdə bankın özəlləşməsinə qarşı idi. Onun yerinə təyin olunanlar da eyni hərəkətləri təkrarlamış kimi görünürlər”./musavat.com/

MediaFax