“Bank sahibləri pulların bir hissəsini oğurlayıblar, bir hissəsini də...” - Tanınmış iqtisadçı

"Banklara, ilk növbədə, zərbəni Mərkəzi Bank vurdu.”

Bunu saytımıza açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov prezident İlham Əliyevin "Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub” fikrini şərh edərkən deyib. O, prezidentin bank sektoru haqqında çıxışını dəstəklədiyini bildirib:

"Bank sisteminin başında Mərkəzi Bank dayanır. Banklar haqqında qanunda da yazılıb ki, bank sistemi Mərkəzi Bank və kommersiya banklarından ibarətdir. Mərkəzi bankın ötən il həyata keçirdiyi məzənnə siyasəti iflasa uğradı. Ötən il ərzində manatın rəsmi məzənnəsi 21 qəpik enib. Ötən il başlayanda 1 ABŞ dolları 1 manat 56 qəpik idisə, ilin sonunda bu rəqəm 1 manat 77 qəpik oldu. Bu yalnız Mərkəzi Bankın məzənnəsidir. Çünki Mərkəzi Bank satmırdı, "qara bazar”da 1 ABŞ dolları 1 manat 90 qəpiyi keçib. Bizə, ilk növbədə, zərbə "məzənnə siyasəti" adı altında Mərkəzi Bankdan gəldi. Mərkəzi Bank inflyasiyanın da qarşısını ala bilmədi.”

Əkrəm Kəsənov ötən il ərzində 11-ə yaxın kommersiya bankının bağlandığını qeyd edib: "Hələ bundan sonra bağlanası xeyli sayda banklar var. Bu da onun nəticəsidir ki, bank sahibləri və onu idarə edən şəxslərin əksəriyyəti də məsuliyyətsiz və cinayətkarcasına kredit siyasəti həyata keçiriblər. Yəni, bu kredit siyasəti nəticəsində onlar banklarda olan vəsaitlərin böyük hissəsini qanunsuz yollarla çıxarıblar. Həmin pulları kimlərəsə verib və nəticədə bankarın problemli kreditlərini artırıblar. Bir hissəsini oğurlayıblar, bir hissəsini də kredit veriblər. Nəticədə, banklar əmanətləri qaytara bilmir. 11 bank bağlanandan sonra dövlət məcbur olub sığortalanmış əmanətləri özü qaytarsın.”

Ekspert banklara olan etibarın azaldığını hesab edir: "Faktiki olaraq bank sistemi çökdüyü üçün iqtisadiyyatımızda maliyyə yoxdur. Sahibkarlar da kreditlərini bağlayıb, kredit vəsaiti tapa bilmirlər. Bu dəqiqə maliyyə sistemi iflic vəziyyətdədir. Bunun da,əlbəttə, günahkarı bank sistemidir. Bank sisteminin əsas problemi problemli kreditlərdir.”

Əkrəm Həsənov vəziyyətdən çıxmaq üçün ilk növbədə problemli kreditlərin qaytarılması üçün xüsusi dövlət qurumunun tətbiq olunmasının vacibliyini önə çəkib: "Həmin dövlət qurumunda bir neçə məsələ həllini tapmalıdır. Birincisi, müəyyən edilməlidir ki, hansı banklarda bank sahibləri və bankları idarə edən şəxslər öz yaxın şirkətlərinə kredit adı altında pullar çıxarıb? Bunu müəyyən edəndən sonra onlardan həmin vəsaiti tələb etmək lazımdır. Əks halda onlara qarşı cinayət işi açılmalıdır.”/aznews.az/

MediaFax