Bankla müştəri arasındakı problemə polis qarışa bilərmi?

Artıq hər an bağlanma təhlükəsi qarşısında olan banklar borclu müştərilərini məhkəməyə verirlər.
 
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, bununla bağlı onun rəhbərlik etdiyi "Antikollektor”a müraciətlər var. Onun sözlərinə görə, "NBCBank” kredit borcunu ödəməyən müştərilərlə bağlı polisə müraciət edib. Bu barədə bizimyol.info-ya danışan ekspert qeyd edib ki, digər hüquqşünaslar da bu cür hallarla rastlaşdıqlarını bildirirlər. 

Qeyd edək ki, qanunvericilyə əsasən, mülki xarakterli müqavilələr üzrə müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı yalnız mülki qaydada məhkəməyə müraciət edilməlidir. Bu halda, məhkəmə müvafiq qərar çıxarır və bu qərarın icrası məhkəmə icraçıları tərəfindən təmin olunur. Bütün hallarda, mülki xarakterli müqavilələrlə bağlı mübahisələndirmə müstəvisinə polisin heç bir aidiyyəti yoxdur. 

Əkrəm Həsənovun sözlərinə görə, bankın polis orqanına müraciətində müştərilərinin bankı aldadaraq, dələduzluq etdiyi göstərilir: "Bu tipli ittihamla müraciət edilib. Bank həmin vətəndaşın dələduzluq etməsini haradan və necə müəyyən etdi? Ümumiyyətlə, vətəndaşın banka qarşı dələduzluq etməsi mümkün deyil. Dələduzluq odur ki, mən sizi aldadıram və pulunuzu əlinizdən alıram. Bankı isə bu formada aldatmaq mümkün deyil. Bank insan deyil ki, onu kimsə aldatsın. Çünki bank kredit verərkən hər bir halda müştərinin maliyyə vəziyyətinə baxır, yoxlayır və müəyyən təminat qarşılığında kredit ayırır. Bununla bağlı isə bankla müştəri arasında mülki müqavilə bağlanır. Tərəflərin biri öhdəliyi hər hansı səbəbdən yerinə yetirə bilmədikdə, bununla bağlı yalnız mülki qaydada iddia qaldırmaq olar”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bizimyol.info saytının sorğusuna cavab olaraq bildirib ki, hələlik onlarda belə müraciətlərin olub-olmaması ilə bağlı məlumat yoxdur və araşdırdıqdan sonra dəqiq məlumat veriləcək. "NBCBank”ın hüquqşünası Araz Nurməmmədov isə açıqlamasında məlumatı təkzib edib. O bildirib ki, krediti ödəyə bilməyən müştərilərlə bağlı polisə müraciət etmə halı yoxdur. "Məlumatı yayan şəxs bunu nəyə əsasən deyir bilmirəm, amma bank müştərilərlə bağlı polisə müraciət etməyib”,- deyə bank rəsmisi bildirib.

Əkrəm Həsənov musavat.com-a məsələ ilə bağlı bildirib ki, bu halda bankların polisə müraciəti və polisin işə qarışması qanunsuzdur: "Onların buna ixtiyarları yoxdur”. Onun sözlərinə görə, artıq problemli kreditləri qayıtmayan əksər banklar bu yolla müştərilərə təzyiq edərək pullarını geri almağa çalışırlar: "”Antikollektor"a artıq bir neçə bu cür müraciət daxil olub. Digər banklar da polislə qorxutmadan istifadə edir. Bankla müştəri arasında bağlanan kredit müqaviləsi sırf mülki münasibətdir. Yəni bir şəxs digər şəxsə borcludur. Sabah onu qaytarmayanda belə, bank müştərini məhkəməyə verməlidir. Məhkəmə qərar versə ki, filankəs borcunu ödəməlidir, bundan sonra da müştəri qərəzli şəkildə ödəməzsə, demək, hansısa cinayət əməli, yaxud inzibati xəta var. 

Yəni məhkəmə qərarından sonra vətəndaş borcunu qərəzli şəkildə, pulu ola-ola ödəmirsə, bu, məsuliyyət yaradır. Amma müştərinin borcunu ödəməməyi hələ o anlama gəlmir ki, onun pulu ola-ola ödəmir. Bəlkə ümumiyyətlə müştəri heç borclu deyil? Bəlkə ümumiyyətlə müştəri hesab edir ki, bank ondan aldığından çox pul tələb edir? Borcu qaytarmamaq polisə müraciət üçün əsas deyil. Yəni polisə o adamı verirlər ki, cinayət edib. Amma hələ bu faktın özü yoxdur. Birbaşa polisə vermək və bunu kütləvi etmək qanunsuzdur. Belə xəbərlər gəlir ki, polisə verilən vətəndaşların xaricə çıxışına da qadağa qoyurlar. Qanunsuz olaraq bu yollardan istifadə edirlər. Polis vətəndaşı axtarışa verir, dərhal da ölkədən çıxışına qadağa qoyulur. Əsas məqsəd də budur. Vətəndaşlara polisdə deyirlər ki, əməlinizdə dələduzluq var. 

Dələduzluq da aldatma yolu ilə başqasının əmlakını ələ keçirməkdir. Yəni vətəndaşın banka qarşı dələduzluq etməsi ümumiyyətlə mümkün deyil. Çünki vətəndaşın yalnız o halda banka qarşı cinayət etdiyini deyə bilərik ki, bank bunu sübut etsin. Bank sübut etməlidir ki, vətəndaş banka saxta sənədlər verib. Bu halda da dələduzluğa görə yox, saxtakarlığa görə məsuliyyətə cəlb edilə bilər. Amma vətəndaş gəlib öz sənədlərini verib, bankın da qanunvericiliyə görə borcudur ki, onun gəlirini və sair məsələləri araşdırıb yoxlasın. Yəni vətəndaş bankı aldada bilməz, mümkün deyil. Bankın özünün aldanmaq fikri yoxdursa, vətəndaş bunu edə bilməz. Bəzən bank işçiləri özləri bəzi borcalanlarla əlbir olurlar, sənəd götürmədən kredit verirlər. 

Burada vətəndaşın yox, bankın məsuliyyəti var, sənədləri bank tələb etməlidir. Vətəndaş haradan bilsin ki, banka hansı sənədlər lazımdır? Amma bunu banklar ona görə edirlər ki, son vaxtlar "Antikollektor”un, digər hüquqşünasların bu sahədəki fəaliyyətindən narahatdırlar. Biz əhaliyə başa salmışıq ki, məhkəmələrdən qorxmasınlar. Məhkəmələrin uzanması belə bankın xeyrinə deyil, vətəndaşın xeyrinədir. Banklar başa düşürlər ki, məhkəmənin perspektivləri azalır, perspektiv yoxdur. Yəni illərlə məhkəmələrdə olacaqlar, banklara isə bu dəqiqə təcili pul lazımdır. Ona görə bu yollara əl atırlar ki, vətəndaşlara təzyiq etsinlər, qorxutsunlar. Amma polisin də bu işlərə qarışmağa ixtiyarı yoxdur. Bank sübut etsin ki, saxtakarlıq olub burada. Amma kütləvi halda saxtakarlığın olması da mümkün deyil, banklar sübut edə bilməyəcəklər". 


MediaFax