Avtobus sürücüləri ilə bağlı problem həll olunacaqmı? - Açıqlama

Paytaxt Bakıda avtobus sürücülərinin özbaşınalığı ilə bağlı hər gün yazılsa da, problem həll olunmaq bilmir.
 
Müntəzəm sərnişindaşıma ilə məşğul olan sahibkarlar da məsələni gözardı edir. Elə bu səbəbdəndir ki, sərnişin daşıyan sürücülər bəzən salonda insan yox, yük daşıdığını zənn edir. Maraqlı məqam isə bizim avtobus sürücülərimiz üçün işıqforun həmişə yaşıl işıq "yandırmasıdır”.
 
Qayda hamı üçündür
 
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova avtobus sürücülərinin təhlükəli manevlərinin heç kimə sirr olmadığını deyib:
 
"Konkret olaraq avtobus sürücüləri tərəfindən işıqforun qırmızı işığında kütləvi keçmə halları ilə rastlaşmamışam, yaxud "141”-ə kütləvi şikayətlər daxil olmayıb.
 
Təbii ki, istisna hallar ola bilər. Sürücülər plan dalınca qaçan zaman nəinki təhlükəli manevrlər edir, ümumiyyətlə onların idarəetməsi ilə bağlı çox ciddi problem yaşayırıq. Son hadisələr zamanı sürücülərin davası, eləcə də sərnişinlərlə kobud rəftarı kimi istənilən məsələ buna əyani misaldır.
 
Qeyd edim ki, yalnız təcili yardım maşınları və xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün qırmızı işıq, piyada keçidi, səki (bunun üçün əsas olduqda) anlayışları yoxdur. Müntəzəm sərnişindaşımada iştirak edən avtobuslar da digər nəqliyyat vasitələri kimi qaydalara riayət etməlidirlər”.
 
Hadisələrin əsas günahkarı avtobus sürücüləridir
 
Agentlik rəsmisi qeyd edib ki, avtobusu sürücü idarə etdiyi üçün problemin 70 faizi məhz onunla bağlıdır:
 
"Biz Bakı Nəqliyyat Agentliyi olaraq daşıyıcı şirkət qarşısında məsələ qaldırırıq.
 
Son hadisələr zamanı 60 nömrəli avtobus xətti ilə bağlı qəti qərar qəbul edildi. Bir dəfə Xətai rayonu ərazisində qəza baş verdi. Bundan əvvəl də 2 dəfə xəbərdarlıq etmişdik. Amma sonuncu hadisə xəbərdarlıq edilmədən sahibkarın marşrut xəttinin əlindən alınaraq başqa daşıyıcıya verilməsi ilə nəticələndi.
 
İdarəçilikdə işini normal bacaran sürücülərin işə cəlb olunması daşıyıcı şirkətin birbaşa borcu və məsuliyyətidir.
Biz sürücünü işdən azad edə bilmərik, biz daşıyıcı şirkət qarşısında məsələni qaldıra bilərik. Çünki sürücü bizim içimiz deyil”.
 
"Avtobusların hamısı kart sistemində çalışacaq”
 
N.Allahyarova deyib ki, bütün avtobuslar kart sisteminə keçdikdən sonra problemlər qismən həll olunacaq:
 
"Maksimum çalışacağımız odur ki, 18 ay ərzində bütün marşrut xətlərində nağd ödəniş ləğv olunsun. Bundan sonra ötmə, plana işləmə "əməliyyatları” bitdikdən sonra təhlükəli idarəçiliyin də qismən azalması müşahidə olunacaq.
 
Digər addım, sürücü təlim mərkəzləridir. Təəssüflər olsun ki, indiyədək Azərbaycanda mövcud əmək bazarının sürücülərindən istifadə olunur. Peşəkar sürücü bazamız yoxdur. Bundan sonra MDB məkanında birinci, Avropada 4-cü böyük sürücü-təlim mərkəzində sürücülər trerninqlərə cəlb olunacaq.

Konsepsiyadan irəli gələn şərt budur ki, ilkin olaraq daha çox şikayət olunan sürücülər, daha sonra bütün sürücülər mərhələli şəkildə təlimə cəlb olunacaq”./modern.az/

MediaFax