Azərbaycanlı sənətçi Türkiyədə veriliş açdı - Video

Azərbaycanlı sənətçi, yazar və bədii qiraətçi Səbuhi Zaman Türkiyə televiziyalarının birində veriliş açıb.

Bu barədə Mediafax.Az-a sənətçinin özü məlumat verib.

"Türkiyənin "Kanal G" televiziyasında "Adını sen söyle" adlı musiqili poeziya formatlı telelayihəyə start verdik. Uğurlu başlanğıc oldu. İki qardaş ölkənin mədəniyyətinin, söz və musiqi sənətinin qarşılıqlı təbliğatına, tanıdılmasına hesablanmış telelayihənin ilk bölümü artıq efirə gedib. 30 oktyabrda, 19:30-da canlı olaraq yayımlanan verilişdə, aparıcı kimi mən və partnyorum, Azərbaycandan dəvət etdiyim Aydan Haqverdiyeva idi", - deyə S.Zaman bildirib.

Məlumat üçün deyək ki, "Adını sen söyle" telelayihəsi eyni zamanda facebook sosial şəbəkəsindən də canlı olaraq yayımlanır. Azərbaycandan, həmçinin dünyanın digər ölkələrində yaşayan soydaşlarımız tərəfindən göndərilən mesajlar, istəklər, təbriklər və s. efir vasitəsilə səsləndirilir.

Facebook sosial şəbəkəsi üzərindən proqramı dinləmək istəyənlər veriliş efirə gedən zaman canlı yayımı BURADAN (facebook.com/sebuhizaman)izləyə bilərlər.
 

Qısa məlumat: Səbuhi Zaman (Bayramov) ali təhsilini Bakıda ADMİU-da aldıqdan sonra Respublikanın bir sıra mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərib. Rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzetində, Azərbaycan Dövlət Teleradio QSC-də, "Space" radioda, həmçinin bəzi xəbər saytlarında çalışıb.

İxtisasca aktyor olan Səbuhi Zaman peşəkar səhnə təcrübəsi keçmək üçün illər öncə Türkiyəyə gedib. Bir neçə il təcrübə keçdikdən sonra vətənə dönmək istədikdə, qardaş ölkədə ona sərfəli iş təklifi gəlib. Gənc sənətçi təklifi dəyərləndirib və elə o zamandan İstanbulda qalaraq kino, serial çəkimi sahəsində fəaliyyətə başlayıb. Kastinq şirkətində müdir yardımçısı vəzifəsinədək yüksəlib. Ardıcıl uğurları və aktiv fəaliyyəti sayəsində bir neçə nüfuzlu şirkətdən iş təklifi alıb. Lakin yaradıcı və sərbəst mühitə daha çox üstünlük verən sənətçi, sonda "Kanal G"də xüsusi veriliş layihəsi üzərində çalışmağa razılıq verib.
 
"Adını sen söyle" telelayihəsinin ilk verilişinin bəzi hissələrinin video görüntüləri



MediaFax