Azərbaycanda dizel qıtlığı var? - İstehsal azalıb

Ölkədə neft məhsullarının istehsalında 5 faizə yaxın azalma var.

Dövlət Statistika Komitəsi xəbər verir ki, sürtkü yağlarının istehsalı 63 faiz, dizel yanacağının istehsalı 22.8 faiz, neft koksunun istehsalı 25.2 faiz azalıb.

Rəsmi qurumlar istehsalın azalmasının səbəbini H.Əliyev adına Neft Emalı Zavodu cari təmir işlərinin uzanması ilə əlaqələndirirlər. Qarşıdakı iki ayda benzinin də idxalının həyata keçirilməsi məhz bu səbəbdəndıir.

Neft məhsullarının, xüsusilə, dizelin 22.8 faiz azalması da daxili təlabatda problemin yaradıb-yaratmayacağı sual doğurur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, benzin qıtlığında yaranmış problem dizellə bağlı yarana bilməz: "Çünki daxili bazarda dizelə qarşı təlabat elə də yüksək deyil. İstehlakın az bir hissəsi kənd təsərrüfatı sektorunda istifadə olunur. İstehsal olunan neft məhsullarının böyük hissəsi xaricə ixrac olunur”.

Qeyd edək ki, DSK-nin məlumatına görə, yanvar-iyul aylarında dizel yanacağının istehsalı 1.3 milyon ton, mazut 405 min, sütkü yağı 5.1 min ton təşkil edib.
 
Eyni zamanda ötən illərdən ehtiyat qalığının olması istehsaldakı azalmanı kompensasiya edir./gununsesi.info/

MediaFax