Bakıda davam edən “avtobus terroru”...

Ötən gün paytaxtda üç avtobus qəzası baş verdi.
 
Nərimanov rayonu Ziya Bünyadov prospektində yüksək sürətlə hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək dayanacağa çırpıldı, bir nəfər öldü, bir nəfər isə ağır yaralandı. Digər hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alındı, 12 saylı avtobus yolu keçmək istəyən piyadanı vurdu. Gecə saatlarında isə Hövsanda piyadanın ölümü ilə nəticələnən qəza ilə bağlı xəbər yayıldı.

Elə dünən Bakı Nəqliyyat Agentliyinin açıqlamasını oxuduq. Xəbərdə deyilirdi ki, Agentlik fəaliyyətə başlayandan indiyədək avtobus qəzalarının sayı 80 faiz azalıb. Amma qurum konkret statistika, ölən və zərərçəkmişlərin sayını açıqlanmayıb.

Statistikaya nəzər salaq: Ötən il 84 avtobus qəzası baş verib, 32 nəfər ölüb, 98 nəfər yaralanıb. Təkcə bu ilin birinci rübündə avtobus sürücüləri tərəfindən 24 yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 9 nəfər ölüb, 22 nəfər yaralanıb. İyunun 17-də baş vermiş avtobus qəzasında isə 21 nəfər yaralanmişdı. Az qala hər həftə baş verən avtobus qəzalarını da statistikaya əlavə etsək il sonu dəhşətli rəqəmlərin şahidi olacağımız şübhəsizdir.

Nə qədər ki sərnişinlərin həyatı 20 qəpik dəyərində olacaq, dəhşətli qəzalar baş verəcək. Nə qədər ki Bakıətrafı kənd və qəsəbələrində köhnə, kiçiktitumlu avtobuslar işləyəcək, sərnişinlərin həyatı təhlükədə olacaq. Suraxanı rayonunda, Şuşa qaçqın şəhərciyindən metronun "Koroğlu” stansiyası istiqamətində hərəkət edən 214, metronun "Qara Qarayev” stansiyasından Zığ kəndinə gedən 44, Hövsan-Xətai istiqamətində işləyən 175 saylı və sadalamadığımız onlarla marşurutlarda çalışan avtobuslar hər gün qəza şəraiti yaradırlar. Təəssüf ki, tək avtobus sürücüləri deyil, marşrut xəttinin sahibləri də günahkardır. Məsələn, Zığ qəsəbəsinə işləyən yeganə marşrut xətti 44 saylı marşrutun sahibinin istəyi ilə ləğv edilib. Yüzlərlə qəsəbə sakini ya Hövsandan gələn marşrutlardan, ya da 44 saylı avtobuslardan istifadə etməyə məcbur edilib. Zığda yaşayanlar axşam avtobusa minmək üçün saatlarla gözləməyə məcburdurlar. Köhnə, istismar müddətini başa vurmuş 44-lər isə qapılar bağlamadan, əyilmiş vəziyyətdə sürətli yolda şütüyürlər.

Beləcə, qəzalarda yaxınlarımızı itirəcəyik, keçirdiyimiz qorxu və acı illərlə davam edəcək. Biz hələ də qırmızı işığı gözləmədən hərəkət edən 32, 46 saylı marşrutlardan gələn şikayətlərdən bəhs etmirik.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi avtobus qəzalarının qarşısının alınması üçün sürücü bazası yaratmışdı, sürücülər marşruta buraxılmadan əvvəl kurslara cəlb olunurdular. Qəza törədən sürücünün digər marşrutlarda işləməsinə də qadağa qoyulmuşdu. Amma görünən odur ki, aparılan işlər hələ də avtobus sürücülərinin insan həyatına biganəliyinin qarşısını ala bilmir.

Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayından ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə məsuliyyətin sərtləşdirilməsi ilə bağlı dəyişikliklər qüvvəyə minib. Sərnişin avtobuslarının və yük daşımalarını yerinə yetirən yük avtomobillərinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800 manatadək miqdarda cərimə edilirlər.

Bundan əlavə, icazəsi olmadan avtobus sürən şəxslər birbaşa olaraq 15 gündən 1 ayadək müddətə inzibati həbs olunur. Əvvəllər isə buna görə sürücü sadəcə 100 manat cərimə olunurdu. Avtobusu idarə etmək hüququ olan şəxs tərəfindən onu sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edən şəxs isə nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs olunur.

Dəyişikliklərdən sonra avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və ya sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsindən sonra baş vermiş qəza nəticəsində zərərçəkənə fiziki zərər və ya maddi ziyan dəydikdə avtobusun sahibi olan fərdi sahibkar 2500 manat miqdarında cərimə edilə, yaxud 1 aydan 2 ayadək müddətə inzibati həbs oluna, hüquqi şəxslər isə 15000 manat miqdarında cərimə edilə bilər.

Avtobusu idarə etmək hüququ olmayan şəxsin avtobusu idarə etməyə buraxılması, yaxud avtobus sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, buna yol vermiş fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunur. Məsuliyyətin dərəcəsi isə nəticədən asılı olaraq 3000-6000 manatadək miqdarda cərimədən başlamış 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədərdir.

Cərimələrin artması, cəzaların sərtləşdirilməsi hələ ki, bir işə yaramır, məsuliyyətə cəlb edilən sürücünün yerinə dərhal sərnişinlərlə rəftarından tutmuş peşəkarlığına qədər digərlərindən fərqlənməyən biri təyin olunur. Faciələrin qarşısını almaq üçün islahatlara ilk növbədə sahibkarlardan başlamaq lazımdır./virtualaz.org/

MediaFax