Belə heyvanların əti sağlamlığa zərər vurur - Araşdırma

Bu gün hər zaman aktual olan bir məsələyə toxunacağıq. Bakı sakinləri yəqin ki, bu halların tez-tez şahidi olurlar. 

Biz millət olaraq ətsevərik. İndi sovetlər dönəmindəki kimi dondurulmuş ətə deyil, təzə kəsilmiş ətə önəm verilir. Demək olar ki, bütün məhəllələrdə "Təzə ət", "Halal ət" plakatını görmək mümkündür. 

Satıcılar ətin təzəliyini əyani şəkildə göstərmək üçün heyvanı yaşayış yerində kəsməkdən çəkinmirlər. Müvafiq dövlət qurumları isə bu cür halların qarşısını almaqda aciz qalıb. Qəssab yolun qırağında heyvanı bağlayır, vaxtı çatanda isə onu hamının gözü önündə kəsir. Beləcə ətrafı qan bürüyür. 

Hər gün səhər uşaqlar məktəbə gedərkən buradakı vəziyyətin şahidi olurlar. Bu mənzərənin də onlara necə təsir etdiyini yəqin ki, deməyə ehtiyac yoxdur. Artıq insanlar uşaqları ilə birlikdə həmin yerlərdən keçmək istəmirlər. Böyük insanların belə, mənzərəyə şahid olması ağırdır, o ki qaldı, uşaqlar... 

İribuynuzlu heyvanların kəsilməsinin istər dini baxımdan, istərsə də tibbi baxımdan bəzi riayət ediləsi qaydalar var. Ən çox müzakirə edilən məsələ isə bir heyvanın digər kəsiləcək heyvanın gözü önündə kəsilməsidir.

İddia edilir ki, iribuynuzlu heyvan kəsilən zaman digər heyvanın bunu görməməsi lazımdır. Çünki bu zaman həmin heyvanda qorxu hormonları əmələ gəlir. Bu da sağlıq üçün zərərlidir. Belə olan halda, laxtalanmış qan ətdə qalır, adrenalin, qorxu hormonları və digər fermentlər istehlakçının masasına gəlir. Bu da insan səhhətinə ciddi zərər vurur. İslama görə, bir heyvanın digərinin gözü qarşısında kəsilməsi, hətta gözü qarşısında bıçaq itilənməsi məkruf sayılır. 

Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün ekspertlərlə əlaqə saxlayıb.

İlahiyyatçı ekspert Kənan Rövşənoğlu: "İslam dinində vacib, bəyənilən və bəyənilməyən hökmlər var. Vacib odur ki, heyvan kəsilərkən üzü qibləyə tutulsun, iti əşya ilə kəsilsin, kəsilərkən "bismillah" deyilsin. Müstəhəb əməl isə heyvanın qorxudulmaması, su verilməsi, kəsilərkən işgəncə verilməməsi, bıçağın iti olması, gözü önündə digər heyvanın kəsilməməsidir. Din deyir ki, heyvan qorxudulmasın, incidilməsin. Bu, tibbdə indi ortaya çıxarılsa da, dində bu daha öncədən qeyd edilib. Müstəhəb sayılan, yəni bəyənilən hərəkətləri qəsdən pozmaq qəbul edilmir. Əgər həmin anda başqa çarə yoxdursa, şərait imkan vermirsə, buna məcbur qalınıbsa, o heç... Amma indiki dövrdə ət dükanı çalışdıranlar, qəssablar buna mütləq əməl etməlidirlər. Məsələ təkcə heyvanın digərin önündə kəsilməsi də deyil. Qəssab dükanının kəsim yeri ayrı olmalıdır. Göz önündə heyvan kəsilə bilməz. Küçədə heyvan kəsirlər. Həmin anı görən uşaqlara bu, pis təsir edir. Onlarda psixoloji problemlər ola bilər. Belə vəziyyətə nəzarəti hökumət orqanları etməlidir". 

Tibb elmləri doktoru, professor Adil Qeybulla: "Kəsim zamanı heyvan qorxudularsa, onun qanında bununla əlaqədar hormonal dəyişikliklər baş verə bilər. Bu zaman əzələlərdə və digər orqanlarda stress hormonların çoxalır. Qorxu ilə əlaqədar qanda baş verən hormonal dəyişikliklər istehsal olunan ətin keyfiyyət parametrlərinə neqativ təsir edə və bu da insan üçün zərərli ola bilər. Amma bundan daha çox kəsim yerlərinin gigiyenik şəraiti, heyvanların sağlamlığı önəmlidir. Baytarlıq idarəsi çox vaxt dəqiq yoxlamadan heyvana möhür vurur. Statistika göstərir ki, insanlarda bir çox xəstəliklərin səbəbi düzgün yoxlanmayan, xəstəlik daşıyan heyvanlara görədir. Bütün bunlara ciddi nəzarət edilməlidir. Ən ciddi xəstəliklər bu yolla əmələ gəlir"./musavat.com/

MediaFax