Azərbaycanda buraxılacaq velosipedlərin satış bazarı varmı?

İsmayıllıda velosiped zavodu fəaliyyətə başlayır. Tikintisinə 2014-cü ildə başlanan zavodda Bolqarıstanla birgə il ərzində 30 min  "Isma Bikes” istehsal edilməsi planlaşdırılır.

İlkin mərhələdə 5 çeşiddə velosiped istehsal olunan zavodda gələcəkdə  çeşidlərin artacağı gözlənilir. Zavod yerli velosipedlərin ilkin qiymətlərinı də artıq müəyyən edib. "İsma Bikes”lərin Azərbaycanda 200-400 manata satılacağı deyilir.

Fins.az-ın məlumatına görə, zavodun tikintisi və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırılıb. İlkin mərhələdə zavodda uşaq velosipedindən tutmuş, ən yüksək səviyyəli idman velosipedlərinə qədər 5 çeşiddə velosiped istehsal olacaq. Gələcəkdə velosipedlərin çeşidləri artacaq.

Zavodun istehsal texnikası isə Bolqarıstan, Çin, Türkiyə və Hollandiyadan gətirilib. Hazırda bu ölkələrdən gələn mütəxəssislər işçilərə təlim keçir. İstifadə olunacaq  detalların 50 %-i yerli istehsal olacaq. Belə ki, "İsma Bikes” üçün zəncirlər və təkərlər İsmayıllıda buraxılacaq. Qalan hissəsi isə Bolqarıstandan gətiriləcək.

Artıq velosipedlırin satış mərkəzləri də müəyyənləşib – "Isma Bikes”ı Bakıda və bölgələrdəki satış mərkəzlərindən almaq olacaq. Satış mərkəzləri ilə yanaşı velosipedlər üçün servislər də fəaliyyət göstərəcək. "İsma Bikes”lərin xarici bazara da çıxarılması  planlaşdırılır.
 
Azərbaycana əsasən Çindən velosiped gətirilir

Xarici bazar hələ qalsın, Azərbaycanda bu velosipedlərə tələbat necə olacaq? Yerli istehsal olan velosipedlər ucuz Çin velosipedləri ilə rəqabət apara bilərmi? Paytaxtda velosipedlərin satış mənzərəsini öyrənmək üçün "Sədərək” bazarına üz tutduq. Ən ucuz qiymətlərin və ən çox satışın olduğu bu velosiped bazarında qiymətlər keyfiyyətə və istehsalçı ölkəyə görə dəyişir. Bazarda ən çox satılan velosipedlər 12-16 və 20-lik velosipedlərdir. Məsələn, 20 dyümlük velosipedi 85-100 manat arasında almaq olar. Amma eyni nömrənin nisbətən daha keyfiyyətli modelləri 115-120 manata satılır. Satıcıların sözlərinə görə, bunların arasındakı fərq ehtiyat hissələrində, təkərində, diskində və pedalındadır.  

Satıcı Kərimin sözlərinə görə, 1993-cü ildən velosiped satışı ilə məşğuldur. Bu sahəni də 5 barmağı kimi bilir. :

"23 ildir velosiped satışı ilə məşğulam. İnanın ki, Azərbaycana Çindən başqa digər ölkədən velosiped gəlmir. Yalandan deyirlər ki, Türkiyənindir, Almaniyanındır. Doğrudur, Almaniyadan gətirilən velosipedlər var, amma onlar işlənmiş, ikinci əl velosipedlərdir. Həm də onlar "Sədərək”ə gəlmir, şəhərin özündə mağazalarda satılır.

24-26 dyümlük velosipedlər var ki, bunlar orta hesabla 150-160 manata satılır. Amma eyni nömrəli qiyməti 250-300 manata satılan velosipedlər də var. Bunların yeganə fərqi sürət mexanizminin olmasındadır. Bundan başqa qatlanaraq yığılan velosipedlər də digərlərinə nisbətən baha satılır.

150-300 manat

Digər bir satıcı Fəxri Əliyevin sözlərinə görə, ən çox satılan velosipedlər 12-16 və 20-likdir. Yerli istehsaldan xəbərsiz olan bu satıcı da Türkiyədən ölkəmizə velosiped gəlmədiyini təsdiqləyir:

"Mağazalarda 400-450 manata Türkiyə istehsalı kimi satılan velosipedlərin hamısı Çin malıdır. Bizə Türkiyədən velosipedlər gətirilmir. Əvvəllər "Desnaki” , "Ukrayna” və s Rusiya istehsalı olan velosipedlər olurdu. İndi Rusiya istehsalı velosipedlər də əvvəlki keyfiyyətdə deyil. Amma yenə də nisbətən keyfiyyətli elə rus malıdır. Çin velosipedləri də keyfiyyətinə görə müxtəlifdir. Amma alıcıları ən çox qiymət maraqlandırır, deyərdim ki, keyfiyyətdən qabaq qiymətə fikir verirlər”.

Bəs yerli istehsal olan "İsma Bikes”in bazara girmə və öz mövqeyini möhkəmləndirmə şansı nə qədərdir?  Yerli bazar xarici velosipedləri aradan çıxara bilərmi?

Hamı yerli mal alsın...

İqtisadçı ekspert Qalib Toğrulun bildirdiyinə görə, bir istehsal sahəsi qurulursa, onun satış bazarı mütləq nəzərə alınır. Əgər respublikada belə bir zavod tikilirsə, investisiya qoyulubsa, mütləq onunla bağlı tədqiqatlar aparılıb, həm daxili, həm də xarici  satış bazarları müəyyən olunub. İlkin olaraq bir neçə partiyanın hara satılması ilə bağlı müəyyənləşdirilib.

Ekspert hesab edir ki, istənilən halda, Azərbaycanda yeni istehsal sahələrinin yaranması təqdirəlayiqdir və əgər bu ixracla məşğul olacaqsa, yəqin ki, daha çox xarici bazar üçün nəzərdə tutulub. Bu o deməkdir ki, ölkəmizə valyuta gətirəcək. Həm də bu bizim qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımların təzahürüdür:

"Region ölkələrində velosiped o qədər də populyar deyil. Ən çox İranda velosipedlərdən istifadə olunur. Digər ölkələrdə, Türkiyə və Gürcüstanda o qədər də istifadə olunmur. Amma ola bilər ki, Orta Asiya ölkələri bazarı satış üçün nəzərdə tutulsun”.

Amma Q. Toğrul ölkəmizdə zavodun açılmasının bu nəqliyyat növünü aktuallaşdıracağını düşünmür. Çünki onun üçün müvafiq infrastruktur olmalıdır:

"Velosipedlərin hərəkəti üçün ayrıca yollar, park edilməsi üçün xüsusi yerlər olmalıdır. Bizdə yollar bunun üçün nəzərə alınmayıb. Ola bilər ki, müəyyən iqtisadi şərtlər bunu məcburən diktə eləsin. Yəni benzinin qiyməti , həyat səviyyəsinin aşağı düşməsi və s. Amma bizim mentatliteti nəzərə alsaq, ciddi adamların velosipeddən istifadə edərək işə getməsi və ya bazara getməsi bir qədər qeyri-ciddi münasibət doğurur. İnanmıram ki, velosipeddən istifadə edənlərin sayı yaxın illərdə çoxalsın”.

Xarici məhsulları sıradan çıxarmaq üçün burada əsas amillərdən biri də qiymətdir. Çindən gətirilən məhsulların qiymətləri çox aşağıdır. Ona görə də həmin məhsulları  gətirib satmaq sərf edir. Ekspert hesab edir ki, yerli məhsulların satışı üçün nəzərdə tutulan 200-400 manat aşağı həddi bir qədər yüksəkdir. Aşağı hədd bir az da aşağı edə bilərdilər. Amma bununla mütəxəssis təsdiqləyir ki, yerli istehsal ölkə müəyyən qədər tutacaq./virtualaz.org/

MediaFax